» » MƏN ŞEİR YAZANDA ÖZÜM OLURAM

MƏN ŞEİR YAZANDA ÖZÜM OLURAM

MƏN ŞEİR YAZANDA ÖZÜM OLURAM Bayırda qapqara bir oktyabr gecəsi, bir aya yaxın davam edən aramsız payız yağışı, sanki yerə çatmaqda bəhsə girən damllalrın yeknəsəq səsi...Stolüstü lampa ilə işıqlandırılmış alaqaranlıq iş otağımda mən və yazı masamın üstündə isti, ətirli, məxməri çay... Şərafəddini oxuyuram və xatırlayıram... Bəzi insanlarla ilk dəfə rastlaşanda, tanış olub kəlmə kəsəndə içində qəribə bir doğmalıq hissi yaranır: sanki bu adamı yüz il bundan öncə də tanıyırsanmış kimi... Gözəl şeirləri ilə insanın iç dünyasına nüfuz etməyi ustaca bacaran istedadlı qələm adamı şair Şərafəddin İlkinlə hələ virtual tanışlıqdan bu doğmalığı yaşamışdım.Daha sonralar üz-üzə söhbətləşdikdə yanılmadığıma əmin oldum. Sanki dəcəl, qayğısız uşaqlığımız, şən, mənalı gəncliyimiz bir yerdə keçib. Səsi, sözü mənə o qədər doğma idi ki...
Şair insan deyil, sanki mələkdi,
Göylərdə özünə toy-büsat qurar.
Bütün şairlərin qəlbi kövrəkdi,
Bütün şairlərin üzündə nur var
-deyən şair sanki bu misraları sırf özü üçün deyib, ancaq təvazökarlığı bunu etiraf etməyə sədd çəkib. Şərafəddini oxuyuram və inanıram... Nə vaxtsa hardasa oxumuşdum ki 40 yaşdan sonra insanın içi üzünə vurar- yəni yaşlandıqca daxili aləmin üz cizgilərində inikas edər. Şərafəddin İlkinlə söhbət edərkən bu deyimin doğru olduğuna bir daha inandım. Ağı qarasını unutdurmuş saçlarının həya və təmkin dolu çöhrəsini boyadığı o işıq təkcə simasına deyil, həm də şeirlərinə səxavətlə nur çiləyir və çiləməkdədir.Və bunu fəxrlə vurğulayır şair:
İllər saçlarıma dən çəkən kimi,
Kİm mənə dağ çəkər sən çəkən kimi?
Nazını kim çəkər mən çəkən kimi?
- Sonra biləcəksən qədrimi mənim.
Şərafəddini oxuyuram və düşünürəm; hər şairin tutarlı və zəif misrası ola bilər və olacaqdır. Məsələ bu deyil. Məsələ şeir yazarkən lirik qəhrəmanın hiss etdiklərini onunla bərabər yaşaya bilmək səriştəsi, onun duyğularını öz daxili ,,mən"indən keçirib özününküləşdirmək bacarığı. Sonra da bütün bu prosesi oxucuya həzm etdirmək cəhdindədir ki sözü gedən şair bunun öhdəsindən çox məharətlə gəlir: ...Fitnəyə düşmənəm, yalana yadam,
Vaxtsız açmasam da vaxtsız soluram.
Mən şeir deyəndə başqa bir adam,
Şeir yazan vaxtı özüm oluram.
Şərafəddini oxuyuram və anlayıram- yazmaq şair üçün mənəvi bir ehtiyac olmalıdı.Və o şairin ki yazdıqları oxucunun, dinləyənin ruhunu ehtizaza gətirə bilmirsə boşuna zaman və zəka sərf etmiş sayılar. Bu mənada Şərafəddin İlkin gözümdə bir gülləsinin belə hədəfdən yayınmadığı mahir ovçu misalında canlanır. Bax elə bu misraları götürək: Vurulmağım əbəs deyil, Dünya eşqə qəfəs deyil, Ötəri bir həvəs deyil- Sənə olan məhəbbətim. Varmı gəlmiş- gələcək aşiqlərin içində bu fikirləri təsdiq etməyən? Dilinə gətriməsə belə ürəyindən keçirməyən? Elə bu prizmadan baxanda Şərafəddin poeziyasının ,,ürəkdən çıxan ürəyə yatar" atalar sözünü bilavasitə təqdir eləməsinin şahidi oluruq. ...Bayırda qapqara bir oktyabr gecəsi, bir aya yaxın davam edən aramsız payız yağışı, sanki yerə çatmaqda bəhsə girən damlaların yeknəsəq səsi... Düz 51 il əvvəl belə gecələrin birində bir oğlan uşağı dünyaya göz açdı. İllər sonra o öz parlaq poeziyası ilə könüllərə işıq saçdı. O bu gün haqqında danışdığımız, şeirləri ilə çay içməyə belə macal verməyən şair Şərafəddin İlkindir. ...Stolüstü lampa ilə işıqlandırılmış alaqaranlıq iş otağım, yazı masamın üstündə artıq soyumaqda olan çay...Mənsə... Şərafəddini oxuyuram və...oxuyuram...
Xatirə Xatun, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şərafəddin İlkinin şeiri

MƏN NİYƏ BU QƏDƏR SEVDİM Kİ, SƏNİ?

Yollarıma duman gəldi, çən oldu,
Qüssə, kədər ürəyimlə tən oldi,
Bütün dünya gözlərimdə sən oldu
- Mən niyə bu qədər sevdim ki, səni?

Sevə-sevə sular kimi duruldum,
Öz-özümü yandıracaq qor oldum...
Şirin-şəkər sözünəmi vuruldum?
- Mən niyə bu qədər sevdim ki, səni?

Sevinci küsdürüb, dönük eylədim,
Eşqimi qəlbimə bir yük eylədim.
Sevgimi özümdən böyük eylədim-
Mən niyə bu qədər sevdim ki, səni?

Bulud tək gah dolub, boşalacaqsan,
Soyuq bir ürəkďə yurd salacaqsan,
Bilirdim başıma dərd olacaqsan
- Mən niyə bu qədər sevdim ki, səni?
Mən niyə bu qədər sevdim ki, səni?!
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930