Главная > yazarlar > Nuray Dəniz-in Maraq otağı silsiləsindən

Nuray Dəniz-in Maraq otağı silsiləsindən


3-06-2018, 14:30. Разместил: djbaz
Ay uzunsaç, qaragöz, zəhərli kuklam mənim

Nuray Dəniz-in Maraq otağı silsiləsindən


Uzun illərdir ki, satışda olan bir çox oyuncaqların uşaqların səhhətinə zərərli olduğu haqqında mətbuatda həyəcan təbili çalınsa da, nə aidiyyatı dövlət orqanları bir tədbir görür, nə istehlakçılar onları almaqdan çəkinir, nə də öz biznes maraqları naminə bütün növ təhlükəli zir-zibili daşıyıb ölkəyə gətirən fırıldaqcı kommersantlar öz əməllərindən əl çəkir.
“Ucuz oyuncaq bizə çox baha başa gəldi”
Bu araşdırmanın hazırlanmasına səbəb olan bir hadisəni burada qeyd edərək yazıya başlamağı düşündük.
Bu sətirlərin müəllifinin yaxın qohumlarından olan Arzu adlı bir gənc xanımın uşaqlarına həmişə mümkün qədər ucuz oyuncaq almağa çalışması və heç bir halda məhsulun tərkibi, sertifikatı ilə maraqlanmaması ona və uşaqlarına baha başa gəlib.
Yaxşısı budur, öz dilindən verək:
— Metro keçidlərində oyuncaqları tökürlər ayaq altına, uşaqla keçəndə yapışır ki, bunu istəyirəm. Almasan da olmur. Keçən ay “Xalqlar Dostluğu” metrostansiyasının keçidindən 2 ucuz oyuncaq almışdım — biri 1 manatlıq kukla idi, o biri də 50 qəpiklik maşın. Elə səhərisi günü gördüm ki, uşaqların dərisi səpib, qızarıb. Getdikcə artırdı, əl vuranda elə ağlayırdılar ki…
Apardım həkimə, baxıb dedi ki, allergiya səpgisidir, yəqin oyuncaqdan keçib. Nə isə, 1 aydır ki, müalicə etdirirəm, nə qədər xərcim çıxıb, amma uşağın bədənində ləkələr qalıb hələ də. Yaxşı qurtardıq. Həkim deyir ki, bəzi Çin oyuncaqlarının tərkibində olan maddələr dəri xərçəngi yaradır. İndən sonra, oyuncaq alanda gərək fikir verəm materialına.
Ucuz və keyfiyyətsiz oyuncaqları imkansızlar alır, imkanlılar isə...
Yazını hazırlamamışdan əvvəl bəzi oyuncaq satışı məntəqələrinə baş çəkdik. “Neftçilər” metrostansiyasının keçidində oyuncaq satan yaşlı kişi ilə söhbətimiz maraqlı oldu.
- Sizə oyuncaqları hardan gətirirlər?
- Çinlə ticarət quran adamlardan alırıq.
- Bəs başqa ölkələrin oyuncaqları necə?
- Ölkədəki malın 99 faizi Çinindir. Bir az Rusiya malları var, onlar da bahalıdır, çünki keyfiyyəti yüksəkdir, həm də daha çox mürəkkəb oyunlar və konstruksiyalardır. Bəzi oyuncaqlara isə, yalandan deyirlər Turkiyə, Dubay istehsalıdır, sadəcə, üstünə marka vururlar.
Daha sonra, Bakı Dəmiryol Vağzalının ətrafındakı mağazalara baş çəkdk. Qiyməti 10 qəpikdən başlayan Çin malları ilə dolu idi hamısı. Düzdür, Rusiyadan gətirilən oyuncaqlar da satışda var, amma bunlar çox çüzi faiz təşkil edir.
Stansiyanın 1-ci platformasından şəhərə çıxışda yerləşən dükanlarda qiymətlər başqa yerlərdən azı 2 dəfə aşağıdır. Burada Rusiya istehsalı olan keyfiyyətli oyuncaqlar da var, lakin qiymətləri çinli analoqlarına nisbətən 2-3 dəfə bahadır. Satıcı dedi ki, bunlar keyfiyyətli maldır:
“Çin oyuncaqları birdəfəlikdir, amma rus malı xarab olan, sınan deyil, materialı da keyfiyyətlidir. Ona görə də, imkanı olanlar belə mal alırlar”.
Mən o qədər varlı deyiləm ki, ucuz mal alım.
Satıcının fikrincə, əslində, ucuz mal alan uduzur:
“Bax, qardaş, biri var 3 manatdan oyuncaq alasan, 3 günə xarab ola, birini də alasan, sonra birini də, 9 manat xərcin çıxacaq. Biri də var ki, 5-6 manata keyfiyyətlisini alırsan, neçə il gedir. Görürəm, bu işdən başı çıxan adama oxşayırsan, bir özün fərqlərinə bax. Almanların yaxşı sözü var, mən o qədər varlı deyiləm ki, ucuz mal alım”.
Qanunala uşaq oyuncaqlarının keyfiyyət sertifikatı olmaldır, amma...
Sovet dövründə oyuncaqlar və uşaq ləvazimatları əsasən, ölkə daxilində istehsal olunurdu. Kiçik bir qismi isə xaricdən idxal olunurdu ki, onların da tərkibi və keyfiyyəti ciddi yoxlanılırdı.
SSRİ-nin dağılması ilə əksər zavod-fabriklər kimi, Bakı Oyuncaq Fabrikinin də sıradan çıxmasından sonra bizim işbazlar Çin, BƏƏ, İran, Türkiyə və s. ölkələrin ən aşağı keyfiyyətli, bir çox hallarda isə kustar şəraitdə hazırlanmış təhlükəli məhsullarını ucuz qiymətə alaraq ölkəyə gətirməyə başladılar.
Bu biznesin ən münbit bazarlarından biri də, idxal olunan bu tip məhsulların ciddi yoxlamadan keçirilmədiyi Azərbaycandır. Düzdür, Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub. Amma təəssüf ki, bunun da faydası olmayıb, yenə köhnə hamam, köhnə tasdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-sü il tarixdə çıxardığı 343 saylı qərarına əsasən uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir. Lakin, bir neçə mağazaya baş çəkmək kifayətdir ki, setifikat söhbətinin utopiya olduğunu anlayasan.
Oyuncaq alarkən diqqətli olun.
Eksertlər: “Maya dəyərindən ucuz oyuncaqlar ciddi problemlər yaradır”
Dermatoloq Kamal Bayramovun sözlərinə görə, Çindən ixrac olunan bəzi uşaq oyuncaqları müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər:
“Xüsusilə şit rəngli oyuncaqların və paltarlı gəlinciklərin təhlükəli kimyəvi tullantılardan hazırlanması ehtimalı çoxdur. Bu səbəbdən valideynlər ehtiyatlı olmalı, keyfiyyətsiz oyuncaqları körpələri üçün almamalıdırlar”.
Mütəxəssis deyir ki, uşaq bədəni həssasdır, onun dərisi kimyəvi materiallara tez reaksiya verir. İndi oyuncaqların çoxu kimya sənayesinin tullantılarından hzırlandığına görə, tez-tez uşaqlarda dəri xəstəlikləri yaranır. Ona görə də çalışmaq lıazımdır ki, təbii materialdan olan oyuncaqlar alınsın”.
Pediatr Ülviyyə Hacıyeva Çində istehsal olunan oyuncaqların sağlamlıq üçün təhlükəli olmasından həyəcanla danışır:
“Belə oyuncaqlar dəridə səpkilər yaradır, mədə-bağırsaq funksiyasının pozulması ilə nəticələnir. Etiraf edək ki, valideynlər çox vaxt bunun mahiyyətinə varmır, uşağın səpməsinin və xəstələnməsinin səbəbini qidasında və başqa yerdə axtarırlar.
Üstəlik, həkimə müraciət etməyi də lazım bilmirlər. Müraciət edənlər isə uşağın səhhətində yaranmış problemlərdən çox həkimin yazdığı dərmanların ucuz və ya bahalı olmağından narahat olurlar. Bu da valideynlərin bu sahədə az bilik və məlumata malik olmağının nəticəsidir”.
Tərkibində psixotrop maddələr aşkarlanıb
keyfiyyətsiz oyuncaqlar zərərlidirMövcud vəziyyətlə inkişaf etmiş ölkələrdə çoxdan mübarizəyə başlanıb. Rusiya, ABŞ, Avropa Birliyi Çindən idxal olunan bir sıra oyuncaqları bazardan yığışdırıb. Bu oyuncaqlarda uşağın huşunu itirməsinə səbəb olan psixotrop maddələr aşkarlanıb. Məsələn, populyar Milad oyuncağının tərkibində qamma-hidroksitbutirat (GHB) narkotik maddəsinə asanlıqla çevrilə bilən xüsusi kimyəvi birləşmə aşkarlanıb. Bu maddələr uşaqlarda ürəkbulanma və huşitirməyə səbəb olub.
Aparılan araşdırmalar zamanı aydınlaşıb ki, Çin oyuncaqlarının istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır. Çin hökuməti bu hallara qarşı mübarizəni gücləndirib və yüzlərlə yerli fabrikə oyuncaq ixrac etməyi qadağan edib.
Problem təkcə Çin mallarında deyil. Bizim işbazlar müxtəlif ölkələrdəki kustar sexlərin zərərli materiallardan hazırladıqları məhsulları ucuzdur deyə, alıb gətirirlər. Ölkəmizdə sertifikata malik olmayan, mənşəyi naməlum oyuncaqlar kütləvi satışdadır.
Uşaqlar isə böyüklərin onları sağlam böyüdəcəyinə uşaq sadəlövhlüyü ilə inanaraq oynayırlar- valideynlərinin aldıqları zəhərli oyuncaqlar ilə...


Nuray Dəniz
Вернуться назад