dini radikalizm və ekstremizmlə mübarizə

44 günlük vətən müharibəsinə və Şuşa ilinə həsr olunan "Zəfərin amili" kitabı


Bəzən bir insanın həyatını, yaşadıqlarını, hiss etdiklərini bir neçə şəkillə də ifadə etmək mümkündür.
Mən bu gün iş yoldaşım Xalisənin ilk kitabı, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlının təşəbbüsü ilə ərsəyə gələn, redaktorluğunu şair Ramil Əhmədin üstləndiyi, 44 günlük Vətən Müharibəsi şəhidi Amil Hüseynova, eləcə də bütün şəhidlərə və "Şuşa İli"nə həsr olunan, "Zəfərin Amili" kitabını oxuyub bitirdim. Həqiqətən də kitab əvvəldən sona qədər gerçək hisslərdən, saf duyğulardan ibarətdir. Kitabı oxuyarkən göz yaşlarını saxlamaq mümkün deyildi, bir neçə səhifədən bir gözlərim dolur, sanki o günləri Xalisəylə birlikdə yenidən yaşayırmışam kimi hiss edirdim. Kitab başdan sona bir qadının həyat yoldaşının şəhidliyindən sonra həyatla, yaşamaqla necə mübarizə apardığından, mənəvi çırpınışından bəhs edir. Müharibəylə demək olar ki, hamımız tanışıq, bəs müharibənin şəhidlərin geridə qoyub getdiyi, qəlblərinin bir parçası olan həyat yoldaşlarının onlardan sonra keçirdiyi hisslərlə? Mən deyərdim ki, o hissləri ən gözəl və səmimi şəkildə oxucuya çatdıran bir kitabdır bu.

Mən Xalisəni ilk dəfə Füzuli Tarix-diyarşünaslıq muzeyində görmüşdüm, muzeyimizin rəhbəri Elçin müəllim bütün əməkdaşları topladı, yeni əməkdaşımız Xalisəylə bizi tanış etmək üçün. Söhbət etdik, bizlə, muzeylə tanış oldu, təhsilindən, işindən, özündən, həyatından danışırdı, o danışdıqca mən qarşımda ümidsiz və çarəsiz bir qadın görürdüm. Xalisə o qədər solğun görünürdü ki, sanki həyatın bütün yorğunluğu, qarşılaşdığı bütün çətinliklər onun xarici görkəminə yansımışdı. Aylar, illər keçirdi bir-birimizi daha da yaxından tanıyırdıq. Xalisə işdə çox məsuliyyətli, diqqətli və uğurludur, verilən hər bir tapşırığı çətinliklə başa gəlsə belə mütləq yerinə yetirir.
Amma şəxsi həyatı iş həyatı qədər uğurlu olmamışdı və asan da olmayacaqdı, kim bilə bilərdi ki...

Xalisə məndən Amil haqqında fikirlərimi bildirməyimi istəyəndə çox həyəcanlanmışdım, bir şəhid, bir qəhrəman haqqında yazacaqdım.

Amili də ilk dəfə muzeydə görmüşdüm. Xalisəni görməyə gəlmişdi, təbii ki, muzeylə tanış olmaq bəhanəsiylə. Amil hərbçi idi, tək yaşayırdı, muzeyə gələndə səliqə ilə ütülənmiş köynəyi mənim diqqətimi çəkmişdi, bəlli idi ki, Xalisə üçün xüsusi hazırlaşıb gəlmişdi. Muzeyə gəlib gedənə qədər bir dəfə belə olsa başını qaldırıb ətrafına baxa bilməmişdi, bu hərəkəti ilk və son deyildi, o qədər mədəni, ləyaqətli, əxlaqlı, mərd bir insan idi ki. Bu görüşün üstündən günlər keçdi və Amillə Xalisə ailə qurmaq qərarı aldılar, bu qərar sözün əsl mənasında ikisinin də ikinci baharı idi. Bahar gələndən Xalisə sanki çiçək açırdı, sevmək, sevilmək insanı həqiqətən gözəlləşdirirmiş. Gözümüzün önündə həyat yoldaşı tərəfindən qarşılıqlı sevilən bir qadın hər gün daha da gözəlləşirdi. Amil bir an belə Xalisənin dilindən düşmürdü, amma bu bahar çox uzun sürməyəcəkmiş, soyuq qış sanki tez gəlmək üçün tələsirdi.

2 ay. 2 ay da bəs edirmiş sevməyə, sevilməyə, qəlbini, gələcəyini, taleyini, həyatını, tamamilə ölümlü bir insana təslim etməyə. Amil Xalisəni necə xoşbəxt edəcəyini bilirdi, sanki onun üçün yaranmışdı, Xalisəni xoşbəxt etmək üçün. Bu evlilik sanki bir nağılın xoşbəxt sonu idi. Amma nağıl hələ bitməmişdi, sonluq hələ gəlməmişdi. Bu nağılın sonunda çox baharlar yerini qışa verəcəkdi, çox çiçəklər solacaq, qəlblər məzarlığa dönəcəkdi. Yarımçıq qalmış sevgilərin, sevinclərin, gülüşlərin, arzuların, ümidlərin məzarlığına.

Bütün dünya azərbaycanlılarını bir ağrı birləşdirirdi, Qarabağ ağrısı, Şəhidlər öz qanları ilə o yaraya məlhəm oldular. Amma Amil Xalisəyə məlhəm ola bilmədi, onda ömrünün sonuna qədər daşıyacağı həm şərəfli, həm də dərin bir həsrət yarası buraxdı. Xalisə çox güclüdür, özü o yaranın üzərində sevgi toxumları əkməyə davam edirdi və toxumlar yavaş-yavaş cücərir, çiçəklənməyə başlayırdı. 2 ayda sanki illərin xatirəsi yaşanmışdı, bir insan necə hər şeyi bu qədər dəqiq ağlında saxlaya bilirdi, necə bu qədər çox yaşanmışlar olmuşdu. Sevdiyinin ağzından çıxan hər kəlməni, hər cümləni bir şeir kimi əzbərləmişdi Xalisə. 2 aylıq xoşbəxtliyini izlədiyi təsirli bir film kimi xatırlayırdı hər gün. Xatırladıqlarını da göz yaşlarının qarışdığı mürəkkəblə ağ vərəqlərə köçürməyə başladı. Artıq bütün sevgi, xoşbəxtlik, ağrı-acı, göz yaşları, həsrət, üzüntülər, xatirələr onun əlinin içində idi, kitab halını almışdı.

Xalisə sanki bu kitabla Amili yenidən dünyaya gətirib və onu ömürlük yaşadacaq.

Əfsanə Adıgözəlova.

Oxunub: 1 653
Oxşar xəbərlər
SON XƏBƏRLƏR