dini radikalizm və ekstremizmlə mübarizə

BÖYÜK ADAMIN KİÇİK BƏXTİYARLIĞI



(Vaxtı ilə Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetinin redaktor müavini işləmiş mərhum Nəriman Bəxtiyarov haqqında həzin,kövrək bir xatirəm.)

...Xatirələr,yadigar şəkillər fələyin əlindən qoparılan yeganə bir varlıqdır ki, ömrü boyu adamları tək-tənha buraxmır.Adamı yaşadan bir ömür daşıyıcısıdır,xatirələr...foto şəkillər.Bəlkə də sirli-sehrli bir möcüzədir ki,onlara bir kimsənin gücü,qüdrəti çatmır...Əgər çatsaydı, imkanı olsaydı...bəlkə də bu,xatirələri,şəkilləri silib-süpürüb qaranlığa doğru aparardı ki,bir kimsə görməsin!
Uşaqlıq və gənclik xatirələri də fotoqrafik olur.Yaddaşlara,ürəklərə elə höpur ki, haraya üz tutsan,haraya getsən...səni yaxşı mənada "qarabaqara" izləyər...hətta vəfalı,etibarlı bir dost kimi mənzil başına çatana qədər gözləyər də...
Onda hələ Nəsib Piriyev adına Məmmədbəyli kənd orta məktəbinin yeddinci sinfində oxuyurdum.Hərdən bir cızma-qaralamalar edib,"Azərbaycan pioneri" qəzetinə,gah da ki,"Pioner" jurnalına uşaq xəyallarının bədii məhsullarını göndərərdim.İnsafən...bu,dövrü mətbuatda da ilk ədəbi yazılarım çox çətinliklə olsa da işıq üzü görmüşdü.
Atam uzun müddət rayon partiya komitəsinin büro üzvü olduğundan Zəngilan şəhər mərkəzinə tez-tez gedərdi.Qərara gəldim ki,ədəbi-bədii yazılarımın xoşuma gələn bir hissəsini səliqə ilə şagird dəftərinə yazıb...yerli "Kənd həyatı"qəzeti redaksiyasına aparam.
Elə də etdim.Fikrimi atama deyəndə:
-Hazırlaş,gedəndə apararam,-dedi.
...Bir gün məni maşınla gətirib redaksiyaya ötürdü.Yadımdadır ki, "Kənd həyatı"qəzeti məşhur Lenin bağı ilə üzbəüz olan K.Marks küçəsi,39- da uzunsov, şüşəbəbdli,göy rəngə bürünmüş çox saylı otaqlarda yerləşirdi...
Qəzetin baş redaktoru rəhmətlik Mürsəl Qocayev məni mehribanlıqla qarşıladı.
Yazılarıma bir xeyli göz gəzdirdi.Üstəlik müxtəlif tipli əyləncələr də tərtib edib aparmışdım.
-Maraqlıdır,amma yaman qəliz yazırsan,ha qardaş oğlu dedi,mənə Mürsəl müəllim.
Belə çətin,mürəkkəb yazı-pozulara Nəriman müəllim baxır.Gəl,səni aparım...onun yanına.
Bura da Nəriman müəllimin otağı idi.
Mənim əlimdən tutub,düz yanında oturtdu.
Qəribə baxışları varıydı,Nəriman müəllimin.Gözlərindəki parlaqlıq,çöhrəsindəki təbəssüm,asta-asta danışığı istər-istəməz adamın ruhunu təzələyirdi.
-Yaxşı tərənnüm etmisən,təbiəti...onun mənzərələrinə fərqlı,seçilən baxışların var.Yeni ibarələrin,poetik tapıntıların,bədii düşüncələrin çox xoşuma gəldi,dedi Nəriman müəllim.
-Bəs bu qrafikə oxşar diaqramlar,sxemlər nədir,belə?
-Əyləncə növləridir,dedim...Nəriman müəllim.
Kriptoqramları,şaradaları,rebusları,krossvordları çox bəyəndi.Qəzetin "Asudə vaxt güşəsi",İstirahət səhifəsi"-nin əsl mallarldır...
Elə o vaxtdan Nəriman müəllim mənim yazılarımı müntəzəm olaraq "Kənd həyatı"qəzetində dərc etdirirdi.Onu da deyim ki,sonralar redaksiyaya göndərdiyim bütün məktubları onun şəxsinə ünvanlayardım...
Özüm də Nəriman müəllimin iti və həssas qələmindən çıxan bütün yazılarını acgözlüklə,həvəslə oxuyardım...
Yaxşı yadımdadır,Nəriman müəllimin o vaxt bir felyetonu çap olunmuşdu; "Prokurorun ələyi,ticarətçinin kələyi".
İldırım sürəti ilə yayılmışdı,satirik üslubda yazılmış bu yazı.Hətta rayonda böyük rezonans da yaratmışdı.Sən bu, replikalı yazının gücünə bir bax,e...
Öz felyotonunda Nəriman Bəxtiyarov əliəyri ticarətçiləri,oğruları,antipodları elə kəskin satira atəşinə tutmuşdu ki?!
Həmin dövrdə hələm-hələm jurnalistlər cürət edib,cəsarət göstərib belə tənqidi yazıları qəzet səhifəsinə çıxarda bilməzdi!
O vaxtlar bu felyeton çoxlarına ibrət dərsi,görk və nümunə oldu.
Bax,beləcə...Nəriman müəllimi doğal,rəngsiz-boyasız yazılarına görə çox sevirdi...oxucular!
O,əsl yazıçı-publisist idi.
Cəmiyyəti saflığa,paklığa,doğruluğa,haqqa-ədalətə,insanlığa,torpağı əkib-becərməyə səsləyirdi qələmə aldığı bütün yazılarının mahiyyəti və məzmunu!
Əli qabarlı əmək adamlarından yazdığı oçerklərdən də onarın zəhmət ətri,rahiyəsi duyulurdu,puçurlanmış alınlarındakı tər damcıları isə sübh çağı güllər üstə qonan şeh damlalarına bənzəyirdi.
Nədən ki,Nəriman müəllimin öz dəsti-xətti,seçilən yazı üslubu var idi.Bu kalorit,təbiilik,oxunaqlıq isə onun həyat eşqindən,qurub-yaratmaq gücündən xəbər verirdi...
Çox təəssüf ki,cəmi-cümlətanı 47 il ömür sürə bildi...bu,böyük adam!
Bilmirəm...necə qıydı,necə əli var gəldi və...Payız xəzanı onun da həyatına son qoydu...
Onun yoxluğu məni o qədər sarsıtmışdı ki,redaksiyaya --onun ünvanına hələ tumurcuqlu yaradıcılıq məktubları göndərdiyim adamı itirmişdim.Dünyasını dəyişəndən sonra da bir müddət redaksiyaya üzükmədim.Mənim üçün elə bil dünya boşalmışdı.
Xoşbəxtlik,bəxtiyarlıq haqqında hamının fikri,xəyalı ola bilər.
Amma mənim düşüncələrim tamamilə bambaşqadır.Əlbəttə, bəxtiyarlığı cah-cəlalla,dəbdəbəli həyatla ölçmək olmaz.
Nəriman müəllim haqqında bu,elegiyalı kiçik xatirəmi yazarkən nədənsə yadıma S.Vurğunun
"Bu müqəddəs təbiətin saf şeiriyyatı,
İnsanlığı dəvət edir bəxtiyarlığa" beyti düşdü.
Bu da mənim Nəriman Bəxtiyarov haqqında "Böyük adamın...kiçik bəxtiyarlığı"adlı unudulmaz...kövrək,bir az da həzin... və bu gününüzə könüldən-könülə daşınınaraq yaşayan ürək hekayəm idi.Özü də dünyanın bir az ağlı-qaralı, bir az da ağrılı-acılı rənginə bənzər xatirə- hekayəm!..Ruhu şad olsun,kiçik Bəxtiyarlı...Böyük adamın!
Həsən ORUCOGLU

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR