dini radikalizm və ekstremizmlə mübarizə

Sübhan Abasbəylinin poeziya dünyası


TÜRK DÜNYASI

Türk oğlu Türk ayıl,gözlərini aç!
İkiyüz milyonla dünyaya nur saç!*
Parçalanıb yanma,cəhalətdən qaç!
Cahangirlik dövrün sen yadına sal!
Birləş Türk dünyası,göylərə ucal!

Türkmən,Özbəkistan,can Azərbaycan,
Türkiyəm,Qaqauz,Kipr,Qazaxıstan,**
Tatar,Çuvaş,Başqırd,həm Qırğızıstan.
Dilin bir,qanın bir,öz kökündə qal!
Birləş Türk dünyası,göylərə ucal!

Oğuz,Uyğur,Qıpçaq,Bulqarlar qardaş,***
Böyük Hun dövrünə aparır yaddaş,
Çox qədim tarixə söykənibdir yaş.
Əyilmə kimsəyə,dostluqdan güc al!
Birrləş Türk dünyası,göylərə ucal!

Qardaşa qardaş ol,olma bivəfa!
Gözləmə nankordan sədaqət,vəfa!
Hiyləgər tayfadan hey çəkdik cəfa,
Özgə süfrələrdə axtarırlar yal,
Birləş Türk dünyası,göylərə ucal!

Ey başı bəlalı Gülüstan kəndi,****
Kəsdilər o gündən bərəni,bəndi.
Qardaş ürəyinə şəkdilər səddi,
Bölündü Vətənim,olmuşuq bihal,
Birləş Türk dünyası,göylərə ucal!

Gözü yaşlı qaldı böyük bir elim,
Kəsib doğradılar hey dilim-dilim.
Təbriz ayrı düşdü,üzüldü əlim,
İşğal altındayıq,qalx qələbə çal!
Bütöv Azərbaycan,göylərə ucal!

*200-250 mil.
**Şimal Kipr Türk Res.
***türklər dil mənşəyinə görə
4-qola bölünür,(41- ləhcə)
****12.10.1813,10.02.1828-ci il,
Gülüstan,Türkmənçay müqaviləsi.


HAYDI HÜCUMA!

Ey ulu millətim,ey Azərbaycan!
Bölünüb ürəyim,parçalanıb can.
Hər gün axıdılır Vətənimdə qan.
İt kimi diş atır hay cuma-cuma,
Haydı igid əsgər,haydı hücuma!

Çoxsaylı xalqlarıq,vahid bir millət,
Babalardan gələn ünsiyyət,ülfət,
Bir Vətən içində qardaşlıq vəhdət,
Böyük Turan elim güc ver qoluma!
Haydı igid xalqım,haydı hücuma!

Otuz ildir gözüm gözləyir zəfər,
Nə vaxt Qarabağa edəcək səfər?
Daha ürəyimdə qalmayıb təpər.
Qırın zəncirləri,nur saç yoluma!
Haydı igid əsgər,haydı hücuma!

Əsir gedənlərim qalıbdır darda,
Bir milyon qaçqınım hey intizarda,
Məzar daşlarımız bilinmir harda,
Düşmən hiyləsinə Vətənim uyma!
Xan Şuşam ağlayır,haydı hücüma!

Dığalar Vətəndə sulayır meydan,
Axtarma kənardan özünə həyan!
Azadlıq yolumuz döyüşdür inan!
Arxalan xalqıma,doğma soyuma!
Qarabağ gözləyir,haydı hücuma!

İnləyir torpağım,gözləmə daha!
Səni and verirəm gözəl Allaha!
Qisas günlərini qoyma sabaha!
Ey ulu Vətənim yatma,uyuma!
Şair əsgərinəm,haydı hücuma!


ŞAİR ƏSGƏRİNƏM

Ey igid əsgərim,ey Vətən oğlu,
Şuşamın yoludur azadlıq yolu.
Başlandı haylarla amansız savaş.
Quduzlaşıb hürür it kimi düşmən,
Şair əsgərinəm mən də bu gündən!

Otuz il göz yaşı axıdır xalqım,
Otuz il əzilir,pozulur haqqım.
Yağdırın düşmənin başına alov.
Tezliklə geydirək haylara kəfən,
Şair əsgərinəm mən də bu gündən!

Yazılır tarixə o şanlı adın,
Gözünə ox batır yağının,yadın.
Səninlə ucalır zəfər bayrağım!
Göz dikib yoluna bu ana Vətən!
Şair əsgərinəm mən də bu gündən!

Ey igid əsgərim sən bir qəhrəman,
Unutmaz sizləri əlli milyon can.
Yandır Qarabağda bayram şamları!
Anam Azərbaycan öpür üzündən,
Şair əsgərinəm mən də bu gündən!

Türkiyəm,Pakistan həm Əfqanıstan,
Bizə dəstək vrən neçə gülüstan.
Xaricdə yaşayan milyonla soydaş,
Sənin yanındadır,öpür gözündən,
Şair əsgərinəm mən də bu gündən.

Bir-bir torpaqlarım edilir azad,
Sevinir insanlar,gözləri gülşad.
Yeni tarix yazır axıtdığın qan!
Yardım et İlahi,pənahımsan sən!
Şair əsgərinəm mən də bu gündən

Sil qara ləkəni,Vətən olsun ağ!
Çəkdirək düşmənin ürəyinə dağ.
Düşmən hiyləsinə uyma amandır!
Olsun Qarabağın hər yeri gülşən!
Sübhan da əsgərdir sizə bu gündən!


ŞƏHİDLƏR

Yazdı öz qanıyla can Azərbaycan,
Azadlıq yolunda neçə-neçə can.
Üçrəngli bayrağım oldu qızıl qan.
Göstərdi cəbhədə rəşadət,hünər,
Xalqın yaddaşına hopdu şəhidlər.

Ölməzlik suyuna onlar bələndi,
Vətən torpağından çiçək ələndi.
Göylər pərisindən gülab çiləndi,
Ruhları dərgaha köçdü igidlər,
Qanlarıyla Vətən yazdı şəhidlər.

Ölümün gözünə dikdi gözünü,
"Vətənim sağ olsun"dedi sözünü.
Qurban verdi arzusunu,özünü,
Kitablar bəzədi o,qəhrəman ər,
Azadlığı qanla yazdı şəhidlər.

Arxalı köpəklər arxayın oldu,
Murdar ayaqları ölkəmə doldu.
Açan qərənfillər saraldı,soldu,
Hayların qanıyla dolaraq səngər,
Düşmən məzarını qazdı şəhidlər.

Dəmir dirəkləri vurub keçdilər,
Bir-bir düşmənləri əzib biçdilər.
Şəhidlik şərbətin bal tək içdilər,
Sərrast atəşlərlə yarıldı sədlər,
Qanlarıyla tarix yazdı şəhidlər.


ƏRİYİR ÖMRÜMÜZ

Su tək axıb gedir,dəyişir zaman,
Üzülür ömrümüz,qədd olur kaman.
Dolaşır göylərdə qara bir duman,
Usanmaq da bilmir,ağarır göz,qaş,
Əriyir ömrümüz hey yavaş,yavaş.

Bir vaxt ürəyimiz deyirdi "mənəm"
Ağıl da susurdu,küsürdü bu dəm.
Gözdən keçirirdi yüzlərlə sənəm,
Bu gün ürək dinmir,ağıl olub baş*
Əriyir ömrümüz hey yavaş,yavaş.

Əyləşib köhlənə çapır dördnala,
Uzaqlaşıb qaçır,heç baxmır dala.
Düşürük bu halda hallardan hala,
Cavanlıq tələsir,yox olur qardaş,
Əriyir ömrümüz hey yavaş,yavaş.

Nə gecə bilirdik,nə gündüz,toran,**
Daim hərəkətdə,yaradan,quran.
Getdikcə tükənir qüvvəmiz inan,
Artıq girib evə qurmuşuq bardaş,***
Əriyir cavanlıq hey yavaş,yavaş.

Dünyanın amansız qanunları var,
Dünənki tacidar bu gün günahkar.
Sənə dost deyənlər olur qərəzkar,
Yox olur ətrafdan,yanından sirdaş,
Qocalır ömrümüz hey yavaş,yavaş.

Polad qanadların göyləri dəlir,
Etdiyin xahişlər həmən düzəlir.
İndi əngəlliklər əlçatmaz gəlir,
Yemək yeməyə də çətin gəlir aş,
Əriyir cavanlıq hey yavaş,yavaş.

Dağlar zirvəsində qartalı süzən,
Gülləni durnanın gözündə düzən,
Dünyanı dolaşan,ormanlar gəzən,
Sübhan Abasbəyli qalıbdı çaş-baş,
Qocalır ömrümüz hey yavaş,yavaş.

A dostlar,dostların qədrini bilək!
Onları aldadıb gəlməyək kələk!
İnsana qiyməti sağlıqda verək!
Öləndə qızildan neynirəm başdaş,
Əriyir cavanlıq hey yavaş,yavaş

*baş-birinci.
**toran-alaqaranlıq,yarıqaranlıq.
***bardaş-ayaq.qucaq.oturmaq.


TƏKƏBBÜRLÜ İNSAN

İblis bir mələkdi,etmədi səcdə,
Tekebbürlü ruhu gəldi o həddə,
Həzrəti Adəmə biçdi həd-hədə.
Başladı hiyləyə,olaraq pünhan,
Girdi ürəklərə məluni-Şeytan.

İnsanlar içində elə insan var,
Aranı qatmaqda olubdu pərgar.
Sözü,söhbətləri bədxah,riyakar,
Danışır elə bil,o Əbu Süfyan,
Xarici insandır,batini Şeytan.

"Mənəm"lik yandırır,boğulur için,
Kök salıb qanında,ürəyində kin.
Başında dolaşır buynuzlu bir cin,
Dilin zəhərlidir,gözlərin çayan,
Xeyrli işlərə pəl vuran Şeytan.

İblisin bayrağın tutmusan ələ,
Gəzirsən evləri belədən-belə,
Qeybət qıra-qıra güc verib dilə,
Gözəl işimizə vurursan ziyan,
Daxili çürümüş eybəcər Şeytan.

Ürəyin saxtadır,gözün baxar kor,
Kəsdiyin çörəyi unudan nankor.
Fikrin işi pozmaq,toxumaqdır tor,
Çirkin əməlindən uzaqlaş,utan !
Xeyriyyə işinə pəl vuran Şeytan.

Qayıt uçurumdan,yaxşılara bax !
Yaxşı insanların sən yoluna ax !
Təkəbbür,paxıllıq,hiyləni burax !
Şair Abasbəyli söyləyir haman,
Xeyriyyə içinə pəl vuran Şeytan.


Sübhan Abasbəyli(Əhədzadə)Kamran oğlu
AYB-nin Azərbaycan Jurnalistlər birliyinin üzvü,
"Qızıl Qələm”mükafatı laureatı.

Oxunub: 989
Oxşar xəbərlər
SON XƏBƏRLƏR