dini radikalizm və ekstremizmlə mübarizə

SƏMƏNİ NƏNƏ (Hekayə)


Qocalar evinin daha bir sakini haqda yazmaq istəyirəm. Səməni nənə, bu qoca qadın o qədər şirin bir nənədir ki, onu sevməmək mümkün deyil. Bəstə boylu, azca dolu bədənli olsada qocalıq onun bədəninin ətini pambıq kimi yumşaq etmişdi. Dağlar boyda dərdi olsa da, nə vaxt üzünə baxsan gülümsədiyini görərdin. Gülməli əhvalatlar danışar, heç kimi darıxmağa qoymazdı. Bəzən kədərli olanda bayatılar deyərdi.
Payızın ilk günləri idi. Havada bir az çisək vardı. Yeni hekayə yazmaq üçün yolumu qocalar evindən saldım. Səməni nənənin belə havada həyətdəki köşkdə tək oturduğunu gördüm. Yaxınlaşıb görüşdüm. Bu dəfə gülümsəmədi bu nur üzlü nənə. Gözlərində dərin bir kədər vardı. Bir azda yaxın oturub boynunu qucaqladım, üzündən öpərək şən səslə soruşdum:
- Ay mənim qoğal nənəm, niyə belə hava kimi buludlaşmısan? Bəlkə kimsə xətrinə dəyib? Kim incidib mənim gözəl nənəmi?
Elə suallarımı bitirmişdim ki, Səməni nənə başını sinəmə əyib hönkürtü ilə ağladı. Onun haqqinda heç nə bilmədiyim üçün düşündüm ki, bəlkə övladları üçün darıxıb? Bəlkə onları görmək istəyir, amma övladlar onu istəmir? Əlimlə kürəyini tumarladım. Sakitcə qulağına pıçıldadım:
- Mənim şirin nənəm, mənim gözəl nənəm. Gəl qızına danış görüm niyə ağlayırsan? Bəlkə kömək edə bildim. Dərdini bölüş mənlə.
Səməni nənə gözlərinin yaşını iki əli ilə silərək üzümə baxıb gülümsədi. Əlimi qırışlardan kobudlaşmış əlinə alıb tumarladı. Üzümə baxıb dedi:
- Mən burda kimsəyə dərdimi danışmamışam qızım. Hamı məni sonsuz, kimsəsiz bilir. Dərdimin çoxundan danışıb gülürəm ki, havalanmayım. Eh, ay qızım, mənim dərdimə dağlar dözməz.
- Mən sənin dərdinə şərik olaram nənəm mənim. Sən danış qoy ürəyin bir az yüngülləşsin. Mən də sənin bir qızınam, mənlə bölüş.
- Yaxşı qızım, uzun danışsam bağışlayarsan məni. Amma mən danışıb qurtarana kimi sözümü kəsmə. Ürəyim illərdi doludur.
- Səhərə kimi də danışsan mən sənin sözünü kəsmədən dinləməyə hazıram.
Üzünün qırışlarında hələ də göz yaşlarının izi qurumayan Səməni nənə bir xeyli üzümə baxdı. Sanki hardan və necə başlayacağını düşünürdü. Xəyalından nə keçdi bilmirəm, amma ani bir halda əlimi sıxdı. Asta səslə danışmağa başladı:
- Mən çox kasıb bir ailənin qızı olmuşam. Yeddi qardaşın tək bacısı idim. Evin də ilk övladı olmuşam. Ata-anam yaşlı idilər. Övladları gec olmuşdu. Məndən sonra isə anam hər il bir uşaq dünyaya gətirdi. Beləliklə yeddi qardaşım oldu. Adımı atam qoydu Səməni. Dünyadan vaxtsız köçmüş anasının adı imiş. Biz nənə - baba, əmi - dayı, bibi - xala görməmişik. Olubsada tez ölüb gediblər. Anam həmişə deyərdi ki, nəslimizin adamları tez ölür. Bax belə qızım. Gerisinə qulaq as. Ailəmiz imkansız olduğundan məni erkən yaşda çox uzaq bir qohumun oğluna ərə verdilər. Getdiyim ailə isə heç nədən korluq çəkməyən bir ailə idi. Həyat yoldaşımı ilk toy günü gördüm. Mənim atam – anam kasıb olduqları üçün mənə toy etmədilər. Ər evində böyük toy məclisi olmuşdu. Oğlan məndən yaşca çox böyük idi. Mənim on beş, onunsa otuz iki yaşı vardı. Sonradan bildim ki, oğlan evli olub bir neçə il. Uşaqları olmadığı üçün boşanıblar. Bizim vaxtımızda ay qızım, bizi kimə versəydilər, və ya oğula kimi alsaydılar ancaq valideynlər qərar verərdi. Beləcə mən tanımadığım, ilk dəfə gördüyüm yekəpər bir kişinin arvadı oldum. Yoldaşımgil böyük bir külfət idi və bu külfətin hamısına gəlin qulluq etməli idi. Mən bu balaca canımla az müddətdə evdəkilərin sevgisini qazanmışdım. Yoldaşıma da öyrəşmişdim. Getdikcə onu da sevirdim. Bilmirəm yaş fərqindən idi, ya nədən idi yoldaşım mənə uşaq kimi qayğı göstərirdi. Amma getdikcə evdə söhbətlər başlayırdı. Səbəb isə mənim hamilə qalmamağım idi. Altı ayın gəlini idim. Bir səhər xəbər gəldi ki, atamla qardaşımı maşın vurub və hər ikisi yerindəcə ölüblər. Bu xəbərdən sonra mən iki gün danışa bilmədim. Atam evimizin dirəyi idi, ailə onun üzərində idi. Qardaşlarım balaca idilər. Atamla bir yerdə ölən qardaşım bir ay idi atamla bir yerdə işə gedirdi ki, evə kömək olsun. Indi anam altı balaca oğlan uşaqları ilə nə edəcəkdi deyə düşünməkdən ölürdüm. Yoldaşımgilin bir az imkanı olsa da qaynanam çox sərt bir qadın idi. Kimsəyə borca da olsa bir çörək verməzdi. Anam özünə iş tapana kimi qonşular kömək edib qardaşlarıma yemək verirdilər. Anam uşaqları evdə tək qoyub işə gedirdi. Məni də evdən buraxmırdılar ki, gedim anama az da olsa kömək edim. Bir gün anam uşaqları yedizdirib işə gedəndən sonra hələdə qaynar qalan çaydanı sayca beşinci qardaşım olan Cəlal üzərinə aşırmışdı. Dərin yanıq xəsarətləri almışdı. Xəstəxanada üç gün qalandan sonra oda öldü. Qaynanam məni demək olar ki, anama gedib baş çəkməyə qoymurdu. Yoldaşımda anasının sözündən çıxa bilmirdi. Əlimdən nə gəlirdi ki? Hər gün fikir etsəm də, ağlasam da talehimlə barışırdım. Artıq bir il yarım idi ailəli idim, amma uşağım olmurdu. Evdə tez – tez qaynanam söz – söhbət salırdı. Yaxşıdı yoldaşım mənə heç nə demirdi. Bəlkə də o biri ailəsindən də uşağı olmamışdı deyə günahı özündə görüb dinmirdi. Türkəçarə müalicələr etdirirdi qaynanam mənə. Mollalara aparırdı, falçılara aparırdı. Özümdə utanırdım ki, uşağım olmur. Yoldaşımın yaşı keçirdi deyə qaynanam çox narahat idi.
Soyuq qış günlərinin birində bir gün anam bizə gəldi. Qocalmış və çox arıqlamışdı. Qardaşlarımı gətirməmişdi. Anama körpə uşaq kimi sarılmışdım. Çoxdan idi görmürdüm. Qardaşlarımı soruşdum. Anam ağladı. Qardaşlarımın xəstə olduğunu, həkimə aparmağa pulu olmadığını dedi. Yoldaşım anasından gizlin bir az anama pul verib yola saldı. Mən gedib anama dəyə bilmirəm deyə hər gün ağlayırdım. Qardaşlarımı görmək istəyirdim. Amma mən elə hey qardaşlarımın ölüm xəbərini eşidirdim. Bir həftə keçməmiş ard –arda iki qardaşım sətəlcəmdən rəhmətə getdilər. Ikinci qardaşım qardaşlarının öldüyünü görüb stres keçirdərək psixologiyası pozulmuşdu. Dəli adamlar kimi özü – özünə danışıb gülürdü. Yazıq anam. Dörd balasını torpağa basdırdı, biri dəli oldu. Anam artıq uşaqlara baxmaq gücündə deyildi. Böyüklər ölmüş, kiçiklər qalmışdı. Daha işləyə bilmir, xəstəlikləri baş alıb gedirdi. Qohum - əqrabası yox ki, ona kömək ola. Iki kiçik qardaşımı sonradan eşitdim ki, uşaq evinə verib. Psixoloji problemi olanı yanında saxlamışdı. Məni qaynanam və qaynatam heç cür anamla görüşmək bir yana qalsın, maraqlnmağa belə qoymurdular. Anam kimi qohumlarının olmasını özlərinə yaraşdırmırdılar. Hələ qardaşımın dəli olmasını eşidəndə mənim qabağıma şərt qoydular. Ananı görməyə gedəcəksənsə geri dönüş yoxdur. Mən də məcbur idim onları eşitməyə. O vaxtları ərdən qayıdan qıza heç yaxşı baxmırdılar. Həyat mənə nələri yaşatdı qızım. Anamı da itirdim, xəstə olan qardaşımıda. Qonşular yığılıb anamı dəfn etmişdilər. Qardaşım heç nədən və necə öldü onu da bilmədim. Bircə iki qardaşımın uşaq evində olduğunu bilirdim. Yoldaşım bir dəfə gedib maraqlanmışdı demişdilər ki, ailələrə verilib və bu məlumat gizli saxlanılır. Hələ indiyədək də bilmirəm o qardaşlarım sağdı ya yox. Mənim axtarmaq imkanım olmadı, onlarda yəqin axtarmaq istəmədilər. Məni anamın və qardaşlarımın üzünə həsrət qoyan qaynanam bir gün xəstələndi. Hər gün zəifləməyə başladı və sonda yatağa düşdü. Qulluğunda durdum bir anam kimi. O, isə bu vəziyyətində belə dilini dinc saxlamayıb elə hey mənə deyərdi acından ölən Sidiqqənin qızı. Qaynanam xərcəng xəstəsi idi. Uzun müddət əziyyət cəkdi. Ağrılara dözə bilmirdi. Bütün günü ağlayıb qışqırırdı. Mənə sonsuz deyirdi. Oğlumun qucağını boş qoyan fərasətsiz, qısır idin bilmədik gətirib arvad etdik deyirdi. Bu qədər əzab çəksədə dilini dinc saxlamırdı. Qaynanamn adı Gülpəri idi. Arzusu idi nəvəsinə öz adını qoysun. Bu arzusuna çatmadan dünyadan köçdü. Onu torpağa basdiran günü mən özümdən gedib yıxılmışam. Həkimə apardılar. Həkim rəngimin ağ olduğunu görüb qan analizi verməyimi istəmişdi. Məlum oldu ki, mən hamiləyəm. Inanırsan qızım, qaynanam torpağa tapşırılan günü bilinir hamiləliyim. Heç olmasa bir gün əvvəl bilinsəydi o zalımın qızıda bilərdi. Bu dünyadan rahat köçərdi. On bir ildən sonra ana olacağımı bildim. Sevincdən donmuşdum. Həkim yoldaşımı cağırıb dedi ki, qorumaq lazım, çox uzanıqlı qalsın. Israfil, yəni yoldaşım, əvvəl hamiləlik olduğunu başa düşmədi. Həkimə dedi ki, bəs yas evidir Səməni də uzansa işi kim görəcək? Həkim ona tərs – tərs baxıb dediki “ay kişi, hamiləliyi riskli ola bilər. Uşaq qalmaya bilər”. O an İsrafilin üzünü görəydin qızım. Dili topuq vura-vura uşaq, uşaq dedi. Sonra da diz çöküb yerə hönkür – hönkür ağladı. Qırx üç yaşında ata olacaqdı. Arzusuna çatacaqdı.
Mənim gözəl qızımın yolunu bu doqquz ayda necə səbirsizliklə gözlədik. Dünyaya bir mələk gəldi. Israfil anasının arzusunu yerinə yetirib qızımızın adını Gülpəri qoydu. Qırx gün bu mələk qızı əzizlədik. Həyatımız bu uşaqla dəyişmişdi. Qırxı çıxan günü çimdirdim, bələdim, yedizdirib qoydum yatmağa. Işlərimi görməyə başladım. Vaxt gedirdi. Arada gəlib baxırdım ki, yatıb. Amma ürəyimdə narahatçılıq vardı. Uşaq adətən tez – tez ağlayıb yemək istəyirdi. Amma indi üç saatdan çox idi yatırdı. Bir saatda gözləyəndən sonra gəlib uşağı qucağıma götürdüm. Hiss etdim ki, nəsə uşaq başqa cürdü. Qucağımdan düşəcək elə bil. Qaçıb qonşuda yaşlı qadın vardı onu çağırdım. Gəldi elə uzaqdan uşağa baxan kimi dedi bu uşaq ölüb. Israfil də gəldi. Mən ana olsamda İsrafili görüb özümü unutdum. O, ölmüş balasını bağrına basıb necə hönkürüb ağlayırdı. Uşağın ölüm səbəbi o oldu ki, ürəyində anadangəlmə problemi olub bilməmişik, həkimlərdə bir söz deməyib. Yenə ağrılı günlərimiz başladı. Israfil qocaldı sankı. Saçları ağarmağa başladı. Allahın bizə rəhmi gəldi. Az müddət keçəndən sonra yenə hamilə qaldım. Yenə ikinci qızımız oldu və yenə də adını Gülpəri qoyduq. Evimiz şənləndi. Uşaq səsi, uşaq gülüşləri evlə bir oldu. Bu uşağı da biz böyüdə bilmədik. Həyətdə oynayarkən quyunun ağzı açıq qalıb və üç yaşlı uşaq düşüb quyuya. Mən xəbər tutana kimi artıq boğulmuşdu. Həmin gün İsrafil məni elə döydü ki, qonşular əlindən güclə aldılar. Məni səhlənkarlıqda günahlandırdı. Haqqıda vardı. Beləcə bir neçə ay evimizdə qan-qaraçılıqlar oldu. Israfil havalı kimi evdə, həyət- bacada dolanırdı.
Üçüncü hamiləliyimi biləndə evdə yenə mehribançılıq oldu. Doqquz ay sonra üçüncü qızımız oldu. Israfil yenə adını Gülpəri qoyanda dalaşdıq. Dedim qoyma ananın adını. O nigaran gedib deyə uşaqları bir- bir aparır yanına. Eşitmədi məni. Anamın arzusu olub dedi. Ücüncü qzımızda Gülpəri adı ilə böyüməyə başladı. Hər gün qorxu içində yaşayırdım ki, bu qızda öləcək. Gülpəri İsrafilin aldığı nəfəs, döyündüyü ürəyi idi. Qızına o qədər bağlı idi ki. Baba olan yaşda ata olmuşdu. Bir necə il qorxu içində yaşadım ki, qızım öləcək. Amma qızım böyüdükcə bu qorxunuda unutdum. Gülpəri də atası ilə nəfəs alırdı. Gündə neçə dəfə atasını qucaqlayıb öpərdi. İsrafil də onun nə arzusu vardi yerinə yetirirdi. Gülpəri orta məktəbi əla qiymətlərlə bitirdi. Tibb universitetinə qəbul oldu. Arzusu həkim olmaq idi. Atasina deyirdi həkim olum sənin ürəyini sağaldacağam. Israfil son illər ürəyindən çox əziyyət çəkirdi. Gülpəri də hər atasının ürəyi tutanda deyirdi ata, bax, ölmə haa, mən sənsiz yaşaya bilmərəm. Özümü öldürərəm. Gülpəri 20 yaşına çatanda atası ona cox qəşəng ad günü keçirdi. Dost - tanış, el – oba hamını dəvət etmişdi. Qızımızın yubiley yaşı olurdu. Amma ad gününün səhəri İsrafilin ürəyi möhkəm tutdu. Həkim gələnə kimi keçindi. Üç kişi Gülpərini tutub saxlaya bilmirdi. Qız atasının cənazəsini evdən çıxarmağada qoymurdu. Mən bu qızı necə sakitləşdirəcəyimi bilmirdim. Qorxurdum da özünə nəsə edər. Atasını dəfn edəndən sonra Gülpəri sanki muma döndü. Ağlamadı. Çox sakit oldu. Mənə də hələ təsəlli verdi. Atam ölməyib dedi, o bizimlədir. Gecə hamı evinə gedəndə ana - bala evdə tək qaldıq. Israfilsiz sanki ev bom – boş idi. Israfilsiz ev vahiməli və evdə ölüm qoxusu vardi elə bil. Gülpəri mənə təsəlli verib yatmağımı istədi. Özüdə atasının yerində uzandı. Xısın – xısın ağladığını eşidirdim. Mən də çox ağlamışdım deyə gözlərim yorğun idi. Yuxu nə vaxt məni aparıb bilmirəm. Ayılan kimi Gülpəriyə baxdım. Yerində yox idi. Səslədim, hay vermədi. Tez durub mətbəxə baxdım orda yox, hamam otağında yox. Bəs bu qız hardadır deyə narahat oldum. Həyətə çıxdım. Zülmət qaranlıq. Üşəndim, evə girmək istədim. Sanki biri mənə dedi ağaclara tərəf get. Ay qızım, kaş mən öləydim balamı eləcə ağacdan sallanan görməyəydim. Qızım məni yuxuya verib intihar etmişdi. Qışqırığıma millət töküldü. Mən eləcə qışqırırdım gorun catlasın ay Gülpəri arvad. Sən mənim balalrımı bir – bir apardin yanına. Atasız yaşaya bilmədi mənim qızım. Anasını heç düşünmədiki tək – tənha bu həyatda neyniyəcək. Çırağımı söndrüb getdi. Mən necə daş qəlbli anayam ki, ay qızım hələdə yaşayıram. O qədər müsibətlərdən sonra mənim yetmiş səkkiz yaşım var və hələ də yaşayıram. Kimsiz, kimsəsiz oturub ölüm günümü gözləyirəm.
Səməni nənənin gözlərindən axan aramsız göz yaaşlarına baxdım. O susmuşdu, amma baxışları uzaqlara dikilmişdi. Mən bu danışılanların təsirindən ayıla bilmirdim. Bu nə zülm, bu nə alın yazısıdır ilahi. Bəlkə həyatımda eşitdiyim ən ağrılı bir həyat hekayəsi dinlədim. Mən Səməni nənəyə təsəlliverici bir söz tapıb deyə bilmədim. Sadəcə onu qucaqlayıb ağladım. Səməni nənə ilə sağollaşıb çıxdım. Bir müddət özümə gələ bilmədim. Dayanacaqdakı oturacaqda oturub özümü ələ almağa çalışdım. Çünki dəli bir hayqırtı vardı içimdə. Hey gözümün qabağına Səməni nənənin yaşadıqlarını gətirdim. Onun danışdıqlarını qələmə alanda da göz yaşları ilə aldım. Həyatda necə dərdlər varmış İlahi. Səməni nənə bu boyda dərdlərin qarşısında özünü dik tutmağı, şən göstərməyi bacarırsa o böyük qadındır. Istəmir kimsə ona acısın. Dərdini içində çəkən Səməni nənənin hekayəsi də burda beləcə bitdi. Allah verən ömrünü sona qədər kimsəsiz olaraq dərd yükü altda yaşayaraq ölüb gedəcək bu dünyadan və heç kimdə bilməyəcək ki, onun ürəyi daşıya biləcəyindən artıq dərdlə yüklənmişdi.

Fəridə ƏSƏDOVA

Oxunub: 1 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR