dini radikalizm və ekstremizmlə mübarizə

XXI ƏSRİN AZƏRBAYCAN GƏNCLƏRİ BU CÜR ŞİKƏST VƏ YAD TƏFƏKKÜR İLƏ HARA GEDİR?


Demək olar ki, artıq 1993-cü ildən sonra Azərbaycanımıza bizə heç bir dəxli, aidiyyatı olmayan çox yad-yabancı, iyrənc, qeyri-ənənəvi mədəniyyət, adət-ənənələr, stillər, üslublar daxil oldu. Bunun ən böyük zərər-ziyanını isə heç şəkk-şübhəsiz ki, xüsusilə gənc nəsil və yeni doğulan körpələr çəkdi. Böyüklər də bundan ziyan gördülər. Necə ki, güclü külək əsər də, minillik möhkəm palıd ağacına heç nə edə bilməsə də, onun bir-iki yarpağını yerə salar, həmçinin bu yad şeylər yaşlı nəsilə elə də ciddi təsir göstərməsə də belə, buna rəğmən, onların qəzəbinə və heysiyyatına toxunmadan yan keçməmişdir. Milli mədəniyyəti üstələyən yad kültür özünü daha çox saç düzümündə, geyim-kecimdə, rəftarda, danışıqda, fikirlərdə və s. hərəkətlərdə göstərir. Yaşlı nəsil bu sınaqdan birtəhər üzüağ çıxmağı bacara bilmişdir. Amma cavan cəmiyyət isə hələ də çabalamaqda və bu xoşagəlməz, ikrahdoğurucu aləmdə irəliləməkdə davam edir. Gənclər "Avropalaşmaq" və "Müasirləşmək" adı altında özləri də bilmədən bir daha geri qayıtmayacaqları uçuruma doğru sevə-sevə gedirlər. Yalançı və saxta Avropa mədəniyyətinin heç bir keyfiyyəti yoxdur. Avropa yalnız texnologiya sahəsində və hərbi baxımdan inkişaf etmiş ola bilər. Amma mənəviyyat, əxlaq, insanlıq baxımından isə olduqca kasıbdır və geridə qalmışdır. Bu günləri dünyaya fahişəliyi, əxlaqsızlığı, murdarlığı, narkomaniyanı yayan Avropanı dırnaqarası müasirlik simvolu adlandıran və hesab edən gənc nəslin nə qədər şüursuz, axmaq olduğunu aşkar edə bilirik. Bu, onların cahilliyindən irəli gəlir. Ümumiyyətlə, öz milli-mənəvi dəyərləri və adət-ənənələri ilə yaşamayan insanın soy-kökü də şübhəlidir. Yeri gəlmişkən, indiki cavan oğlanların çoxunun oğru, avtoritet düşüncəsi ilə yaşaması, sanki, həbsxana məhbusu kimi özünü aparması, hər hansısa söhbətlərə beşbarmaq ilə getməsi, azadlıqda olmalarına baxmayaraq, həbsxana qanunları ilə yaşamaları və bunu cəmiyyətə də tətbiq etmək istəmələri, xüsusilə nədənsə təsirlənərək və ilhamlanaraq öz yaşlarına-başlarına uyğun olmayan xoşagəlməz hərəkətlərə yol vermələri, hər hansısa obyekt sahiblərinin məkanlarına gedərək orada yeyib-içəndən sonra pullarını verməmələri və əksinə onların boyunlarına haqq qoymaları, kimlərəsə xərac kəsmələri, öz bədənlərinə oğru aləminin müxtəlif cür işarələrini döymə etdirmələri onların dələduzluğundan, ailə tərbiyəsi görməmələrindən və doğru-düzgün bir insan kimi yetişməmələrindən xəbər verir. Bu cür gənclik heç kimə lazım deyil. Azərbaycan övladına maariflənmək lazımdır. Onları belə-belə xəstə düşüncələrdən, həm özlərinə və həm də ki, cəmiyyətə ziyan gətirəcək fikirlərdən uzaqlaşdırmaq lazımdır. İndiki gənclər vətənə, millətə və dövlətə faydalı bir vətəndaş olmaq əvəzinə tamamilə başqa bir yol izləyərək cəmiyyətin həyatına zərər-ziyan vururlar. Məsələn, onlar "Tik-Tok" sosial əyləncə adı altında səfeh-səfeh videolar çəkərək özlərini olduqca çox biabırçı bir vəziyyətə salırlar. Belə çıxır ki, Azərbaycan gənci avaradır və ömrünü-gününü yalnız belə gic-gic əməllərə sərf edir. "Gələcəyimiz" adlandırdığımız gənclərin elə səhv yollarda olması, cəmiyyətə gərəkli bir adam kimi həyat yaşamamaları təbii ki, hamımızı üzür. Onların hələ də ürəkaçan bir əməllərinə rast gəlməmişik. Çox təəssüflər olsun ki, bu günün Azərbaycan gənci sabahın ya canlı ölüsü, ya oğrusu, ya cinayətkarı, ya məhbusu, ya qatili, ya səfili və ya da ki, tüfeylisidir. Buna başqa ad vermək olmaz. Əlbəttə ki, mən bunu bütün gənclərə şamil etmirəm. Mühüm dövlət strukturları bu cür qeyri-sağlam və təhlükəli gənclər üzərində işləməlidirlər ki, onlar sabahın ümidi, gələcəyin isə parlaq vətəndaşı ola bilsinlər.

Ərtoğrul Aypar

Oxunub: 4 757
Oxşar xəbərlər
SON XƏBƏRLƏR