» » QADINLAR SÖZ İSTƏYİR...

QADINLAR SÖZ İSTƏYİR...

               QADINLAR SÖZ İSTƏYİR...Nə istəyir qadınlar görəsən?... Bəlkə "Olum ya ölüm" sualı ətrafında Şekspirin Hamletindən çox qadınlar düşünür... Və düşündükcə də həyata daha çox sarılır. Məşhur Coco Şanel deyirdi ki, "Tanrı 30 yaşa qədər qadını yaradır, 30-dan sonra isə o, özü özünü yaratmağa başlayır... Görünüşü, ağlı, davranışı, qüruru ilə...". Yeri gəlmişkən əsl qadının qüruru hər şeydən öncə gəlir. Onun yolunda ən böyük sevgisini belə qurban verməyə hazırdır. Söhbət sevgidən düşdüsə, bu da qadın dünyasının vazkeçilməzidir. Sevgisi onu dünyanın ən yüksək zirvəsinə qaldırar və endirər də... Həsrət də var, əzab da var, ayrılıq da var onun yolunda... Amma onun ürəyi böyükdür, o, bunların hamısına dözəcək... Həsrətini də gizlədəcək hamıdan, qaranlıq gecələrdə yastığına süzülən acı göz yaşlarını da... Çox şən görünməyə çalışan, ətrafa pozitivlik saçan qadınlara çox da inanmayın... Bəzən bu onların ən böyük maskalarıdı...
Huseyn Cavidin "Afətin"i yada salaq... Qarataya olan sevgisi yerə göyə sığmasa da, bu sevgisi ilə uçuruma yuvarlansa da, əsla vazkeçmədi... Anarın "Təhminə"si Zaura olan sevgisini sübut etmək üçün ölümə doğru addımladı... Və ölümü ilə bu sevgiyə nə qədər sadiq olduğunu təsdiqlədi... Əlbəttə ki, Zaur iş-işdən keçəndən sonra anladı ki, həyatında bir daha belə böyük sevgi yaşamayacaq...
Dünya ədəbiyyatına nəzər salsaq, Anna Kareninanın sevgisindən, aldanıldığına dözə bilməyib, intihara aparan faciəsindən yan keçmək olmur... Bütün bunlar bir daha sübut edir ki, qadın əsl sevgisi uğrunda ölümü belə mərd-mərdanə qarşılamaqdan çəkinmir... Qadın sevgidir... Qadın həyatdır... Qadın anadır... Ən böyük missiyası da elə ana olmağındadır... Açıq deyim ki, ən qatı düşmənimin belə mükəmməl ana olduğunu gördüyüm zaman, bir qadın olaraq, ona yenidən sarılıram... Anlayıram ki, analığın zirvəsində dayanan bir qadından mənə düşmən olmaz... Və bu böyük analıq missiyası qarşısında mənə olan nifrəti nədir ki... Ananın bir anlıq qəlbinə girib, övladı yolunda anlaya bilsəydiniz... Kipriyi ilə od götürməyə "uf" deməz ana... Övladı ilə həyat arasında savaşı son günə qədər davam edər... Övladının zərər çəkməməsi üçün çırpınan ürəyi rahatlıq tapmaz... Və əgər o ürəkdə bir övlad həsrəti varsa, dünya başına dar gələr onun... Yaşayır ruhunu şeytana sata - sata... Yaşayar canından can qopara - qopara... Təsəllisini dünyanın ölümlü olmasında, ruhların qovuşduğu nöqtədə tapar... Əsla zəif qadın deyib, vazkeçməyin... Qəlbi gül ləçəklərindən də zərif deyin ki, yerinə düşsün...

Əlacsızam yoxdur könül əlacım...
Taleyimə söylə necə əl açım?...
Yarı yolda sınıb ümid ağacım...
Dünya mənə özün boyda dərd verdin....

Ümidini də almayın əlindən qadının... Dünyanın ən böyük dərdlərini bir ümidin çırağına söykənərək, yaşar o...
Nə istəyir qadınlar?... Ürəyinə məlhəm... Ruhuna qanad... Həyatına həyat qatan söz!... Elə bir söz ki, qəlbini yerindən oynatsın... Elə bir söz ki, onu yenidən yaratsın... Bəlkə yalan olduğunu hiss etsə belə, həqiqətin gümanına sığınsın... Elə bir söz ki, doğan sabahına vəsilə olsun...
SÖZ istəyir qadınlar!...
Təranə Feyzullayeva.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930