dini radikalizm və ekstremizmlə mübarizə

Murat Qoca Ərturan poeziyasının incilərindən

Baxış Sayı:1 817


Üşüdüm sənsiz.

Sənsizəm, yatağım soyuq buz kimi.
Qəlbimi, ruhumu üşüdür mənim.
Heç sevən görmədim, dəli biz kimi.
Su ol, sussuz qalıb gülüm-çəmənim.

Yatağımda yerin boşdu əzizim,
İsti nəfəsinə ehtiyacım var.
Qollarında olmaq xoşdu əzizim,
Qəlbimdə sənintək sevgi tacım var.

Donuram ey yarım, qucaqla məni,
Başımı qoyaram gül sinən üstə.
İllərdir gözlədim sən tək sevəni,
Verərəm canımı, canımı istə...

Qaranlıq otaqda nəfəs-nəfəsə,
Sarılaq sevgidən yanan aşiqtək.
Sənə toxunduqca mən əsə-əsə,
Utanma sevgilim məndən uşaqtək.

Gəl al qollarına, unudaq qəmi.
Qovuşaq illərin həsrətlisi tək.
Sınmış ürəyimin sənsən məlhəmi,
Öp məni, Muradın sevgilisi tək.


Acı etiraf...
Hər gecə nigaran yoluma baxdın,
Mənim gəlişimi gözlədin qadın.
Sel oldun, göz yaşı qəlbinə axdın,
Etdiyim günahi üzə vurmadın.

Şam kimi əridin dərtdən, qüssədən,
Mənsə yad qollarda sevgi axtardım.
Sən susdun. Mən isə xəyanət edən.
Gündə bir ünvanda yatıb qalardım.

Hər gün bir bəhanə, başqa bir yalan.
İsti yuvamıza boran gətirdim.
Əhdinə, sözünə sən sadiq qalan
Mələk tək simalı səni itirdim.

İndi mən diz çöküb məzarın üstə,
Nə deyim? Etdiyim günahlar çoxdu.
Dön geri, verərəm canımı istə,
Tənha qalmışam mən, həmdəmim yoxdu.

Getməyə nə yerim, nə məkanım var.
Buz kimi məzarın isti yuvamdı.
Heç nəyim qalmayıb, quru canım var.
Yatdığın məzarın tək ünvanımdı.


Şəhid oldum...Anacan.

Mənim üçün ağlama,
Yerim cənnət Anacan.
Üzülmə yoxluğuma,
Rəsmə baxıb yanacan.

Ən müqəddəs zirvəyə,
Ucalmışam, qalxmışam.
Vətən üçün ölərək,
Şəhid adı almışam.

Sənin qədər əzizdir,
Can verdiyim bu Vətən.
Güldür, çiçəkdir mənə,
Əynimdəki ağ kəfən.

Gəncliyimə üzülmə,
Başın uca tut Ana.
Şəhid anasısan sən,
Qurban Azərbaycana.

Məni anla, qınama,
Vətən candan şirindir.
Son sözümdür Anama.
Cənnət mənim yerimdir.


Ümidlərin bitdiyi an…

Həsrət dalğasında itib batmışam,
Gedəcək ünvanım zülmət, qaranlıq.
Mənzilin sonuna gəlib çatmışam,
Ömrü yelə verdim getdi cavanlıq.

Qalmışam qaranlıq boşluq içində,
Ümid işığımı yandıranım yox.
İlahi, dərmanım sənin əlində,
Qırılıb qanadım, sağlam canım yox.

Geri dönməz daha ömür kərvanım,
Ömürü ömürə caladıq ey yar.
Allahın verdiyi bitir zamanım,
Sənə deyilməmiş hələ sözüm var.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR