» » 2017-ci il "İslam Həmrəyliyi ili"dir İSLAM (Esse)

2017-ci il "İslam Həmrəyliyi ili"dir İSLAM (Esse)

2017-ci il "İslam Həmrəyliyi ili"dir                                                                                                                            İSLAM (Esse)
Nə çalanam, nə oxuyan. Ritmi də tuta bilmirəm. Amma inanın mənə, istər lirik mahnılar olsun, istərsə estrada musiqisi, klassik bəstəkarların əsərlərini sevirəm. O sənət möcüzələri qəlbimi həmişə riqqətə gətirir. Özümdən xəbərsiz çox zaman o sənət incilərini zümzümə etməyi xoşlayıram. Kədərdən don geyəndə, stress keçirəndə duyğularım dilə gəlir və beləcə xoş ovqat yaranır məndə.
Dahi bəstəkar Soltan Hacıbəyovun kim sevmir ki... Budur, sıra ilə, aramla, gedəcəkləri məkanı ancaq sarvan bilən yoldadır. Zınqırovlar səslənir, dəvələr ara-sıra bozduyur...Zövq oxşayan ritm var bu “Karvan”da...Eşidirəm, qulağıma səs gəlir:
-Getmə, dayan ey karvan,
Ol sərvi-xumarımdı gedən...
Belə nəql edirlər ki, Türkmənistan Bəstəkarlar İttifaqının katibi olarkən S.Hacıbəyov dəfələrlə ərəb ölkələrinə səyahət etmiş, dəvəyə minərək, karvanbaşı ilə yol yoldaşlığı eləmişdir. Və beləcə “Karvan” suitası araya-ərsəyə gəlmişdir.
Bir zamanlar Bakıda H.Cavidin “Şeyx Sənan” əsərinə baxmışam. Orda musiqi parçalarını dahi Fikrət Əmirov yazmışdır. Unikal, tamaşaçını sehrli aləmə aparan, həzin, kövrək musiqi var. “Kor ərəbin mahnısı”nı bu gün hamının unutduğu, həm zildə, həm bəmdə şirin, oynaq səsli xanəndə (müğənni yox ha) Məmmədəli Əliyev ifa edir:
-Nə nur olaydı, nə zülmət,
Nə böylə xilqət olaydı.
Sözü söz gətirər. Bu gün Şabran (keçmiş Dəvəçi) rayonunda, bizim İmişli ilə sərhədlərimizdəki tərəkəmələr dəvə saxlayırlar. Onlar Biləsuvarın həftəbazarına tez-tez ağartı məhsulları, kərə yağı, motal pendiri, şoru gətirib satırlar. Ötən il rayonumuzun ərazisində məskunlaşan Cəbrayıl qaçqınları iki dəfə dəvə kəsib magestral yolla gedib-gələnlərə pulsuz-parasız qurban payı vermişlər.
Mən bu gün dəvə görəndə ruhum qanadlanır. “Karvan” suitası, “Kor ərəbin mahnısı” yadıma düşür. Başlayıram zümzüməyə.
İndi qoy dəvələr haqqında bilgilərimi dilə gətirim:
Onun yunu dünya bazarında baha qiymətə satılır. Dərisi gec xarab olur. İki mədəsi var-arxada və öndə. Uzun yol gedərkən, daldakı mədədən irəliyə həzm etdiyi yemi, suyu ötürür.
Əti və südü bir neçə dərdin dərmanıdır. Namusludu: dişi dəvə bir erkəkdən bəhr götürər, ölər, amma başqa erkəyi yaxın qoymaz.
Balasını- köşəyi çox sevir, köşək ölsə, üç ay onun yanından uzaqlaşmır, göz yaşı tökür, bozduyur. Kinlidir. Yaşı 90-ı ötən bir varlı şəxs hiss edir ki, qabaqda ölüm gözləyir onu, qohumlardan, qonşulardan halallıq alır və üzünü çevirir qoca nərə, deyir:
-Çox incitmişəm səni, uzaq yollar, ağır yük... Halal elə zəhmətini, əziyyətini mənə. Nər fısıldayır, əyri-əyri süzür, sahibini:
-Bütün zəhmətimi halal eləyirəm, ancaq bircəsini yox...Dağa qalxanda eşşəyin ovsarını da mənim belimə bağladın. Bax, onu heç zaman bağışlamaram, sənə.
Dözümlüdür: insan 18 gün ac, susuz yaşaya bilir, dəvə isə yemi, suyu olmasa belə 4,5 ay yaşayır.
**** **** ****
Vay, vay,vay! Mənə bax ey! Sevdiyim mahnılar, zümzümələr, dəvələr haqqında bilgilərimi dilə gətirir, zəvzək-zəvzək danışıram. Unutmuşam ki, könül dostum, qardaşım Əbülfətə (“Ədalət” qəzetinin əməkdaşı) məktub ünvanlayıram və sərlövhəsini də “İslam” qoyuram... Əzizim sənə and verirəm o gecəqonduna incimə, küsmə mənciyəzdən. Bəlkə elə qocalıq budu. Dözümlü ol. Yəqin ki, eşitmisən, “ O hansı müşkül işdir ki, səbirlə asan olmasın!”
Keçid alıram mövzumun episentrinə və göylərin yeddinci qatından bir səs eşidirəm:
-Ehey, ey mənim xəlq etdiyim bəndələr! Üzünüzü mənə çevirin, ənəlhəqq deyin. Yeri, Göyü, Günəşi, Ayı, ulduzları mən yaratmışam. Kürreyi- ərzi idarə edən mənəm. Bəsdir, kifayətdir oda, atəşə, uca dağlara, axar suya, and içdiniz. Mənə təzim edin, bəsirət gözünüzlə məni görün. Yoxsa, hamınızı cəhənnəm odunda yandıraram. Qoymaram, bircəciyiniz də behişt əhli olsun!
O səs azacıq fasilədən sonra yenə qəzəblə insanları ağıla, kamala, haqq-ədalət yoluna çağırır, deyir:
-Nəfsinizin qulu olmayın, rəhmət, ruzi diləyin məndən, bəsdir, kifayətdir dünya malından ötrü cəngi-cidala çıxıb, bir-birinizin qanını tökdünüz. Sizi insanlığa, əxlaqa yönəldən Rəsulumu göndərdim Yer üzünə. Tabe olun ona! Bəsdi bütlərə sitayiş etdiyiniz. Unutmayın ki, hamınız Adəm peyğəmbərin, onun qabırğasından yaratdığım, ruh verdiyim Həvvanın övladlarısınız.
... Rəsulu Əkrəmin anadan olduğu Məkkə şəhəri. Onun yeni təriqətə dəvət etdiyi bir qrup ərəb üzü qibləyə dayanaraq zöhr namazı qılmağa başlayır. Pişnamaz özüdür. Qabaqda 5-6 dəvə dərisindən hazırlanan döşəkçənin üstündə dayanıb. Əlləri Yaradanın dərgahına uzanıqlı...
Bura məsciddi- Allahın evi. Hamı sıra ilə düzülərək ibadətlə məşquldur. Peyğəmbər diqqət eləyir, fikir verir. Sol tərəfdə, birinci sırada həmişə ibadətə gələn orta yaşlı, hündür qamətli kişi yoxdur. Bəlkə yolunu azıb, yenə bütlərə sitayiş eləyir? Kimdi onu haqq yolundan döndərən? Evlidi, ya subay? O ki, mənim düşüncəmə görə təqva yolunun yolçusuydu... Birdən-birə niyə fikrini dəyişsin? Uzaqda yaşayır, ya yaxında? Bəlkə hansısa müsibətlə üzləşib? Qəti rəy vermək müşküldü vallah... Unutmayaq ki, səbrli insan Allahın dostudur.
Və anidən qapı açılır, o, şəxs keçir öz yerinə, dəsmalını çıxarıb, sərir yerə möhürünü də qoyur onun üstünə. Başlayır namaza. Tələsmir, bütün ritualları icra edir. Axırda dizi üstə oturub, əllərini göyə qaldırır və asta-asta pıçıldayır:
-Özüvə əyandır, bilirsənki, niyə zöhr namazına gecikdim. Bağışla məni, keç günahımdan... bir də yubanmaram səninlə “danışmaqdan”.
Peyğəmbər bu şəxsin qəlbindən süzülən pıçıltıları seyr edir və ona qarşı sevgisi, məhəbbəti birəbeş artır. “yox, mömin adamdır, ancaq dərdi var, və sirrini bir Allah, bir də özü bilir. Neyləyəsən, dərd verən Ulu Yaradandı və dərman da onun əlindədir.” Öyrənəcəm, görüm hansı kədərlə, müsibətlə qarşılaşıb? Kimdi onun isti aşına soyuq su tökən? bəlkə şeytan onu, bu məzlum bəndəni aldadıb yoldan çıxarıb?
Peyğəmbər bilirdi ki, namaz qılanda Uca Yaradanla danışırıq biz, “Qurani-Kərim”i oxuyanda o, bizlə həsbi-hal eləyir. İndi bu şəxs mömin bəndə kimi davranır, namaza gecikdiyi üçün özünü günahkar sayır. Hər halda dərd əhlidir, qəm dəryasında nicat yolu axtarır... Bütün yaranmışların ən mürəkkəb varlığı insandır. Ömür ani, dünya fanidir. O, hər zaman dərdini başqası ilə, ələlxüsus yaxın dostu, sirdaşı ilə bölüşəndə, azacıq da olsa belə qəlbi rahatlanır, dinclik tapır... Mütləq ona kömək əli uzatmaq lazımdır.
Sonra Peyğəmbər əlləri Haqqın dərgahında olan o şəxsə dedi:
-Bəradərim, dərdinizi izhar edin. Namaza gecikməyinizin səbəbini açıqlayasınız bəlkə. Kömək lazımdır sizə? Naümüd şeytandır...
O şəxs əvvəlcə susdu, dinmədi, sonra dilləndi:
-Ya Peyğəmbər, Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Xanımım qonşu kəndə, bacısıgilə getmişdi. Evdə yetkinlik yaşına çatan oğlum, qızım var. Onları tək qoyub, gəlmədim. Xanım qayıdan kimi, tələsdim, qaçaraq gəldim məscidə.
Rəsuli-Əkrəmin çöhrəsinə təbəssüm qondu. “Əməli-saleh adamdı. Əsl müsəlmandı”... Soruşdu:
-Bəradərim, adınız nədir?
-İslam...
Peyğəmbər ayağa durdu, ibadətə gələnlərə üz tutub, uca səslə dedi:
-Eşidin və bilin! Bu gündən etibarən bizim dinimizin adı olur İS-LAM!
Hamı bir nəfər kimi Peyğəmbərin bu sözlərini sevinclə qarşıladı.
P.S. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamı ilə 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir. Bu, müsəlman ölkələrinin başçılarına sərt mesajdır. İndi ay prezidentlər, şahlar, krallar, dini liderlər gəlin Avropanın, Amerikanın, Rusiyanın fitnə-fəsadına aldanmayın! Qan düşmənçiliyinə, ədavətə, daxili çəkişmələrə, ən azından hər gün yüzlərlə günahsız insanın ölümünə səbəb olan terrora son qoyun!
Əlibala Rəhimov,
yazıçı-publisist
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930