dini radikalizm və ekstremizmlə mübarizə

FAİQ NƏZƏROVUN POEZİYA DÜNYASI


Kimə kəm söz deyirik...

Haqqı batildən ayırd eyləməyi bilməyirik,
Doğruya kəm baxırıq, doğru yola gəlməyirik.
Bu halaldır, ya haram fərqi nə? Lop-lop yeyirik,
Pulluya yan basırıq, yoxsula daldan dəyirik.
Biri bir yaxşılıq etsə onu dümsükləyirik,
Kimə nə bizdən, a qardaş, kimə kəm söz deyirik?

Sən də get aç başını, vur qazı, doldur qazanı,
Dövləti işğal edib oğrusu, yoldan azanı.
Bir ömür həbsə salır düz danışıb, düz yazan.
Ekranın təbliğ edir toliki, mamarozanı,
Yastlanıb ailəcə seyr edirik, dinləyirik,
Kimə nə bizdən, a qardaş, kimə kəm söz deyirik?

Gör-götür dünyasıdır, ay uşağım, sən də götür.
Kef elə, fikr eləmə zərrəcə, beş gündür ömür.
Məscidə getmə nahaq, restorana, bulvara sür,
Gördüyün hər şeyi dad, hər nə ki vardır neçə cür,
Sən batır aləmi, arxanda durub üzləyirik,
Kimə nə bizdən, a qardaş, kimə kəm söz deyirik?

Din-iman yoxdu, bala, hoqqabazın qurmasıdır.
Mollanın fikridi bu, milləti caydırmasıdır.
Allaha bağlama bel, keçmişin uydurmasıdır.
Hərənin bir işi var-qarnını doydurmasıdır,
Ruzimiz gəlməsə göydən, göyü dimdikləyirik,
Kimə nə bizdən, a qardaş, kimə kəm söz deyirik?

Birisi yansa dönüb üstünə su atmarıq heç,
Uçurumdan düşəni əl uzadıb tutmarıq heç.
Eşidib haqq sözünü, balla qatıb udmarıq heç,
Belə minval ilə getsək, axıra çatmarıq heç,
Hansı üzlə zamanın Sahibini gözləyirik?
Kimə nə bizdən, a qardaş, kimə kəm söz deyirik?!


Küsüb gedirəm...

Mənimki də belə gətirdi başdan,
İşim gözdən çıxdı, çörəyim daşdan.
Yarıya bilmədim yardan, yoldaşdan,
Göz yaşın qəlbimə süzüb gedirəm,
Dünyadan beləcə küsüb gedirəm.

Dünyada nə mülküm, nə malım oldu,
Üsyan eləmədim, hər halım oldu.
Ən uca amallar xəyalım oldu,
Arzumu kəlməyə düzüb gedirəm,
Dünyadan beləcə küsüb gedirəm.

Düzü satıb yalan alan dünyadan,
Kisiləri yola salan dünyadan,
Yıxılana balta çalan dünyadan,
Haqsız baltalardan bezib gedirəm
Dünyadan beləcə küsüb gedirəm.

Əllini adlayıb,az deyil yaşım,
Daşdan daşa dəyib, ağarıb başım.
Sanmayın qayayam,sanmayın daşam,
Dağ kimi dağlara dözüb gedirəm,
Dünyadan beləcə küsüb gedirəm.

Faiqəm,dağlarda ellərim qalıb,
Bağçamda açmamış güllərim qalıb,
Tabutdan uzanan əllərim.qalıb,
Əlimi əllərdən üzüb gedirəm,
Dünyadan beləcə küsüb gedirəm.


Gedər...

Əcəl baxmaz ki heç qoca, cavana,
Nə yapar, nə edər, düz alıb gedər.
Biri həsrət qalar quru yavana,
Biri süd gölündə üz alıb gedər.

Kimisi doxsanı, yüzü adlayar,
Neçə yüz dərəni, düzü adlayar.
Alovlardan keçər, közü adlayar,
Dünyadan üqbaya köz alıb gedər.

Eləsi Sutana, padşaha bənzər.
Eləsi Yusifdir ki, imahi mənzər
Eləsi düşmənə bir iti xəncər-
Beləsin dünyadan tez alıb gedər.

"Dünya nəyə lazım" deyəni gördüm,
Dünyanın qəmini yeyəni gördüm,
Vədəsiz ağ kəfən geyəni gördüm,
Xəstə könüllərdən söz alıb gedər.

Nəzər sal sağının, solunun üstən,
Fidanlar kəsilir qolunun üstən.
Faiq, kimlər keçdi yolunun üstən..?
Baxdıqca yollara göz alıb gedər.


Nə oldu
Nəfsin həvəsi cövlana şeytanı gətirdi,
Çıxdı zülüm ərşə, boğaza canı gətirdi.

Verdi tikanın ağuşuna gülləri Allah,
Qan ağlamağa bülbüli- şeydanı gətirdi.

Qoydu neçə ahu balanı gözləri yolda,
Aslan dayanan pusquya ceyranı gətirdi.

Sadiq olanı gördü, özü bir qapı açdı,
Başdan keçən aşiqlərə meydanı gətirdi.

Hər nə elədi hikmət ilə "Ol "dedi oldu.
Ağlı verib, insanlığa heyranı gətirdi.

Ərşi yaradıb kürsüsünün altına qoydu,
Ulduzları da seyr edə seyranı gətirdi.

Fərşi döşəyib dağlara ormanları sərdi,
İrmaq axıdıb, üstünə insanı gətirdi.

Şeytanə uyan kəslərə atəş sözü verdi,
Eşq əhlinə də cənnəti-Rizvanı gətırdi.

Ömrü hədərə getsə də qəflətlər içində,
Faiq görüşə əldə ürək qanı gətirdi.

Oxunub: 1 322
Oxşar xəbərlər
SON XƏBƏRLƏR