dini radikalizm və ekstremizmlə mübarizə

TALEHSİZ XOŞBƏXTLƏR (hekayə)

Ailəni möhkəmlədən, bir arada tutan körpələrdi. Illərlə evindən körpə səsi gəlsin deyə arzusunda olan neçə - neçə ailələr var. Körpə olmur deyə dağılan saysız ailələr var. Amma əfsuslar olsun ki, dünyaya gətirdiyi balasını atanlarda az deyil.
Onlar bu gün uşaq evinin soyuq divarlarına, acı xatirələrinə əlvida deyərək həyatın çətin yollarında birgə addımlamağa qərar vermişdilər. Hər ikisi körpə ikən uşaq evinə atılmışdı. On səkkiz yaşına kimi onları kimsə axtarmamış, heç bir ailə övladlığa götürməmişdi. Bakıdakı yaşı böyük olan uşaq evinə hərəsi bir rayondan gətirilmişdi. Ona qədər onlar başqa - başqa körpələr evində böyümüşdülər. Burda dostlaşmışdılar, bir – birlərinə qarşı doğmalıq hiss etmişdilər. Həyatın hər bir çətinliyini, amansız olmasını az yaşlarından indiyə kimi görmüşdülər. Hər dəfə uşaq evinə xalalar, əmilər atılmış uşaqları ziyarətə gələndə sevinərdilər ki, yəqin ata- anamızdı bizi aparmağa gəlib. Amma illər bu arzunu on səkkiz yaşa kimi ürəklərində arzu olaraq qoydu. Onlar bir-birini sevməyə başlamışdılar. Bunu müəllimləri, yaşıdları hamısı bilirdilər. Uşaq evini tərk etmələrinə bir – iki ay qalmış öz aralarında bir nişan məclisi də keçirmişdilər. Üzükləri adi həyətdən tapdıqları nazik dəmirdən hazırlanmışdı. Amma onlar çox xoşbəxt idilər. Dövlət onların hərəsinə bir otaqlı ev də vermişdi. Onlarda düşünürdülər ki, evin birini kirayə verərlər, digərində isə evlənib yaşayarlar. Həm işləyərlər, həm də kirədən aldıqları pul ilə evədə hər şey alarlar.
Qəhrəman və Solmaz. Bu adları onları uşaq evinə qoyanda bələyin içində yazıb qoymuşdular. Təsadüf elə gətirmişdi ki, hər ikisi eyni tarixdə ayrı – ayrı rayonlarda uşaq evinin qapısına atılmışdı və hər ikisi yeni doğulmuş körpələr idi. Həyat onları körpəlikdən sınağa çəkmişdi, çətinliklərə dözməyi öyrətmişdi. Anasız – atasız böyüməyin necə ağrılı olduğunu görmüşdülər. Özlərinə söz vermişdilər ailə qursalar, neçə uşaqları olsa belə heç vaxt onları atmayacaqlar. Çünki özləri atasızlığın, anasızlığın həsrətini çox çəkmnişdilər.
Gənclər uşaq evini tərk etdikdən sonra yeni evlərinə getdilər. Evdə az – çox əşya olsa da çox şeylər çatmırdı. Amma onlar bütün bunlara baxmayaraq o qədər xoşbəxt idilər ki. Uşaq evindən buraxilsalarda onları işlə təmin etmişdilər. Solmaz tikiş fabrikində, Qəhrəman isə mebel fabrikində işləyəcəkdi. Uşaq evində bu sənətlərə yiyələnməkləri haqda şəhadətnamə almışdılar. Həyatlarının birgə başlanan günü toylarının olmaması da onları kədərləndirmədi. Qəhrəman Solmaza söz verdi ki, işləyib pul qazanandan sonra sevdiyi qıza gözəl bir toy edəcək. Beləcə ikisinin bir yerdə qurduğu ailə həyatının ilk qədəmləri qoyuldu. Iki gün sonra evdən bir çıxıb işə getdilər. Pulları az olduğu üşün evə hələ heç nə ala bilməyəcəkdilər. Olan pulla maaşa qədər bir – təhər dolanmalı idilər. Solmaz Qərəmandan bir saat evə tez gələrdi. Çünki Solmazın işi saat beşdə, Qəhramanın işi isə saat altıda bitirdi. Evinin xanımı olmaq, sevdiyin həyat yoldaşına yemək hazırlamaq Solmaz üçün gözəl bir hiss idi. Hər gün beləcə işdən gəlib yemək yeyirdilər, dincəlirdilər sonra bir saat havada gəzib gəlib səhər işə getmək üçün yatıb dincəlirdilər.
Yaz yayı əvəz edirdi, yay payızı, payız da qışı. Artıq iki il idi ki, Qəhrəmanla Solmaz xoşbəxt ailə səadəti yaşayırdılar. Bu iki ildə evin bütün əşyalarını almışdılar. Özlərinə bütün fəsillərə aid xeyli geyimdə almışdılar. Hər geyim alanda kövrəlir, uşaq evindəki köhnə paltarlarını yada salırdılar. Çünki uşaq evində həmişə geyim barədə korluq çəkmişdilər. Solmaz işləyə - işləyə evdə dərslərini təkrarlamış və ali məktəbə qəbul olmuşdu. Tələbə adını alanda ondan çox Qəhrəman sevinmişdi. Səhər işə, axşam universitetə gedən Solmaza Qəhrəman ev işlərində kömək edirdi. Gələcəyin müəlliməsi olacaqdı axı onun həyat yoldaşı. Bu iki ildə övladları olmasa da, onlar tələsmirdilər. Işləyib bu evi satıb iki otaq ev almaq istəyirdilər ki, uşaq olanda da rahat, geniş evləri olsun. Zamansa sürətlə ötüb keçirdi. Artıq Solmaz universiteti də bitirmişdi. Məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Evlərini də daha böyük evə dəyişmişdilər. Üstəlik maşın da almışdılar. Istədikləri hər arzuya nail olurdular, bircə övladdan başqa. Solmaz fikir etsə də, Qəhrəman həmişə onu qucaqlayaraq deyirdi:
- Həyatım, Allahın qisməti nədir odur. Biz bir – birimizə ata-ana, bacı – qardaş, övlad olduq. Fikir eləmə, bizim də övladımız olacaq.
- Qəhrəman, artıq gözləməyək, həkimə gedək. Hər ayı gözləyərək illəri yola saldıq. Yəqin ki, artıq həkim müdaxiləsi lazım olacaq.
- Sən elə istəyirsənsə elə olsun. Ürəyin elə istəyirsə elə edərik. Maraqlanaq harda məsləhətli həkim varsa onun yanına gedərik.
- Mən maraqlanmışam işdəki müəllimə yoldaşlardan. Təriflədilər ki, çox yaxşı həkimdir, çox uşağı olmayanlar onun müalicəsindən sonra hamilə qalıblar.
- Oldu mənim mələyim, elə günü sabah gedərik dediyin həkimin yanına.
- Çox sağ ol əzizim. Sən həmişə mənə dəstək olmusan.
- - Çünki mən səni sevirəm və həmişədə sevəcəyəm. Sən mənim sonsuza qədər həyatımın qadınısan.
Onlar bir – birinə sarıldılar. Həyatın çətinlikləri onları o qədər sınağa çəkmişdi ki, indi həyatları düzəldikcə bir – birlərinə daha çox bağlanırdılar.
Səhər yuxudan tez duran Solmaz səhər yeməyi hazırladı. Məktəbdə tətil olduğuna görə işə getmirdi. Qərara almışdı ki, tətil günlərində həkimə gedib müalicə alsın. Qəhrəmana səhər yeməyi hazırlayıb qarşısına qoydu. Özü yemək yemədi ki, iş yoldaşı demişdi yeməmiş get analizlər verə biləsən. Amma içində bir narahatçılıq, bir ümidsizlik vardı. Solmazın narahatçılığının əksinə olaraq Qəhrəmanın əhval – ruhiyyəsi yüksək idi. Birlikdə evdən çıxıb xəstəxanaya yollandılar. Iş yoldaşının dediyi həkimi tapıb qəbuluna növbə götürdülər. Solmaz həyəcandan əsirdi. Ailə qurduqları bu yeddi ildə ilk dəfə idi ki, qadın həkiminə gəlirdi. Növbəsi çatanda Solmaz Qəhrəmanın da onunla içəri girməsinə görə həkimdən icazə istədi. Həkim buyurub gələ bilər dedi və Solmazı dinləyəndən sonra bəzi suallarını verdi. Ilk olaraq ultrasəs müayinəsi olunacaqdı, daha sonra bəzi analizlər veriləcəkdi. Həkimin dediyinə görə yeddi il hamiləlik baş verməyibsə ola bilsin ki, Solmazı uzun bir müalicə prosesi gözləsin. Amma yenə də hər şey Allahın qismətidir deyib həkim Solmaza ürək – dirək verdi.Solmazla birlikdə həkim ultrasəs müayinəsi otağına gəldi. Özü də baxmaq istəyirdi ki, bu yeddi ildə heç bir hamiləlik olmamasına səbəb nədir. Müayinə zamanı monitora baxan həkimlər bir- birinin üzünə baxdılar. Həkim Tamella xanım təəccüblə bir Solmaza baxdı, bir də çönüb Qəhrəmana baxdı. Həkimin gözləri böyümüşdü. Uzun illərin həkimlik təcrübəsində ilk dəfə idi belə bir halla rastlaşırdı. O, bir necə dəfə Solmazın üzünə baxdı və asta- asta stulda oturdu. Necə desin? Necə anlatsın? Üzlərində xoş xəbər sevinci gözləyən bu gəncləri o necə məyus etsin? Amma başqa çarəsi yox idi, deməli idi. Bir xeyli monitora baxandan sonra həkim asta səslə dedi:
- Solmaz, qızım, iyirmi beş illik həkimlik təcrübəmdə ilk dəfədir sənin kimi bir xəstəm olur. Mən xəstələrə dərdini uzatmadan deyirəm. Bax, mənim balam, sənin bu ultrasəs müayinəsindən sonra heç bir analizə, aparatlardan keçməyə ehtiyacın yoxdu.
Solmazı bir anlıq sevinc hissi bürüdü. Analizlərə ehtiyac yoxdusa, deməli heç bir problemi yoxdu. Amma həkimin üzündəki təəccüb və kədər onda nəsə ciddi bir səbəbin olduğunu deyirdi. Səbri çatmayan Solmaz dilləndi:
- Həkim, mən yoldaşımla bura gələndə özümüzü hər bir cavaba hazırlayıb gəlmişik. Siz mənə nə var onu düz deyin.
- Qızım, özünü bir az toparla, çünki verəcəyim xəbər ürəkaçan deyil. Sənin anadangəlmə uşaqlıq orqanın yoxdu. Hansı ki, uşaq dünyaya gətirmək ücün uşaqlıq orqanı vacibdir. ilk dəfədir belə bir halla rastlaşıram.
Solmazdan qabaq Qəhrəman dilləndi:
- Həkim, mən belə başa düşdüm ki, Solmaz heç vaxt ana ola bilməyəcək?
- Bəli, düz başa düşmüsüz.
Qəhrəman Solmazın ağladığını görüb ona yaxınlaşdı. Onun durub əynini geyinib oturmasında yardımçı oldu. Göz yaşlarını silərək güldü:
- Ay dəli, niyə ağlayırsan? Demək Allahın məsləhəti belədir. Biz nələrdən keçdik həyatım? Biz nələrə qatlandıq? Bunada dözəcəyik. Təki canımız sağ olsun.
Qəhrəmanın bu sözlərinə kövrələn həkim yerindən qalxaraq onu qucaqlayıb öpdü:
- Halal olsun sənin kimi həyat yoldaşına. Ölümdən başqa hər bir dərdə çarə var. Bir uşaq götürüb saxlayarsız. Allaha da xoş gedər, sizə də.
Solmaz isə elə hey ağlayırdı. Başını Qəhrəmanın sinəsinə qoyub hönkürürdü. Onlar qapıdan çıxmaq istəyəndə Tamella xanım da göz yaşlarını saxlaya bilmədi. Solmaz həkimin yaşarmış gözlərini görüb dedi:
- Həkim biz kimsəsiz insanlarıq. Atılmışlarıq, uşaq evində böyümüşük. Nələr görmüşük, nələr yaşamışıq. Çoxlu övladlarımız olacaq arzusu ilə ailə həyatı qurmuşuq. Indi biz belə necə yaşayacayıq?
- Sənin vəziyyətində tibb çarəsizdir qızım. Bilirəm çətindir, amma zamanla barışacaqsan.
Xəstəxanadan çıxıb evə gələndə yol boyu Qəhrəman sevdiyi qadını sakitləşdirsə də, o heş cür sakit ola bilmirdi. Çox ağır bir dərd oldu. Ümidlər, arzular yarıda qırıldı qaldı. Özləri bu həyatda bütöv olmaq istədilər, amma yenə də yarımçıq qaldılar. Qəhrəman özünü nə qədər təmkinli göstərsə də, ürəyindən qara qanlar axırdı. Onun da ata olmaq arzusu vardı. Oğul atası olsun istəyirdi. Ailəsində ən azı gələcəyin üç əsgərini böyütmək kimi bir arzusu vardı. Sadəcə Solmaz onu qəmgin görməsin deyə danışıb gülürdü.
Bir neçə gün idi ki, evdə beləcə kədərli, göz yaşı ilə keçən günlər davam edirdi. Artıq Qəhrəmanda kədərini gizlədə bilmirdi. Bir gecə Solmaz yuxudan ayılıb mətbəxə kecəndə Qəhrəmanın orda oturub ağladığını gördü. Dünyası darmadağın oldu Solmazın. Ona təsəlli verən Qəhrəman, heç demə təkliyə çəkilib ağlayırmış. Onlar bir – birlərinə sarılıb hönkürtü ilə ağladılar. Sakitləşəndən sonra qərara gəldilərki, uşaq evindən bir uşaq götürüb saxlasınlar. Solmaz qız, Qəhrəman isə oğlan istəyirdi. Son nəticə olaraq Qəhrəmanın istəyinin üzərində dayandılar. Sənədlərı hazırladılar və gözləməyə başladılar. Qərara almışdılar ki, üç – dörd yaşlı uşaq götürsünlər. Iki ilə yaxın növbə gözlədilər. Bir gün telefon zəngi gəldi. Növbəniz çatıb, gəlin oğlunuzu aparın dedilər. Qəhrəman sevindiyindən Solmazı qucağına alıb evdə xeyli fırlatmışdı.
Qış ayının sərt günləri idi. Bakıya qar gec – gec yağsa da, bu qış qəşəng qar yağmışdı. Solmaz oğlu Sənanı baxcadan gətirirdi. Artıq on gün idi Sənanı baxçaya qoymuşdular. Yol boyu yağan qarla qartopu oynaya - oynaya evə gəlib çatmışdılar. Beş ay idi Sənan onların həyatına sevinc qatmışdı. Qəhrəman işdən çıxıb evə gəlməyə tələsər, Solmaz isə ümumiyyətlə işdən çıxıb evdə oturaraq bütün gününü Sənana həsr edərdi. Ona paltarlar alar, oyuncaqlar alar, baxçadan gedib götürəcəyi vaxtı səbirsizliklə gözləyərdi. Baxşaya getməsini Qəhrəman təkid etmişdi. Solmaz isə Sənanın bütün günü onunla olmasını istəyirdi. Bu dörd yaşlı oğlanın gözləri yaşıl rəngdə, özü də bir az sarışın idi. Çox da şirin danışmağı vardı. Sənan sanki bu həyata Qəhrəmanla Solmaza görə gəlmişdi ki, onları xoşbəxt etsin.
Hər bir ailənin daha da xoşbəxt olmasının səbəbkarı körpələrdi. Qəhrəmanla Solmaz o qədər xoşbəxt idilər ki, bir müddət sonra uşaq evindən daha bir uşaq götürmək istəyirdilər. Bu dəfə qızları olsun və Sənanın bacısı olsun arzusunda idilər.
Insan elə bir varlıqdır ki, onun arzuları tükənməz olur. Arzudan arzu doğar deyiblər. Solmazla Qəhrəmanın həyatına aid o qədər atalar sözləri var ki...
Bir yandan bağlanan qapı, digər yandan açılar. Əsas odur ki, bağlanan qapıları açmaq üçün həyatı sevəsən, yaşamağı sevəsən, çətinliklər qarşısında aciz qalmayasan. Həyat yaşamağı, sevməyi bacaranlarındır.

Fəridə Əsədova

Oxunub: 5 433
Oxşar xəbərlər
SON XƏBƏRLƏR