dini radikalizm və ekstremizmlə mübarizə

Dövlətimiz yiyəlik etdiyi yetim uşaqları 18 yaşından sonra da öz isti qucağından ayırmamalıdır......


Hər kəsin bir taleyi vardır: gülə-gülə gələn gülə-gülə gedir; ağlaya-ağlaya gələn də ki, ağlaya-ağlaya gedir. Fələyin çərxi kimisinin xeyirinə, kimisinin isə ziyanına doğru işləyir. Hər doğulan uşaq bir gələcəkdir. Vətənin ümid işığıdır. Ancaq nə edək ki, insafsız, qansız, sözdə valideyn adlanan məxluqlar dünyaya gətirdikləri oğlan-qızlarını hər hansısa səbəblər üzündən "Yetimlər evi"-nə qoyurlar. Bu cür valideynlərin insan olmasını inkar edirəm. Çünki, onların insanlıqdan, xüsusilə bəşəri dəyərlərdən xəbəri yoxdur. Valideyn olmağın necə bir hiss olduğunu anlamır və dərk etmirlər. Adicə heyvanlardan misal götürsək, görərik ki, onlar hara köç etsələr də belə, yenə balalarını da özləri ilə aparırlar və onları yiyəsiz bir şəkildə qumlu səhralarda tək-tənha qoymurlar. İnsanın heyvandan üstün bir varlıq hesab olunmasına baxmayaraq, çox vaxt insanlar elə məhz heyvanlardan ibrət və nümunə götürmək məcburiyyətində qalır. Məsələn, Həzrəti Adəm peyğəmbərin(ə.s) oğlu Qabil öz qardaşı Habili öldürəndən sonra onun cəsədini nə edəcəyini bilmir. Daha doğrusu, çaş-baş qalır. Bu zaman, Allahdan bir işarə gəlir: kiçik bir sərçə digər ölmüş bir sərçə üçün torpağı qazır ki, onu orada basdırsın. Qabil də sərçənin bu etdiklərini diqqət ilə izləyir və sonda belə bir qərara gəlir ki, elə o da sərçə kimi torpağı qazsın və öz əlləri ilə xaincəsinə öldürdüyü doğma qardaşı Qabili orada dəfn etsin. Belə də edir. Bunu nümunə olaraq qeyd etdim. Yəni ki, insan belə hallarda heyvanlardan da təcrübə toplaya bilir. Mətləbdən uzaqlaşmayaq. Mövzu valideynlərin bilə-bilə, qəsdən öz bədənlərinin bir parçası olan balalarını yetim qoymalarından, onları valideyn nəfəsindən məhrum etmələrindən və bu hərəkətləri fonunda heyvandan qat-qat aşağı dərəcəyə enmələrindən qaynaqlanır. Onlar öz övladlarını yalnız bu üç səbəbdən ötrü yetim qoyurlar: ya əgər qız istəmirdilərsə, qız olduğuna görə, ya səbəbsiz yerə və ya da ki, kasıbçılıq ucbatından saxlaya bilməyəklərindən qorxduqlarına görə. Bu cür ağır situasiyalarda, sözün həqiqi mənasında, ancaq Uca Allah-Təalanın(c.c) təmiz qəlbi kin-küdurətdən, nifrətdən uzaq, məsum körpələrə olan sonsuz mərhəməti və dövlət yada düşür, dövləti alqışlamaq lazımdır. Çünki, dövlət öz hesabına maliyyələşdirdiyi uşaq evlərində yetimlərə qayğı göstərir, onları bir doğma valideyn kimi bəsləyir; yedizdirib-içizdirir, boya-başa çatdırır; oxuma-yazma öyrədir, həyatın mənasını və insan kimi yaşamağın fəlsəfəsini onlara təlqin edir. Buna görə dövlət sağ olsun! Amma həmin yetimləri 18 yaşına çatandan sonra da taleyin ümidinə buraxmaq olmaz! Onsuzda, o yetimlər doğularkən, öz dırnaqarası doğma valideynlərindən yetim qaldılar; heç olmasa, 18 yaşlarına çatandan sonra yalnız buraxılaraq ikinci dəfə də yetim qaldıqlarını hiss etməməlidirlər. Dövlət onları Ali məktəblərə yönləndirməli və ciddi bir iş ilə təmin etməlidir. Həmin kimsəsiz gəncləri 18 yaşına çatarkən, Universitetlərə, mühüm hərbi strukturların nəzdində fəaliyyət göstərən akademiyalara, məktəblərə oxumağa göndərsinlər. Yetim gəncləri ev-eşik, iş-güc ilə təmin etmək lazımdır. Onlar, zatən, yetim olduqlarını hiss edirlər, ikinci dəfə də bu acını yaşamamalıdırlar. Belə olduğu təqdirdə, o gənclərin qəlblərinin dərinliklərində hər kəsə qarşı bir soyuqluq, nifrət yaranır. Demək olar ki, həyat, yaşamaq sevgisindən istədikləri kimi zövq ala bilmirlər. Məntiq ilə düşünsək, bu qənaətə gələrik ki, "Yetimlər evi"-ndə boya-başa çatan gənclər 18 yaşına çatdıqdan sonra hərbi xidmətə yollanır və 1 il-6 aydan sonra isə hərbi xidməti tamam-kamal başa vuraraq qayıdırlar, amma ki, hara və kimin evinə qayıdırlar, daha o, bəlli deyil. Aydın olanı budur ki, onların qalmağa yeri yoxdur. Yaxşı qohum-əqrəbaları, sədaqətli dost-tanışları yoxdur ki, heç olmasa, özlərinə gələnə qədər müvəqqəti olaraq onların evinə sığınsınlar; böyüdükləri ocağa da qayıda bilməzlər: çünki, orada kifayət qədər qalmış və nəvaziş görmüşdürlər. Yaxşı, o zaman, onlar nə etməlidirlər? Bu suala cavab verən yoxdur. Yenə də ümidlər göydə Allaha, yerdə isə dövlətə olur. Dövlətin gücü böyük və əlverişlidir. Ona görə ki, vətəndaşını bacardığı qədərilə dolandıra, ərzaq, ev və iş-güc ilə təmin etmək imkanlarına malikdir. Buna görə də dövlətimiz yetimləri 18 il bəslədiyi kimi, ondan sonra da onlara yiyəlik etməli və onları hər cəhətdən təmin edərək razı salmalıdır və onların sınıq qəlblərini şad etməlidir. Bundan əlavə, gənclər həm ölkənin və həm də ki, dövlətin dayağı, arxası və sütunudur, daha doğrusu, özülüdür. Bu bünövrəni daha da möhkəmləndirmək və gücləndirmək lazımdır. Ümid edirəm ki, mühüm dövlət orqanları və təşkilatlar bu məsələyə də diqqət yetirəcəkdir. "Beləliklə də, yetimlər ikinci dəfə "kimsəsiz olduqlarını və yetim qaldıqlarını" hiss etməyəcəklər". Və onlar da növbəti dəfə gələcəkdə doğulmaqda olan, ancaq biganə valideyinlərinin valideyn sevgisindən, valideyn hissindən kasıb olmalarına görə onları yetim qoymalarına laqeyd yanaşmayacaq və onlara da dövlətin özlərinə sahibləndiyi kimi sahiblənəcəklər. Allah heç bir övladı valideynsiz, yetim, kimsəsiz qoymasın və dövlətimizin imkanlarını o qədər genişləndirsin ki, o yetim balalara sahiblik edə bilsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 1 151
Oxşar xəbərlər
SON XƏBƏRLƏR