Главная > yazarlar > Mais Təmkin

Mais Təmkin


28-08-2018, 12:12. Разместил: djbaz
Mais Təmkin
Əsədullayev Mais Əsəd oğlu (Mais Təmkin) 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində anadan olmuşdur.
Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur.
1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub.
“Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür.
“İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur.
“Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub.
Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”, ,,Zərrələr" almanaxlarında, o cümlədən , Türkiyədə işıq üzü görmüş, Dünya Türk ədəbiyyatı Antologiyası , Avrasiya şairlər Antologiyası, ,,Atəş-2016" , Türk seçkin Ozan və Şairləri", ,,Turana açılan könüllər" ,, Qarabağnamə 1-2- 3-ci cild" ,,Anasız, Atasız dünya", ,,Sevmişəm sevəcəyəm" antologiyalarında və bir sıra nüfuzlu ,,Nyus.az, Analoq. az, Gündəlik informasiya agentliyi , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat, Zirvə İnformasiya Agentliyi kimi internet portallarında çap olunmuşdur.
“İlhamlı günlərin nəğməsi” kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür.
2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqənin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. 31 Mart soyqırımına həsr olunmuş ,,Əbədi xatirəyə ədəbi baxış" müsabiqəsinin qalibi olmuş və həmin müsabiqənin ,,Əsrin Ziyalıları" fəxri diplomuna layiq görülmüşdür.
2017-ci il Yanvar ayında Omedia.az saytının ,,Bir bənd şeir " müsabiqəsi layihəsində uğurlu nəticə göstərərək, müsabiqədə l- yerin qalibi adını qazanmışdır.. ,,Qızıl qələm" və ,,İlhamlı günlərin nəğməsi" kitabına görə ,,Azərbaycan Bayrağı" media mükafatının laureatıdır. Sayca beşinci olan ,,Dağlardan boylanan ömür " kitabı 2017-ci ildə ,, Elm və təhsil " nəşriyyatında işıq üzü görmüşdür.
“Azad Təfəkkür” qəzetinin əməkdaşı və “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin “Cənub ədəbiyyatı” bölməsinin əməkdaşıdır. 2016-cı ilin Oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Səninçün

Yerişin, duruşun bir şahanədi,
Gəlirəm sevgidən dilə, səninçün.
Çiçək bəhanədi, gül bəhanədi,
Nəğmələr qoşuram gülə, səninçün.

Ömrümün, günümün xoş baharında,
Gözüm eşq bağında, qoşa narında.
Bütün sonaları su kənarında,
Səsləyib yığaram gölə, səninçün.

Al, mənim könlümü, al, əsir eylə,
Etdikcə dilini bal, əsir eylə.
Eşqin kəməndinə sal, əsir eylə,
Ömürlük qoy olum kölə, səninçün.

Eşqinlə, sevginlə zirvələr aşdım,
Bulaq tək çağladım, qaynadım, daşdım.
Sənə vurulmaqda demərəm çaşdım,
,,Öl", desən, ölərəm belə, səninçün!


Nə var?

Bəzən ürəksizi ürəyi anır,
Saflıqdan sıxılıb, halına yanır.
Hamının qəlbini qəlbi tək sanır,
Mənim ürəyimi almağa nə var?

Nə olsun, hər şeyi duya bilirəm,
Kim kimdir, nəçidir, guya bilirəm.
Yenə ,,xoş" yalana uya bilirəm,
Mənim ürəyimi almağa nə var?

Çox vaxt öz evimdə qonaq kimiyəm,
Gah göləm, gah təbi bulaq kimiyəm.
,,Konfet"ə aldanmış uşaq kimiyəm,
Mənim ürəyimi almağa nə var?

Şahiddi bu yerlər, şahiddi göylər,
,,Çor" deyən insana, min yol can söylər.
Yamanlıq edənə, yaxşılıq eylər,
Mənim ürəyimi almağa nə var?


Mənim saflığımı görüb gözünlə,
Təmkini ram etdin, şirin sözünlə.
Qoparıb sinəmdən, apar özünlə,
Mənim ürəyimi almağa nə var?
Mənim ürəyimi almağa nə var?


Hardan biləydim?


Mən elə bilirdim, sənin qəlbində,
Kimsənin yeri yox, məndən savayı.
Sənin ürəyinə girəndə bildim,
Orda neçəsinin demə, var payı.


Mən elə bilirdim, elə bilirdim,
Tək məni sevirsən ancaq, həyatda.
Gördüm neçəsini saxlayırsanmış,
,,Sevən" ürəyində , sən- ehtiyyatda.

İncimə, xətrinə dəyməsin sözüm,
Çıxart ürəyindən, sən Allah, məni !
Bəlkə, bundan sonra rahatlıq tapam,
Yol vermə, sarsıda kədər, ah məni!

Sənin ürəyində yaşamaq mənə,
İnan, gülünc gəlir, inan, ar gəlir.
Orda neçəsi var, məndən savayı,
Onunçün, o ürək mənə dar gəlir.

,,Dərdindən ölürəm" mənə deyəndə,
Başında özgənin havası imiş.
Mən hardan biləydim, hardan biləydim?
Ürəyin xəyanət yuvası imiş !

Çıxart ürəyindən məni, sən Allah,
Gəl, sevgi bağçama boran gətirmə.
Gül əkə bilmədin sevda yolunda,
Barı , heç olmasa tikan bitirmə!

Вернуться назад