» » “Hoş-Hoş-Hoş” Ruhun şad olsun, Mirzə Cəlil!

“Hoş-Hoş-Hoş” Ruhun şad olsun, Mirzə Cəlil!

“Hoş-Hoş-Hoş” Ruhun şad olsun, Mirzə Cəlil!İri, az qala at boyda Həmədan eşşəyinin belində oturub arıq, sısqa, balacaboy, cübbəgöz, nəfəsini çiynindən alan bir qoca. Yalançının evinə od düşsün, bəlkə 20 ildir dostudu bu heyvan onun. Hara getsə, hardan gəlsə, “hoş-hoşu” eşidilir. Zarafatcıl, baməzə adamlar üzünə, ya arxasınca qeybətini qırırlar onun: “Əli arvadın tumanını qaldıranda da ağ eşşək yanında olur. Üstəlik utanıb qızarmadan söyləyirlər ki, o, eşşəkbazdı... Özünü tanıyandan, beyninin qan vaxtı kənddən uzaqlarda, şor kanalların, arxların görünməz yerlərində eşşəyin arxasına keçirmiş... İnanılassı deyil vallah, amma neyləyəsən... Söz var- “acı həqiqət yüz şirin yalandan yaxşıdır”. Başqa bir fikir də mövcuddur: “Sən mənə yalan de, qoy neqativ enerjidən, stressdən canım qurtarsın”.
...Budu, hələ səhərin açılmasına, Günəşin üfüqləri al qırmızı rəngə boyamasına xeyli var... Qoca öz dostunun belindədir. Torpaq yolla həftəbazarına gedir. Tərkində də başı çadralı, özü demişkən, arvadağası... Tələsirlər, elə bil arxadan qovan var onları. Qadın qucaqladığı kişinin böyür-başını çimdikləyir, dümsükləyir:
-Səhər açılır, yatma-yatma! Gecikirik... Keçən həftə də yolda xorna çəkib yatdın, yubandıq, düşdüm istiyə, başımın gici qalxdı... Canımın dərdindən yağı, şoru su qiymətinə satdım.
Qabaqda gedən kimdi? Tanıdım onu! Uzun illər şəhər qəbristanının gözətçisi olan, Qarabağla Qaradağı səhv salan Qasıməlinin atası Qüdrət kişi! O, məcbur idi həmişə eşşəyin belində otursun, çünki müharibədə sağ qıçını qoyub gəlmişdi. Əli kimi eşşəyin üstündə yatmırdı, papiros çəkirdi. Qollu-budaqlı Şahbazovlar tayfasının ağsaqqalı idi, xeyir-şər məclislərinin yuxarı başında əyləşdirirdilər onu...Şərəfli döyüş yolu keçmişdi. Pencəyinin sağ və sol tərəflərini orden və medallar bəzəyirdi... İndi şəhər qəbristanlığında Q.Şahbazovun, oğlu Qasıməlinin məzarları yanaşıdır.
*** *** ***
Necə oldu Əli kişi? Baxın, baxın, gördüm onu. Düm ağ dostunun belində yatıb. Hara gedir? Çox güman, Əbülhəsənin mağazasına... Biz kənd uşaqları arxadan eşşəyin quyruğunu dartır, ora-burasına çöp uzadırıq. Heyvan şıllaq atır və Əli oyanır yuxudan, dönüb dala baxır, bizə yağlı ana söyüşü verir. Gülüşürük, əl çalıb atılıb-düşürük...
Əl çatmaz, ün yetməz uşaqlıq dünyam canlanır göz önümdə yenə:
Hamil Cəfərovun eşşək arabası var idi. Biz mal-qara saxlayan uşaqlar-mən, Əzizov Niftula, kim, kim uzaqlara gedib, pambıq, taxıl, qarğıdalı əkinlərinin arxlarından, əl dəyməyən yol kənarlarından ot yığıb doldururduq kisələrə, yükləyirdik Hamilin arabasına, gətirirdik kəndə...
Sağ olsun Hamil!
İndi sağ olmasına sağdı, amma onu görəndə ürəyim parçalanır. Zəhrimar şəkər gün işığına həsrət qoyub onu. Hər iki gözü kordu. Şirin-şəkər nəvələr əlindən tutub gəzdirir...
...Hərdən orta məktəb yoldaşım Ağarəhimlə görüşürük. Başı balacadı, qulağı boynunun dalında. Çox nadinc idi, dərsdə danışır, ona-buna söz atırdı... Zarafatlaşır, gülüşürük və Rauf müəllimə rəhmət oxuyuruq...
...İa-ia-ia. Ağacan əminin boz eşşəyidi. Xotuğu uzaqda qalıb, onu “çağırır”... Balasını çox istəyir uzunqulaq.
...Əldən-dildən düşüb sarvan. Ölüm kabusunu lap yaxında hiss edir. Vaxt-vədədi, getməlidi. Əhli-əyaldan, qohum-qardaşdan halallıq alır. Və axırda çağırtdırır nəri:
-Çox incitmişəm səni. Sonu görünməyən qumlu səhralar, su, yem yox... Dayanmayıb, yük daşıyıbsan...Zəhmətini halal eylə mənə.
Qoca nər ağzındakı biyan otunu kövşəyə-kövşəyə dillənir:
-Zəhmətimi halal eyləyərəm, ancaq bir günahından başqa. Dağa qalxanda eşşəyin ovsarını da mənim kürəyimə bağladın. Onu sənə bağışlamaram heç vaxt...
...İbrətamiz, həyat gerçəkliklərini əks etdirən Molla Nəsrəddin lətifəsi:
Molla qış günü boz eşşəyi bağlayır tövlədə, qabağına saman tökür və hər gün yemi azaldır... Heyvan quruyur, bir dəri, bir sümük olur. Məəttəl qalır Molla:
-Ay heyvan gözüvü niyə bərəldirsən-deyərək samanı artırır. Nə xeyri, gecdi, acından ölür, eşşək.
***
Bir az uzağa gedək, bizim əzəli və əbədi düşmənimiz olan erməni hiyləgərliyini yada salaq.
Məlumdur ki, ABŞ-da demokratların totemi, simvolu uzunqulaqdı. Bir zamanlar Barak Obama hakimiyyətə demokrat kimi gələndə hər birimizin dərdi olan Qarabağ problemi ilə bilavasitə bağlı situasiya yaşandı. Qondarma qurumun hiyləgər, məkrli erməniləri Xankəndində qəribə, dünyada analoqu olmayan uzunqulaq sürənlərin yarışını keçirdilər və erməni lobbisi o qeyri-adi yarış-müsabiqəni bütün internet şəbəkələrində yaydı. Bu, ABŞ prezidentinə mesaj idi ki, bəs biz də Allahın bu qanmaz heyvanını sizin kimi çox sevirik. Təzə ildə qondarma quruma ayrılan maliyyə vəsaitini kəsmə, əksinə, bir az da artır, ay Obama qağa.
...Çox uzunçuluq elədim deyəsən, bəlkə ağlım çaşıb, başıma soyuq dəyib, hə? Ruhu şad olmuş Mirzə Cəlilin personajından əl çəkmək istəyirdim ki, könül dünyamdan bir səs eşitdim:

Əzizinəm incidi,
Mirvaridi, incidi,
Qanmaza eşşək dedim,
Eşşk məndən incidi.
Vay, vay, vay, qatırı unutdum tamam. Atla eşşəyin cütləşməsindən törəyən bu heyvancığaz lap məğmundu. Nə at kimi qaçır, nə də eşşək kimi anqırır.
İndi bu iki heyvan aran rayonlarında qırmızı kitaba düşüb... Bizim zəmanənin cavanları, ələlxüsus, uşaqlar eşşəyi, qatırı ancaq telegüzgülərdə görə bilirlər.
Əlibala Rəhimov,
publisist, “Qızıl qələm” mükafatçısı.
Bölgə müxbiri Samir Qurbanov.
Djb.az
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930