dini radikalizm və ekstremizmlə mübarizə

KƏDƏR TARİXİMİZ OLDU GÜLÜSTAN


KƏDƏR TARİXİMİZ OLDU GÜLÜSTAN

"Arazı ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar"

"Hanı bu ellərin mərd oğulları?
Açsın bərələri,açsın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu,söz Koroğlusu?"*
1
Araz nalə çəkdi,hayqırdı o gün,
Göy üzü tutuldu,göz yaşı tökdü.
Quşlar oxumurdu,baxırdı küsgün,
Kəpəzim,Savalan boynunu bükdü.
Ağ vərəq üstündə bölündü bir can,
Vurdu millətimin boynun"Gülüstan"
2
Müdhiş bir sazişin ağırlığından,
Əyildi belimiz hey zaman-zaman.
İşğalçı,ölkəmdə sürərək dövran,
Söndü Təbrizimin gür çıraqları.
Zeybənin suları donaraq bu an,*
Qədim bir xalqımı əzdi "Gülüstan"
3
Ağ vərəq üstündə atılan imza,
Əsarət zəncirin qoluma vurdu.
İmzalar zəhər tək axdı boğaza,
Yandırdı içimi,boynumu burdu.
Ayaqlar altında kəsdilər"qurban"
Əsdi qara yellər,dondu"Gülüstan"
4
Masalar üstündə bölündü elim,
Bölündü tarixim,bölündü dilim.
Arazdan o tayda qaldı bir əlim,
Qardaşı qardaşdan ayrı saldılar.
Əyildim,əzildim,oldum yarımcan,
Vurdu ürəyimə damğa"Gülüstan"
5
Sızlayan biz olduq,sevinən onlar,
Gülüş çələnginə bürünən onlar.
Qalib görkəmində öyünən onlar,
Faciəm üstündə qurdular büsat.
Kədər çələnginə bələndi hər yan,
Vətən tariximi böldü "Gülüstan".
6
Qardaş ayrı düşdü,büküldü dizim,
Gözü yaşlı qaldı Bakım,Təbrizim.
O tay da,bu tay da hamısı bizim,
Ayrılıq yamandır,yamandır qardaş.
Başımın üstünü aldı çən-duman,
Vurdu ürəklərə damğa"Gülüstan"
7
"Gülüstan"sazişin sanaraq,bədnam,
"Payıma az düşdü"çəkdilər əncam.
Yenə hökümdarlar verdi sərəncam,
Yenə göz yaşlarına bəzəndi Vətən,
Tükmənçay sazişi yazılan zaman,
İlişdi boğazda,qaldı"Gülüstan"
8
İkiyə bölündük,haray ay haray!
Araz sərhəd oldu,ayrıldı o tay.
Boğuldu içimdə bəzəkli saray,
Dirəklər vuruldu sinəmin üstə.
İkiyüz ildən çox yandırır hicran,
Kədər tariximi yazdı "Gülüstan"
9
Həris gözləriylə bir də baxdılar,
Vətən torpağına həmən axdılar.
Bölünmüş ürəyə bayraq taxdılar,
Bir qardaş o üzdə,biri bu üzdə,
Arazdan o taya baxaraq giryan,
Kədər yaddaşımız oldu"Gülüstan".
10
Hər iki sazişdən keçmişdi gün,ay,
Sürüldü evimə yüz minlərlə"hay"*
Sonrakı illərdə xeyli artdı say,
Xalqımın əfqanı göyə ucaldı.
Axdı su yerinə Vətənimdə qan,
Kədər tariximiz oldu "Gülüstan"
11
İşğalçı ölkələr məqsədə çatdı,
Özgənin torpağın özünə qatdı.
Dartdılar şikarı hərə bir yana,
Yaralar vurdular Azərbaycana.
Ayrılıq mahnısı olaraq dastan,
Bir xalqı ikiyə böldü"Gülüstan".
12
Böldülər bir xalqı rahat,ahəstə,
Sürüldü evimə"hay"dəstə-dəstə.
Yığıldı Vətəndə yadlar üst-üstə,
Ağlaşma sədası çatdı hər yana,
Sancdı ürəyimi hər yerdən ilan,
Kədər tariximiz oldu"Gülüstan"
13
Farslarla döyüşü gətirdi zəfər,*
Sonra Türkiyəyə etdilər "səfər"*
Qardaş ölkəmizi aldı qəm,kədər,
Ruslar kömək əlin uzatdı "yan"a,
Ədirnə sülhüylə qaynadı tiyan,*
Töküldü içinə,yandı müsəlman,
Kədər tariximiz oldu"Gülüstan".
14
İranla sazişdən keçən hər saat,*
Dəyişdi"hay"larda şərait,həyat.
Hər yerdən axışdı hey üzü bəri,
Artdı xalqlarımın ağır dərd-səri.
Başlandı Vətəndə oğurluq,talan,
Kədər tariximi yazdı "Gülüstan".
15
Deyirlər,Pyotur etmiş vəsiyyət,*
"Gərək Avropaya çata mülkiyyət.
Sərhəd məkanımız ola Hindistan,
Sünnilər,Şiələr olsunlar düşman.
Tutulan torpaqda yaşasın rus,"yan",
Çalış,dost olmasın İranla Osman*
16
Yerli hakimlərdən"Çar"a yazhayaz,*
Satqınlıq "yan"lara verir imtiyaz.
"Gülüstan"dan ötən on yeddi il,ay,
Sürüldü yurduma ikiyüz min "hay".
Doldu erməniylə Göyçə,Yrəvan,
Zəngəzur,Qarabağ,Şəki,Naxçıvan.
Kədər tariximi yazdı "Gülüstan"
17
"Arxalı köpəklər hürər,qurd basar"
Qudurub saldırar qartala da sar.
Qəddarın axırı sonda qan qusar,
Məzlumun naləsin eşidər Allah.
Şərəfin,mənliyin,əxlaqın satan,
Tarixin önündə verər imtahan.
18
Min doqquzyüz beşin şaxtalı ayı,
Çatdı dördyüz minə"hay"ların sayı.
Zəngəzur,Naxçıvan,Bakı,Qarabağ,
İrəvan,Gəncəyə çəkdilər min dağ.
Soyqrım törətdi o,mənfur düşman,
Gətirdi qəm-kədər,yaxdı"Gülüstan".
19
Keçdi faciədən,keçdi onüç il,*
Yenə hiylə torun hörərək qatil,
Erməni qüvvələr Bakıya doldu,
Xalqımın bağçası saraldı,soldu.
Qanlı qırğınlara verərək fərman,
Yurdumu atəşə tutdu Şaumyan,
Kədər tariximiz sən ey"Gülüstan".
20
Martın otuzuydu,hava da təmiz,*
Hiylədən xəbərsiz saf millətimiz.
Atəşə tutulduq,qan döndü çaya,
Lenin də şimaldan söz verir"hay"a,
Güllələndi əlli mindən çox insan,
Qana qəltan olan Can Azərbaycan,
Kədər tariximsən sən ey"Gülüstan"
21
Şərqdə göy gurladı,bir ulduz doğdu,
Düşmənin ürəyin,nəfəsin boğdu.
Müstəqil bayrağım ucaldı göyə,
Xoş xəbər yayıldı şəhərə,köyə.
Vətən torpaqlarım oldu çıraqban,
Tarixlər bəzədi Can Azərbaycan.
22
Xəbis qonşulardan həzər ay həzər,
Kin-küdrət içini dolaşar,gəzər.
Gözləri pislikdən çələng toxuyar,
Atdığı hər addım çirkab qoxuyar.
Saxlar qəzəbini,kinini pünhan,
Allahım,uzaq et belə qonşudan.
23
Şaumyan,Bakıdan Leninə yazır,
Müstəqil ölkəmə quyular qazır.
"Aman,Türkiyəni qoymayın gələ,
Bütün bənd-bərəni keçirdin ələ."
Lenin,Gürcüstana vəd verir dolu,*
Təki,Türkiyənin kəsilsin yolu.
24
Hər bir təhlükəni alaraq gözə,
Osmanlı ordusu yetişdi bizə.
Milli qüvvələrlə İslam ordusu,
Bakı azad oldu,keçdi qorxusu.
Gəncədən Bakıya köçdü hökumət,
Təhlükə sovuşdu,sevindi ümmət.
25
Ucaldı bayrağım,gur işıq saçdı,
Keçdiyi yollarda qızıl gül açdı.
Sülhün,həmrəyliyin ardınca qaçdı.
Hər bir əməlindən ucaldı Vətən,
Yolunda özünü verərək qurban.
Neçə Türk əsgəri,neçə qəhrəman.
26
Düşmənin nəfəsin kəsirdi hiddət,
Nifrətlə süzürdü gözündə şiddət,
Yanıb tökülürdü görəndə vəhdət.
Müstəqil Vətənim deşirdi gözün,
Süzülür içindən,sözündən böhtan,
Bizə qəm gətirdi,kədər "Gülüstan".
27
Artır Vətənimdə hər an təhlükə,
Çətinlik önündə dayanır ölkə.
Yağı düşmənlərlə qalır üz-üzə,
Tuşlanır üzümə,köksümə nizə.
İrəvan "hədiyyə"edildi.aman!
Kədər tariximiz oldu"Gülüstan".
28
Zəngəzurla Göyçə,Dilican getdi,
Şərur-Dərələyəz gözümdən itdi.
Riyakar qonşular arzuya yetdi,
Bir-bir Oğuz yurdu"hay"a verildi.
Mülküm qarət oldu,olmadı həyan,
Kədər tariximiz oldu"Gülüstan".
29
Vətənim bələndi al qızıl qana.
Yaralar vuruldu Azərbaycana.
Alova büründü hey Odlar yurdu,
"Gavur"lar tələsik xaniman qurdu.
Dostları şadlandı,oldu pasiban,
Kaş ki,olmayaydı əzəl "Gülüstan".
30
Qərbi Azərbaycan verildi,bitdi.
Bir müddət itlərin hürüşü itdi.
Qorbaçov orada gəldi"mərkəz"ə,
"Gavur"lar yenidən girdilər gözə.
"Qarabağ da bizim"etdilər"üsyan"
Kədər tariximiz oldu "Gülüstan".
31
Moskva önündə ağladı zar-zar,
Vurdu baş-gözünə,etdi ahuzar.
Şərait yaratdı,gözlərin yumdu,
Riyakar erməni üstümə cumdu.
İkiyüz əlli min qovuldu yurddan,
Bizləri möhnətə saldı"Gülüstan".
32
Qovuldu işindən tez Ulu Öndər,
Aldı caynağına bizi qəm-kədər.
Yağı düşmənlərin aşıldı yolu,
Yağdı başımıza daş-kəsək,dolu.
Xocalım dağıldı,edildi viran,
Kədər tariximiz oldu"Gülüstan".
33
Sonra da verildi Laçınım,Şuşam,
Xocavənd,Kəlbəcər,Ağdərə,Ağdam.
Cəbrayıl,Fizulim,Qubadlım yandı,
Gözəl Zəngilanım qana boyandı.
Tamam Qarabağım olaraq biryan,
Kədər tariximiz sən ey "Gülüstan"
34
Otuz il Qarabağ edildi işğal,
Otuz il utandıq,olaraq bihal.
Ağır məğlubiyyət etdi bizi lal,
İnlədi Sübhan da əlində Quran,
Kədər tariximiz oldu"Gülüstan".
35
Budur,qoç igidlər qalxdı ayağa,
Ordumuz oxşayır sanki bir dağa.
İt kimi qovuldu o,mənfur dığa.
Qardaşlar verdilər çiyin-çiyinə,
Qovuşdu Qarabağ,qırıldı zindan,
Bütövləş,iriləş Can Azərbaycan!
36
Alnımızda qara olan bir ləkə,
Əydi qəddimizi hey zaman-zaman.
Ağır qəm yükünü biz şəkə-çəkə,
Güldü üzümüzə hiyləgər düşman.
Budur,azad oldu o Cənnətməkan,
Gözlərimiz aydın Can Azərbaycan!
37
Çaldı Qarabağda Ordumuz zəfər,
Qalan torpaqlara edəcək səfər.
Zəngəzur,Göyçəmdə qalmayıb təpər,
Şərur-Dərələyəz,Dilican betər.
Ələsgərin qəbri olubdur yeksan,
Böldü bir milləti,əzdi "Gülüstan".
38
Ey kədər tarixim Gülüstan kəndi,
Böldün sən xalqımı,əyildi qəddi.
Çəkdin ürəyimə tikandan səddi.
Qardaşı,qardaşa qoyaraq həsrət,
Nə vaxt yollarımdan itəcək tikan?
Kədər tariximsən sən ey"Gülüstan"
39
Təbrizim göz yaşı tökdü ha tökdü,
Vətən,Vətən deyib diz üstə çökdü.
O tay da,bu tay da boynunu bükdü,
Bakı qan ağladı,haray,ay haray!
Sən ey ayrılığa qol qoyan,utan!
Kədər tariximiz oldu "Gülüstan".
40
Arazı ayırdılar o gündən bəri,
Vurdular sinəmə iti xəncəri.
İkiyüz illərdir gözlərimdə yaş,
Əllərim uzanıb o taya qardaş.
Hanı qarşılayan,əlimdən tutan?
Oyan,aç gözünü,bitsin"Gülüstan!"
Kədər tariximsən sən ey"Gülüstan"
---------------
---------------

*-Gülüstan kəndində çay
*-"hay"-erməni
* 1804-1813 Rus-İran müharibəsi.
*Osmanlı döv. adlanırdı.
*1826-1829-Rus-Türk müh.
* 1813-Gülüstan sazişi
* 1-ci Pyotur
*-Osmanlı döv.
*Çar-hökmüdar.
*1905-1906
*-1918 ci il.
*-Gürcüstana muxtariyyat vəd olunur.

Oxunub: 5 380
Oxşar xəbərlər
SON XƏBƏRLƏR