dini radikalizm və ekstremizmlə mübarizə

Səfəvi hökmdarı şah İsmayıl Xətainin tarixdəki bağışlanılmaz günahı: o, Osmanlı sultanı Yavuz I Səlim ilə müharibə edərək qardaş qanı tökməməli idi!

Baxış Sayı:1 752


Azərbaycan-Türkiyə qardaşlığının, daha doğrusu, Anadolu türkləri ilə yaranmış dostluq münasibətlərimizin ənənəsi uzaq keçmişdən gəlir. Bu ənənəni ilk dəfə ərsəyə gətirən, qoruyan və davam etdirən Qaraqoyunlu sülaləsi idi. Bu sülalə türksoylu bir tayfa olaraq tanınmışdır. Demək olar ki, Azərbaycanın siyasi-hərbi tarixində Qaraqoyunlular ilə Osmanlılar arasında nəyin ki, müharibə, heç xırdaca bir narazılıq belə olmamışdır. Onlar öz aralarında qardaşlıq münasibətləri qurmuşdular. Sonradan bu ənənəyə Ağqoyunlular zərbə vurdu. Məsələn, Osmanlı sultanı məşhur fateh II Məhməd ilə Ağqoyunlu hökmdarı Uzun Həsən arasında tarixdə "Otluqbeli" və yaxud da ki, ikinci bir adı ilə tanınan "Tərcan" döyüşü baş verdi. Uzun Həsən avropalıların şirin yalanlarına uyaraq Osmanlı dövləti ilə haqsız savaşlar etdi, lakin heç bir döyüşdən üzüağ çıxmadı, əksinə rüsvayçı məğlubiyyətə uğrayaraq tarixin bir səhifəsinə həkk oldu. O, bu hərəkətindən, daha doğrusu, qardaşa qılınc çəkməyin nə qədər haqsız və rəzil bir iş olduğunu anlayaraq peşmançılıq hissi keçirirdi. Hətta rəvayət edilir ki, Uzun Həsən can üstə olarkən, övladlarına belə bir vəsiyyət edir: "Bir daha Osmanoğulları ilə döyüşməyin". Həqiqətən, Uzun Həsənin ölümündən Ağqoyunlu dövləti süqut edənədək, onlarla Osmanlı dövləti arasında heç bir sıxıntı olmur. Lakin Səfəvilər sülaləsi 1501-ci ildə Ağqoyunlu dövlətini süquta uğradandan və Azərbaycanın siyasi idarəçiliyini ələ aldıqdan sonra Osmanlı imperiyası ilə Azərbaycan arasında olan heç bir qardaşlıq ənənəsinə, dostluq münasibətlərinə ehtiram göstərmirlər, xətir-hörməti tapdalayırlar. Növbəti qanlı qardaş qırğınının ən başlıca səbəbkarı isə heç şəkk-şübhəsiz ki, ilk Səfəvi hökmdarı Şah İsmayıl Xətai olur. Sultan I Səlim hakimiyyətə Osmanlı taxt-tacına yiyələndikdən sonra Səfəvi şahı İsmayıla rəsmi dövlət məktubu yazaraq onun hakimiyyətini tanımasını istəyir və ona birgə yürüşə çıxmaq təklifi edir. Şah İsmayıl Xətai Osmanlı sultanından aldığı məktubu oxuyandan sonra sultan I Yavuz Səlimə qarşı hörmətsizlik edərək ona kobud sözlər ilə dolu bir məktub göndərir. Əslində, Şah İsmayıl Xətai də babası Uzun Həsənin yolunu davam etdirərək Osmanlı dövlətinə qarşı fitnəkar bir addım ataraq müharibə qığılcımının alovlanmasına, yenidən ağır qardaş qırğınının törənməsində bir növ baş aktyorluq edir. Onun yanında həmişə Misirdən gələn yəhudi kökənli şiə şeyxləri olurdu və bütün addımlarını həm onların və həm də ki, Avropa dünyasının fətvası ilə atırdı. Ümumiyyətlə, nə Şah İsmayıl Xətai və nə də ki, digər Səfəvi şahları tarixdə heç vaxt avropalılar, xristianlar ilə müharibə etməmişdirlər. Onlar yalnız türk və müsəlman xalqları ilə cəng etmiş, onlarla haqsızcasına döyüşmüşdürlər. Sultan I Yavuz Səlim Şah İsmayıl Xətaiyə göstərdiyi nəzakətin və qardaşlığın qarşısında ondan bu cür mədəniyyətsiz və kobud rəftar gördüyü üçün olduqca çox qəzəbləndi. Məğrur, inadkar və istədiyini etməyə hər zaman iddiası olan sultan I Yavuz Səlim Şah İsmayıl Xətaini bu cür etdiyi səhvə görə cəzalandırmaq məqsədi ilə öz qoşununu da götürüb yola çıxdı və Azərbaycan diyarına gəlib-çatdı. Bundan əlavə, Şah İsmayıl Xətai uşaqlığından etibarən kimliyi bəlli olmayan şeyxlər, ruhanilər tərəfindən dini tərbiyə görmüş, onda sünni təriqətinə qarşı bir antipatiya formalaşdırılmışdı. Şah İsmayıl sünni türklərə qarşı çox amansız və qəddar bir şəkildə davranırdı. Onun hələ ilk dəfə Təbriz şəhərinə daxil olaraq taxta oturduğu gün Təbriz şəhəri sünni müsəlmanların qanına boyadılmışdı. Daha doğrusu, bu cinayət əmrini o, vermişdi və qızılbaşlar da bu haqsız, qeyri-insani əmrə canla-başla əməl etmişdilər. O dövrdə qədim şəhərimiz Təbrizdə yaşayan sünni müsəlmanlar üçün həmin gün ən acı və qanlı bir gün oldu. Qızılbaşlar əllərində qılınc ilə sünni camaatı məscidə yığmış və onlardan İslamın 3 məşhur xəlifəsi olan Əbu Bəkrə, Ömərə, Osmana və Peyğəmbərimizin həyat yoldaşı Aişə xanıma lənət oxumalarını istəmişdilər. Lakin Təbriz əhalisi bu cür təhlükəli və günah qazandıran əmələ qol qoymaq istəmədi. Bunun qarşılığı olaraq özünü "Türk" adlandıran bu dırnaqarası qızılbaşlar, daha doğrusu, quldurlar öz xalqımızı qılıncdan keçirdilər, onların xanımlarına təcavüz etdilər; var-dövlətlərini, mallarını halal hesab edərək talan etdilər. Üzr istəyirəm, hələ bəzi qaynaqlar gedir ki, Şah İsmayıl Xətai sünnilərdən acıq çıxmaq, intiqam almaq üçün onların cavan oğlanların qarşı da bəzi tərbiyəsiz hərəkətlər etmişdir. Bu qədər ədalətsizliklərə şahid olan sünni camaatın yarısı öz ailələrini, əşyalarını toplayaraq doğma yurdları olan Təbrizə əbədiyyən "Əlvida!" deyərək başqa məmləkətlərə, ölkələrə üz tutdular. Qızılbaşlar "Şiəlik" adlı bir siyasi ideologiyanı əsas götürdülər və Təbriz şəhərində bu cür möhkəmlənərək özlərinə səltənət qurdular. Mətləbdən uzaqlaşmayaq. Deməli, 1514-cü ilin avqust ayının 23-də Çaldıran adlanan bir yerdə Səfəvi və Osmanlı qoşunları üz-üzə gəldi. Osmanlı ordusu Səfəvi ordusundan həm sayca və həm də ki, silah-texnika baxımından qat-qat üstün idi. Döyüş başladı, burada kimin qalib gələcəyi sözsüz ki, bəlli idi: qeyd etdiyim kimi Osmanlı ordusu hər zaman bütün döyüşlərdə zəfər çaldığı kimi bu döyüşdə də zəfər çaldı və Şah İsmayıl Xətainin qoşununun belini qırdı. Uduzacağını və ələ keçəcəyini görən Şah İsmayıl elə yaxa ələ verməmək üçün döyüş meydanından qaçdı. O da babası Uzun Həsən kimi rüsvaycasına məğlub edildikdən sonra peşman oldu və bir daha Osmanlı dövləti ilə savaşa girməyə cəsarət etmədi. Nəql olunur ki, döyüşlərdən birində Şah İsmayıl Xətainin xanımı Osmanlı sultanına əsir düşür. Şah İsmayıl söyüş, həqarət dolu bir məktub və yanında da hər hansısa bir heyvanın peyini olan bağlamanı sultana göndərir, bağlamanın da üstünə "Nuş olsun" yazır. Sultan Səfəvi şahı İsmayıl tərəfindən özünə göndərilən bu ədəbsiz bağlamanı açaraq baxır və onun peyin göndərdiyini görür. Sonra, sultan da öz əxlaqını nümayiş etdirir: bir bağlama hazırlatdırır, içərisinə bal qoyur və üstünə də "Hər kəs öz yediyindən pay verər" cümləsini yazır. Bu qarşılıq çox möhtəşəm və ibrətamiz bir cavabdır. O, bir daha Şah İsmayıl Xətaiyə onun nə qədər qanmaz, məğlubiyyətə məhkum olduğunu və gücünün yalnız belə cılız şeylərə çatdığını qandırmaq istəyirdi. Məsələn, o günkü Azərbaycan-Osmanlı münasibətləri ilə bu günki Azərbaycan-Türkiyə qardaşlığı arasında göründüyü kimi yer ilə göy qədər fərq vardır. Bu günləri Azərbaycan əsgəri Türkiyə üçün, Türkiyə əsgəri də ki, Azərbaycan üçün canını sevə-sevə verər və şəhid olar. Ancaq Şah İsmayıl Xətai adlanan bu adam qardaş qırğınına, hər iki tərəfdən qardaşlarımızın boş və mənasız yerə qətl edilməsinə bais oldu. O, vaxtında sultan I Yavuz Səlim ilə bərabər qardaşlığa and içsəydi, onu bağrına bassaydı, uzatdığı əli sıxsaydı, Azərbaycana başqa heç bir işğalçı girə bilməzdi, sünni-şiə qarşıdurması yaranmazdı. Şah İsmayıl Xətainin nə Azərbaycanımıza və nə də ki, Azərbaycan türklərinə heç bir xeyiri, faydası dəyməmişdir. Əksinə, cənub torpaqlarımızın bir çoxunu şarlatan farslara ərməğan etdi. Bəzi səfəvipərəstlər Şah İsmayılı qəhrəman kimi göstərmək üçün iki əsas gətirirlər: güya ki, şeirlərini Azərbaycan türkcəsində yazıb və Azərbaycanı şimallı-cənublu birləşdirib. Bu səbəblərin isə hər ikisi çürük və yersizdir. Çünki, əgər o, özünü "Azərbaycan hökmdarı" adlandırırdısa, əlbəttə ki, bu ölkənin dilində yazıb-yaratmalı idi; elə olmasaydı, heç vaxt xalqın etibarını və sevgisini qazana bilməzdi. Bu da ki, bir növ hiyləgərlikdən başqa bir şey deyildi. Azərbaycanın birləşdirilməsinə gəldikdə isə, bu ölkə sasanilərin də, ərəblərin də, monqolların da, özbəklərin də ağalığı dövründə həm şimallı və həm də ki, cənublu bir yerdə idi. O zaman, gərəkdir ki, farslara, ərəblərə, monqollara və özbəklərə də mədhnamələr, dastanlar qoşaq?! Təbii ki, xeyr. Hələ Şah İsmayıl Xətainin də milliyyətcə türk olduğu şübhə altındadır. Onun daha çox kürd olduğu iddia edilir. Bəlkə elə bu iddia bizim bilmədiyimiz, illər ilə xalqın qəhrəman gözündə gördüyü bir quldurun əslində kim olduğunun ən bariz bir nümunəsidir. Dediyim kimi, türk heç bir vaxt öz qardaşına qılınc çəkməz və xain göz ilə baxmaz. Ondan sonra bütün Səfəvi şahları utanmaz-utanmaz Osmanlı sultanları ilə müharibələr apardı, bir çoxunda isə elə özləri məğlub oldular. Allah da Səfəvi sülaləsini Nadir şah Əfşarın əli ilə cəzalandırdı, onların bütün kökünü kəsdi. 1736-cı ildə Səfəvilər sülaləsi süquta uğradıldı, ya 1739 və ya da ki, 1740-cı ildə Sonuncu Səfəvi şahı olan II Təhmasib və üç oğlu elə zindanda olduqları halda Nadir şah Əfşarın sərkərdələri tərəfindən müdhiş bir şəkildə öldürüldülər. Türkə qalxan əlləri Allah belə qırar! Odur ki, Azərbaycan və Türkiyə Cümhuriyyətləri hər bir zaman qardaş, dost və can-ciyər olmuşdurlar. İnşallah ki, bundan sonra da belə qalacaqlar. Allah bu qardaşlığı möhkəmləndirsin və bizə o qədər tükənməz güc-qüvvət əta etsin ki, vahid düşmənlərimizə qarşı elə öz adımıza layiq bir şəkildə mücadiləmizi, mübarizəmizi çox böyük bir əzmlə davam etdirə bilək, amin!

Ərtoğrul Aypar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR