» » ŞAİRƏ XURAMAN CAMALQIZI

ŞAİRƏ XURAMAN CAMALQIZI

ŞAİRƏ XURAMAN CAMALQIZI
Ya Rəbb , ürəyimi şeir yandırır

Əbədi dünyamı gör necə sarır,
Yaddaşın özündə izini salır,
Hələ deyilməmiş çox sözüm qalır,
Ya Rəbb , ürəyimi şeir yandırır.

Vuruldum misranın duyğu selinə,
Bağlandım şeirin incə dilinə,
Közündə alışdım , döndüm külünə,
Ya Rəbb , ürəyimi şeir yandırır.

Kökləndim sarı sim dillənən yerə,
Düşüncəyə dalıb, lillənən yerə,
Sinəm alov tutub, küllənən yerə,
Ya rəbb, ürəyimi şeir yandırır.

Mənə qanad verən Şah misralardı,
Kövrələn gah mənəm,gah misralardı,
Ruhumdan ayrılan ah misralardı,
Ya Rəbb , ürəyimi şeir yandırır.

Qəmli misralarda səsim duyulur,
Bağrımın başı da sözlə oyulur,
Alışan ürəyim yüz qat soyulur,
Ya rəbb, ürəyimi şeir yandırır.

Könlümə od vuram, varağa düşəm,
Gözəllik eşqiylə sorağa düşəm,
Yanğını söndürən bulağa düşəm,
Ya Rəbb, ürəyimi şeir yandırır.

Şeirdən don geyəm, rəngi allana,
Dodağımdan süzə sözlər ballana,
Yana bağrım başı , oda qalana ...
Ya Rəbb, ürəyimi şeir yandırır.


Sevdiyim çiçəklər dağlarda qaldı

Sevdiyim çiçəklər dağlarda qaldı,
Şehli bənövşəni biçib , gətir sən.
Xəyalım uzandı çox uzaqlara,
Məni keçmişlərə geri götür sən.

Gəl otur qarşımda dağlardan danış,
Saralıb- sovrulan bağlardan danış,
Ölənlərə rəhmət , sağlardan danış,
Məni keçmişlərə geri götür sən.

Xatirən sızlasın sınıq qəlbimdə,
Danışsın, ağlasın yanıq qəlbimdə,
Bir insaf yaransın soyuq qəlbində,
Məni keçmişlərə geri götür sən.

Yenə çıxacağam dağların üstə,
Dolanıb gələcəm bağların üstə
Bənövşə ətirli bulağın üstə,
Məni keçmişlərə geri götür sən.

Xuraman, varlığın keçmişə bağlı,
Yaralı ürəyim əbədi dağlı,
Küsmərəm əzizim , qolları bağlı,
Məni keçmişlərə geri götür sən.


Bu Şeir Yazmaq Deyil
Bu şeir yazmaq deyil,
Bu ... eşqə tutulmaqdı !
Şəlaləyə qoşulub,
Qayadan atılmaqdı !
Bu şeir yazmaq deyil,
Duyğuların özüdü.
Əlimdə zəri qalan,
Kəpənəyin izidi.
Bu şeir yazmaq deyil,
Sevə - sevə ölməkdi.
Səssiz axan göz yaşın...
Əllərinlə silməkdi.
Bu şeir yazmaq deyil,
Qorxuları sevməkdi.
Həyacana sarılıb,
Ağlayaraq gülməkdi.
Bu şeir yazmaq deyil,
Göylərə tutunmaqdı,
Eşqlə gələn misradan...
Bir az da utanmaqdı.
Bu şeir yazmaq deyil,
Bu , şeir yazmaq deyil...
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031