» » Uğurlar Cəfər Namiq Kamal!

Uğurlar Cəfər Namiq Kamal!

Uğurlar Cəfər Namiq Kamal!
Hər bir aktyorun yaradıcılığında onun potensial gücünü, istedadını aşkara çıxaracaq bir rol olursa və bu obrazla tanınırsa demək ki, öz yaradıcığına möhür vurmuş olur. Cəfər Namiq Kamal məhz “Qız atası” televiziya tamaşasında milyonların könündə taxt qurdu. Və mən deyərdim ki, bu obrazla o, özünü bir aktyor kimi təsdiq etdi. Əgər onun sonrakı obrazlarına ardıcıllıqla diqqət etsək, bu istedadın ildən-ilə təkamülləşməsinin şahidi olarıq. Onun obrazları ilk baxışdan sadə və səmimi görünə bilər, amma tədricən rəssam ustalığı ilə ən incə ştrixlərlə aktyor tamaşaçını ələ alır və onun mənəvi dühasını alt-üst edir.
Əhmədov Cəfər Namiq Kamal oğlu 1950-ci il 16 avqust tarixində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb.
Rəcəb ("Şirinbala bal yığır" S.Qədirzadə), Elçi ("Bir parça Vətən" F.Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ.Coşqun), Aparıcı ("Şəhidlər" B.Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R.Əfəndiyev) və s. C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X.Qoca), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu).
Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb.
Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Mən zəngin yaradıcılığa malik olan bu aktyorun “Qatarın altına atılan qadın” tamaşasındaki obrazını vurğulamaq istəyirəm. Tamaşada ilk baxışda aktyorun ilk obrazı sadəlövh görünə bilər, amma tədricən tamaşanın kuliminasiya nöqtəsinə yaxınlaşdıqca obrazın mahiyyətini dərk edirsən. Məncə bu tamaşa aktyorun yaradıcılığında xüsusi yer tutur.
Bir də insan kimi tanıyaq onu. Ən əvvəl səmimiliyi, sadəliyi qəlbə həmin an xitab edir. Sonra da, düşündükcə anlayırsan ki, bu sadəliyin arxasında böyük ürək dayanıb. O ürək ki, döyüntülərini səhnədən milyonlar eşidir və alqışlayır...
P.S GTT-da Mübariz Həmidovun (teatrın direktoru) otağında təsadüfən qarşılaşırıq... Həmişəki kimi səmimi və sadə... Teatrdan söhbət açırıq... Aktyor nə istəyər? –deyir, maraqlı, rəngarəng obrazlar... Cavab məni qane edir. Bir aktyorun bundan böyük arzusu nə olsun ki... Uğurlar Cəfər Namiq Kamal!
Təranə Feyzullayeva
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031