Главная > yazarlar > Nikol Paşinyanın özünütəkzibi

Nikol Paşinyanın özünütəkzibi


18-03-2019, 10:29. Разместил: djbaz
Nikol Paşinyanın özünütəkzibi
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın özünütəkzib keyfiyyətli açıqlama və gedişləri sıralanmaqdadır. Adam bir tərəfdə dilindən çıxardığını digər tərəfdə əməlilə təkzib edir. Bu isə onun siyasi manevr imkanlarının nə qədər zəif olduğunu bir daha göstərir.

Ardıcıllıqla baxsaq görərik ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda nəsə addımlar atmağa meyllidir. Lakin verdiyi açıqlamalarla özünü dolaşdırır.

Bir müddət əvvəl N.Paşinyan bəyan etdi ki, Azərbaycan dövləti münaqişənin həlli üçün tərəf olaraq həm də Dağlıq Qarabağdakı bölücü rejimi qəbul etməlidir. Belə baxanda, Azərbaycanın danışıqları Dağlıq Qarabağ erməniləri ilə aparmasının işə yaraya biləcəyini dedi. Əsaslandırması da bu oldu ki, o, Ermənistanın baş naziridir və Dağlıq Qarabağ ermənilərinin adından danışa bilməz. Çünki Qarabağ erməniləri onun vəzifə başına gəlməsi üçün səsvermədə iştirak etməyiblər, belə hüquqları da yoxdur.

N.Paşinyanın iddiasına inansaq Dağlıq Qarabağ məsələsində Ermənistan sadəcə kənar və müşahidəçi ölkədir. Yəni onun iddia və məntiqi bunu deyir.

Olsun. Biz bu deyilənlə razılaşa bilərdik. Doğrudan da Azərbaycan öz vətəndaşları olan ermənilərlə uyğun dövlət qurumlarımızın vasitəsilə müzakirə aça bilər. Yəni o vətəndaşlarımız yollarını azıblar, fitnəyə uyublar, bölücülüyə təhrik ediliblər. Fərz edək ki, indi də vəziyyətdən çıxmaq istəyirlər. Belə olan halda biz onların əlini geri itələməli deyilik. Əksinə, danışmalıyıq, anlaşmalıyıq, izah etməliyik ki, yanlış yoldadırlar və vətəndaşı olduqları Azərbaycanın rəhminə sığına bilərlər.

Lakin bunun baş verməsi üçün nə lazımdır? Təbii ki, bu məsələdə başqa bir tərəfin olmaması. Başqa tərəf deyincə də ağla Ermənistan gəlir. O Ermənistan ki, Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarımızı 30 ilə yaxındır işğal altında tutur. Yəni bu torpaqlarla bağlı hərəkətlərə görə məhz Ermənistan cavabdehdir. Daha N.Paşinyanın dediyi kimi Dağlıq Qarabağ erməniləri deyil.

Əgər doğrudan da Dağlıq Qarabağ erməniləri öz talelərinin ağasıdırsa, onda Ermənistan bu oyundan çıxmış olmalıdır. İlk addım olaraq Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarını tərk etməlidir. Ortada Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ erməniləri ilə onların öz dövləti – Azərbaycan qalmalıdır. Belə olacağı təqdirdə çox qısa müddətə anlaşma əldə etmək mümkündür.

Bəs Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə tərəf kimi qatmaq istəyən və onların adından danışmağa səlahiyyəti olmadığını deyən N.Paşinyan bu addımı atmağa hazırdırmı? Əməllərinə baxılırsa, deyil.

N.Paşinyan bir tərəfdən münaqişənin çözümünü Azərbaycanla Dağlıq Qarabağ arasında gördüyünü deyib yaxasını kənara çəkir, digər tərəfdən də özünün çağırışlarına zidd addımlar atır.

Bu adam reallıq hissini o qədər itirib ki, Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının toplantısını ölkəsindən kənarda – işğal altındakı Azərbaycan şəhəri olan Xankəndində keçirir. İndi Dağlıq Qarabağ ermənilərinin yerinə söz demə haqqının olmadığını iddia edən birisinin gəlib məhz orada bu toplantını keçirməsini hara yozaq?

Yaxud, N.Paşinyanın oğlu hərbi xidmətini Azərbaycan torpaqlarında – işğal altındakı Dağlıq Qarabağda keçirir. Onunla birgə minlərlə Ermənistan gənci də məhz bizim torpaqda hərbi xidmət keçir. Üstəlik, Ermənistan tərəfinin təxribatları nəticəsində onlardan bəziləri həyatından məhrum olur. Halbuki adi məntiqlə Ermənistanın Dağlıq Qarabağla bağlı sərəncam verə bilməyəcək baş naziri ölkəsinin günahsız gənclərini onlara dəxli olmayan torpaqlara göndərib məhv etməməlidir…

Bu adam özünü təkzib edir. Məntiqi qarışıq və dolaşıqdır. Hətta fikirləri və əməlləri o qədər ziddiyyətlidir ki, təkcə Azərbaycan deyil, beynəlxalq qurumlar belə ona sərt bir dildə nəyin nə olduğunu anlatmalı olur.

Xatırlayırsınızsa, N.Paşinyanın Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirakıyla bağlı çağırışına ATƏT-in Minsk Qrupunun həmsədrləri qəti və sərt şəkildə rədd cavabı verməli oldu. Onlar açıq mətnlə bəyan etdilər ki, danışıqlar formatı dəyişdirilə bilməz və bu günə qədər olduğu kimi masa arxasında yalnız Azərbaycanla Ermənistan oturmağa davam etməlidir.

Eyni qaydada Avropa Birliyi rəsmiləri də çıxış etdilər. Bu yaxınlarda N.Paşinyanın Avropa səfərində eyni fikri səsləndirməsi elə o qurumun yüksək rəsmiləri tərəfindən dərhal rədd edildi. Avropa Birliyinin də mövqeyi bu oldu ki, danışıqlar formatı dəyişdirilə bilməz!

N.Paşinyanın üzünə belə bəyanatların verilməsi bir daha onu göstərir ki, artıq ermənilərin dünyanı aldatmaq cəhdləri iflas mərhələsindədir. Bu vaxta kimi onlar özlərini maskalayıb yazıq görkəmdə qlobal ictimai rəyi çaşdıra bilirdilərsə, artıq o imkanları da tükənib.

N.Paşinyanın Dağlıq Qarabağı tərəf kimi danışıqlar prosesinə cəlb etmək cəhdi bir daha onun özünü və ölkəsini fakt qarşısında qoydu. Həm ATƏT-in Minsk Qrupu, həm də Avropa Birliyi formatın dəyişdirilməsinə qarşı olduqlarını bəyan etməklə Ermənistanın işğalçı və danışıqların tək tərəfi olduğunu təkrar təsdiqləmiş oldu. Siyasətdə – dövlət idarəçiliyində təcrübəsi olmayan birisi kimi N.Paşinyan belə gedişlərilə həm özünü təkzib etdi, həm də səsləndirdiyi təklifin nəticədə özünə qarşı çevriləcəyini hesablaya bilmədi. Gerisi təfərrüatdır… /ikisahil.az/
Вернуться назад