» » Unudulmaz görüşlər!

Unudulmaz görüşlər!

Unudulmaz görüşlər!
Təbiətin nazlı-qəmzəli, gül fəsli, çiçək fəsli bahardır. Xoş, ətir saçan hava var. Göylər qızı, hamımızın dostu Günəş şəfəq saçır, qışın şaxtasını, soyuğunu canımızdan çıxarır.
Ataları dostum Samir iş dalınca getdiyindən mən onun baxçaya gedən iki övladı ilə şəhərimizin mərkəzindəki istirahət parkında gəzintidəyəm. Cahangirlə Gülüsümün əlindən tutmuşam. Xoş hava udur, söhbətləşirik. Sonra bu fidan balalar ora-bura qaçır, telbə-telbə, qaçdı-tutdu oynayırlar... Dostlardan biri- Niftulla Əzizov yarızarafat, yarıgerçək sataşır mənə:
-Nədi, nəvələrlə oynamağa, əylənməyə yer tapmırsan?
-Qoy gəzsinlər...evdə, həyət-bacada oynadıqları bəsdi, istirahət parkı elə uşaqların gəzmək, əylənmək, oynamaq yeridir də...
Uşaqlardan soruşuram:
-Bu gün nə yemişsiniz baxçada?
İkisi bir ağızdan cavab verir:
-Səhər südlü aş, günorta boz-baş!
Qaçırlar, atılıb-düşürlər. Uzununa tullanmaqda, məftildən tutub divara, palıd ağacına dırmaşmaqda, canı yanmış Gülüsüm üstələyir özündən bir yaş böyük qardaşını.
Süpürləşirlər, qız quş kimi oğlanı götürüb qoyur ayağının altına. Cahangir məni köməyə səsləyir:
Baba, qoyma öldürdü məni!
Neyləyim, qaçıb tuta bilərəm Gülüsümü?..
İç dünyamdan müdriklərin birinin səsini eşidirəm: “hər gün qız bir arpa, oğlan isə bir buğda boyda böyüyür.”
Bax, görürsüz, hiss edirsiz ki, Gülüsüm hər gün bir arpa boyda böyüyə-böyüyə qardaşını necə üstələyib? Yazıq uşaq qalıb bacının ona olan sevgisinin, məhəbbətinin ümidinə. Görəsən uşaq ailədə yaxşı tərbiyə alır, yoxsa baxçada? Hansı sərfəlidir gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində?
Heç də qəribə olmayan bir əhvalat düşür yadıma. Cavan bir qadın gəlir böyük pedoqoq Makarenkonun yanına. Onların dialoqu:
-Əmican istəyirəm sizdən soruşam:
-Uşağın tərbiyəsinə nə vaxt başlayım?
-Qızım, övladınızın neçə yaşı var?
-İki.
-Hə, söz belədi, inciməyin, siz iki il gecikmisiniz.
-Balamın tərbiyəsini evdə aparaq, yoxsa baxçada?
-Hökmən baxçada! Bilirsən niyə? Evdə ata-ananın istəkli övladı lovğa, təkəbbürlü olur. Qonşunun pəncərəsini sındırır, küçə ilə gedib-gələnə söyüş verir, daş atır... Bəs niyə baxçaya getməsin sənin balan? O, burada dil öyrənir, hesabda dörd əməliyyatı mənimsəyir... Biz ev tikəndə istəyirik onun özülü, bünövrəsi möhkəm olsun. Baxça dövlət müəssisəsidir. Orda tərbiyəçi proqram əsasında işləyir. Çalışır ki, uşaqlar orta məktəb üçün hazırlıqlı, bilikli, tərbiyəli şagirdlər olsunlar. Tərbiyəçi uşaqlara yaşadığı məkanı sevmək, yeri gəlsə, Vətəni göz bəbəyi kimi qorumaq dərsi də keçir.
...Görəsən baxçada Gülüsümlə, Cahangirə şeir əzbərlətdiriblərmi? Dayanmışıq H.Əliyevin monumental heykəlinin önündə. Yenə birinci qız başlayır:
Gəl-gəl a yaz günləri,
İlin əziz günləri!..
Cahangir də S.Vurğunun “Azərbaycan” şeirini uca səslə deyir. Yadıma düşür. Bir zamanlar bu şeiri Ulu öndər pafosla söyləyirdi:
El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən!..
Günəş qüruba çəkilir və mən evə tələsirəm. Yol boyu düşüncələr aləmindəyəm. İndi XXI əsrdə dünyaya gələn nəsil-uşaqlar, Gənclər Tanrının bizə bəxş etdiyi qüdrətli zəka sahibi H.Əliyevi yaxından görən, onunla təmasda olanları yəqin ki, axtaracaqlar. Onlardan biri elə mən. Yaddaş cədvəlimi vərəqləyirəm. Heydər Əliyevi haçan və harada görmüşəm?
Birinci görüş. Bakıda ikinci dəfə ali təhsil alıram. Zaqafqaziya ali Partiya Məktəbində oxuyuram. O təhsil ocağı indi “Prezident yanında Dövlət İdarəçiiyi akademiyası” adlanır...
Hələ səhər açılmayıb, biz tələbələr isə dərsə tələsirik. Yataqxanadan çıxıb çox da uzaqda olmayan məktəbə doğru gəlirik. N.Nərimanovun heykəlinin yanından daş pilləkənlərlə aşağı düşəndə vəziyyət, necə deyərlər, rusca olur. Yeriyə bilmirik. Qış çox sərt gəlib. Gecəni səhərə kimi qar yağıb. Kiçik çillə özünü göstərir. Soyuq hava, şaxta, hələ üstəlik qar dayanmaq bilmir. Yoldaşlarımızdan biri süyrüşüb yıxılır. Bir təhər onu ayağa durğuzur və sağ tərəfə yollanırıq. Hə, bura yaxşıdır. Daş pilləkən nə gəzir. Əl-ələ tutub, üzü aşağı tələsirik. Qabaqda indiki Nazirlər Kabinetinin binasıdır. Orda əvvəllər Azərbaycan KP MK yerləşirdi.
Öndə kimi görsək yaxşıdır? MK-nın birinci katibi H.Əliyevi! Hündür boylu, enli kürək, başaçıq bu şəxs bizi qarşılayır. Qonşu respublikalardan gələn yoldaşlarımız heyrətlənir. Astaca soruşurlar bizdən: O, kimdir? Cavab veririk:Heydər Əliyev!
Birbəbir hamımızla əl verib salamlaşır və sol tərəfi göstərir:
-tələsin, tələsin, 8-ə az qalıb. Dərsə gecikmək olmaz-deyir-iş ondadı ki, siz sinfə girəsiniz, müəllimləriniz yubana...
Sonralar qonşu respublikalardan gələn yoldaşlarımız bizlərdə böyük yox ey, hətta kiçik dövlət məmurları belə saat 10-dan tez işə gəlməzlər. Siz xoşbəxtsiniz vallah. Birinci şəxs nəinki 10-da, 8-dən də tez işdədir. Görünür tükənməz enerjili, geniş erudisiyalı, yüksək əmək qabiliyyətli, intizamlı bir insandır o.
İkinci görüş. 1973-cü ildə təhsil aldığım məktəbin əlli illik yubiley ilidir. H.Əliyev başda olmaqla MK-nın bütün büro üzvləri yubiley tədbirindədir. Çıxışlar bir-birini əvəzləyir, müəllimlərə fəxri adlar verilən iclasın sonunda H.Əliyev hamımızla təkbətək görüşür. Neçə nəfərik ki? Cəmi 75 tələbə! Növbə mənə çatır. O, əllərimdən tutur və gülə-gülə soruşur
-Hə, cavan oğlan mənim sualıma düzgün cavab ver: bu gün kimi böyük diplomat hesab edirsən?
Gecikmədən, tərəddüd etmədən deyirəm
-Andrey Andreyeviç Qromukonu və Sizi!
Son sözüm onu təəccübləndirir, düz gözümün içinə baxır.
-Nə dedin, nə dedin?
Sözümdə israrlıyam:
- Qromukonu və Sizi!
Hər iki əlimdən bərk-bərk tutub. Fikrindən nə keçirsə, çöhrəsində xoş təbəssüm görünür
-Uğurlar arzulayıram sənə-deyir.
Üçüncü görüş. H.Əliyev Sov.İKPMK-nın kənd təsərrüfatı üzrə katibi A.Mühiddinovla bizim rayonun Xırmandalı kəndinə Telman adına kolxoza gəlib. Qarşılanma mərasimində hamı ilə əl verib görüşürlər. aşıq Əlifağa Sayılov saz çalıb “Naxçıvandadır” mahnısını oxuyur. H.Əliyev onun sazını alıb baxır, soruşur:
-Bu mahnının sözlərini kim yazıb?
A.ıq qürurla, bir az da təkəbbürlə cavab verir:
-Mən özüm!
Kənd mədəniyyət evində iclas başlanır. A.Mühiddinovun SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülür. Çıxışlar rus dilində olduğundan mən də 3-4 dəqiqəlik rusca qırıldadıram.
H.Əliyevin iclasdakı dərin məzmunlu nitqini hələ də xatırlayıram. O, dedi:
-Azərbaycan ölkəyə bir milyon ton üzüm, bir milyon ton pambıq, nə qədər taxıl, çay, barama, tütün məhsulları verib. Amma Moskva Ermənistana dotasiya ayırır. Güya orda əhali yoxsulluq həddində yaşayır. Belə ögey-doğmalıq olar?
Deyilənlərə inansaq özü müsəlman olmasına baxmayaraq, A.Mühiddinov Moskvaya qayıdandan sonra H.Əliyevin arxasınca yersiz söhbətlər danışırmış.
Dördüncü görüş.Bizim rayonda, necə deyərlər, iki hakimiyyətlilikdir. Yolun bu üzündə raykom, o üzündə Rayon İcraiyyə Komitəsi. Birinci katib dəmir Nəbiyev əslən gədəbəylidir. Bura gələnə kimi pambıq bitkisi haqqında onun təsəvvürü belə olmamışdır. Nitqi də hətərən-pətərəndi. Büro iclaslarında tutarlı, sanballı çıxış eləmək qabiliyyəti yoxdur. Bir fikri özündən xəbərsiz tez-tez təkrarlayır və iclasa gələnlər onun sözünü ironiya ilə qarşılayır.
Bir dəfə “Oktyabr” kolxozunun briqadiri hiyləgər Xudam Hüseynov onu ələ salır.
D.Nəbiyev soruşur:
-Niyə planı kəsirdə qoyubsan?
Xudam belə cavab verir:
-Yoldaş Nəbiyev 4 dəfə becərmə apardıq. Kultivasiya, ketmənləmə, ucvurma öz yerində. Ancaq toxum erkək çıxmışdı, kollar qoza gətirmədi.
Həmin gün D.Nəbiyev toxum laboratoriyasının müdiri Q.Hüseynovu çağırır və onu möhkəmcə danlayır.
Bu söz-söhbət rayonda rezonans yaratdı. İxtisasca aqronom olan, geniş erudisiyalı RİK-nin sədri Cahan İbrahimov demək olar, rayonun sahibi idi. İclaslarda aktiv onun nitqini həyəcanla dinləyirdi. Heç kim onun bir sözünü iki edə bilməzdi.
Demə belə vəziyyəti Azərbaycan KP MK-da bilirmişlər. Budur, H.Əliyev şəxsən özü rayona gəlib... RİK-nin binası qarşısında izdiham var. H.Əliyev təsərrüfat işləri haqqında tapşırıqlarını verdi və axırda D.Nəbiyevin yaxasından yapışaraq dedi:
-Eşidin, bilin, biz Puşkin (Biləsuvar) rayonunu bu şəxsə tapşırmışıq. Onun sözü hamı üçün qanundu!
Beşinci görüş.1975-ci ilin avqust ayı. Sayılı günlər qalıb, sabah-birisi gün pambıq yığımına başlanacaq. Sabirabad rayonunda yeni inşa edilən mədəniyyət sarayında müşavirədi. Yuxarıda rəhbərlər-H.Əliyev başda olmaqla Azərbaycan KP MK-nın büro üzvləri, zalda biz-pambıqçılıq rayonlarının fəalları. Mən o zaman “Azərbaycan” kolxoz partiya komitəsinin katibi işləyirdim.
...H.Əliyev yoldaş ayağa qalxır, ümumi qayda üzrə demokratiyanı təmin etmək məqsədilə zala səslənir:
-Bəlkə sözü olan var?
Orta sıralardan birisi yerindən durur və başlayır danışmağa:
-Mən Suren Adamyanam. Jdanov (indiki Beyləqan) rayonundakı Stepan Şaumyan adına kolxozun sədri. Biz 800 hektar pambıq əkmişik. 5 dəfə kultivasiya, becərmə, 4 dəfə suvarma aparmışıq. Bol pambığımız var, maşınlar, yığıma hazırdır.
Sonra nələr, nələr haqqında qırıldadır və axırda əlini döşünə qoyub deyir:
-Sizin gəlişiniz bizi şərəfləndirib. Kak mujik, söz verirəm planı 130 faiz yerinə yetirəcəyik. İndi burda kimi desəz, çağırıram yarışa. Kimdi mənim döşümə çıxan?
Arxaya boylanıram. Orta yaşlı, tosqun, dazbaş, küftəburun bir kişidi. Lovğa-lovğa sağa-sola baxır. Sanki meydan oxuyur hamıya.
Rəhbər çox güman gözləmirdi S.Adamyanın çıxışını. Ona görə deyəsən sinirlənmişdi bir balaca. O, ermənilərin xislətini, məkrini, hiyləgərliyini burdakıların hamısından yaxşı bildiyi üçün zala səsləndi:
-Görürsüz erməni Sureni? Kim çıxar onun qabağına? Kim? Kim? Kim?
Sükut... Təkcə kondisionerlərin uğulusu eşidilir. Adamyan da lovğa-lovğa duruşu ilə, bic-bic baxışı ilə zalı süzür, elə bil burdakı kolxoz sədrlərinə demək istəyir: hamınız qorxaqsız, cürətsizsiniz...
Və anidən sanki göy gurlayır, şimşək çaxır bizim sıralarda. Məndən o tərəfdə əyləşən Qızqayıt xanım ayağa durar-durmaz yumruğunu havaya qaldırıb qışqırır:
-Mən! Mən! O erməni Surendi-murendi, nə zibildi, bilmirəm, onun arxasın yerə vurmasam, atam Salmanın qızı döyüləm.! Suren 130 dedi, mən 150 faizə söz verirəm.
Sonra o, özünü təqdim eləyir:
-Puşkin rayonundakı “Telman” adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı, Ali sovetin deputatı... Yəqin, məni tanıdınız yoldaş Əliyev!
-Hə, hə, səni yaxşı tanıyıram, Qızqayıt xanım. Sən mənin kişi qeyrətli bacımsan, bacım! Əhsən! Əhsən!
Bərkdən əl çalır rəhbər... Zal da ayaq üstədi. Hamı Q.Həsənovanın, onun S.Adamyana odlu-alovlu, mərdi-mərdanə, vaxtında və kəskin cavabını alqışlayır..
Arxaya boylanıram. O döşə döyməkdən əsər-əlamət yoxdu. Büzüşüb yumağa dönüb küftə burnu qıp-qırmızıdı. Elə bil lovğa hərəkətinə görə xəcalət çəkir... Yatıb yuxusuna da gətirməzdi ki, Muğanın qəhrəman qızı Qızqayıt Həsənova, biədəb olmasın, onun eşşək başını itin arxasına soxacaq...
Müşavirə başa çatır. Bakıdan gələn qonaqlar mədəniyyət sarayının qapısından həyətə çıxarkən, rəhbər əl eləyib yanına çağırır Q.Həsənovanı, görüşürlər. O, Qızqayıtın alnından, xanım da onun yanağından öpür. Bir-birlərinə nə dediklərini eşidə bilmirəm, bir az uzaqdayam.
...Dörd il bundan öncə Ulu Öndərin kişi qeyrətli bacısı haqq dünyasına qovuşdu. Allah onu qəni-qəni rəhmət eləsin...!
Altıncı görüş. Dahi rəhbər Bakıdan gəlib, Biləsuvarda dayanacaq, ordan da qaçıqın və məcburi köçkünlərin çadır şəhərciyinə yollanacaq. Qabaqcadan hazırlanan proqrama uyğun olaraq, mən öz vəzifəmi icra edirəm. Onun ayaqları altında böyük bir qoçu qurban kəsdirirəm. O, mənimlə əl verib görüşür, deyir:
-Qurban ətini yoxsullara çatdır ha!
-Baş üstə!
Elə də eləyirəm, əti kağız torbalara yığıb, kasıblara, miskinlərə aparıb verirəm...
Nəzərdə tutulub ki, ağsaqqallar-Hacı Mirxas ağa və Məhərrəm Məmmədov onu qarşılayacaq və “Biləsuvara xoş gəlmişsiniz” deyəcəklər. Nə baş versə yaxşıdı? Müharibə iştirakçısı, raykomun büro üzvü Nobat xanım ağayeva qaçır qabağa və H.Əliyevi qucaqlayıb üzündən dönə-dönə öpür...
Proqrama görə H. Əliyev yeni inşa edilən məscidin açılış lentini kəsməlidir.
Böyük izdiham var. Təkcə şəhərdən yox, kəndlərdən yüzlərlə insan gəlib bura. Biləsuvar, qonşu İmişli, Cəlilabad, hətta Daxili İşlər Naziri Ramil Usubovun Bakıdan gətirdiyi polis işçiləri də adamları kənara çəkib, H.Əliyevin məscidə yaxınlaşmasına imkan yarada bilmirlər. Və anidən nə baş versə, yaxşıdı? Rəhbərin mühafizəçilər dəstəsinin rəisi, pəhləvan cüssəli, boyu bəlkə də iki metr olan Alik irəli cumdu, adamları başı üstə götürüb, uzaqlara tulladı. Canının qorxusundan hərə bir yana qaçdı. H. Əliyev qırmızı lenti kəsdi və məscidə daxil oldu. Bütün otaqları gəzdi. Üçrəngli bayrağımızı görəndə çöhrəsində təbəssüm cilvələndi. O, bayrağı öpdü...
Sən demə, çadır şəhərciyində yolunu gözləyirmişlər onun. Alovlu nitq söylədi:
-Bilirəm-dedi-öz ata-baba yurdlarından didərgin düşmək, çadır həyatı yaşamaq böyük faciədir. Dözün ağrı-əzablara və inanın ki, siz tezliklə öz vətəninizə qayıdacaqsınız. Minsk qrupu da ikiüzlülük, riyakarlıq eləyir... Biz gec-tez müharibə yolu ilə də olsa belə doğma Qarabağı, onun ətrafındakı 7 rayonu azğın, məkrli düşməndən geri alacağıq.
Yeddinci görüş.Səhv etmirəmsə 1999-cu ilin Novruz Bayramının ölkədə əsl el şənliyi keçirildiyi vaxt idi. İndi Cəbrayıl rayonu qaçqınlarının yaşadığı beş şəhərcik salınmışdı. O ərazi Biləsuvarda olduğundan rəhbər gəldi bu yerlərə və bizim rayon mərkəzində maşından düşüb, əllərini havaya qaldırıb, hamıya salam verdi, müstəqil ölkəmizin iqtisadi və sosial həyatında daha fəal iştirak etməyi arzuladı. Biz şəhərcikdə iki gəncin toy mərasimini təşkil eləmişdik. H.Əliyev həm oğlana, həm də qıza xeyir-dua verdi, onların barmağına üzük taxdı... Özünü gümrah, şən aparmaq istəsə də hiss edilirdi ki, ürəyi sözünə baxmır. Ucadan, hərarətlə danışmaq istəyirdi, amma necə deyərlər, nəfəsi çatmırdı.
...Televiziya verilişinə həyəcansız baxa bilmirəm. Azı 5 əsri qabaqlayan, müasir Azərbaycan dövlətinin böyük memarı, Ulu öndərimiz H.Əliyevin mayın 10-da doğum gününün 94 –cü ildönümüdür. Təkcə Bakı əhli yox, Azərbaycanın bütün hüdudlarında, hətta xaricdəki azərbaycanlılar bu əlamətdar tarixi hədsiz sevgiylə qarşılayır, qeyd edirlər. Bu, Ulu öndərimizə olan ümumxalq sevgisinin təzahürü deyilmi, əziz oxucu!..
Ruhun şad, yeni yaşın mübarək olsun deyirik, əbədiyaşar lider!
Əlibala Rəhimov,publisist, “Qızıl qələm” mükafatı laureatı
Djb.az Samir Qurbanov
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930