dini radikalizm və ekstremizmlə mübarizə

MİRSƏFA MİRZƏYEV YARADICILIĞINDAN İNCİLƏR


Mənə şair deməyin

Ürəyimi oxşayan sözlər hopur vərəqə,
Hərdən özüm umuram, sözlərimdən sədəqə,
Bəlkə sərhədlər aşır, tanımayır hədəqə,
Yazanda nə yazıram, özüm də bilmirəmki,
Mənə şair deməyin, mən şeir yazmıramki.

Günəşi oyadıram, hərdən yatıb qalanda,
Olur mənim həmdəmim, xəyallara dalanda.
Kədər qənim kəsilir, arzularım solanda,
Axır gözümün yaşı, yaşını silmirəmki,
Mənə şair deməyin, mən şeir yazmıramki.

Sevincimi bölürəm, hər kəslə sevinəndə,
Özümü gizlədirəm, kədərli görünəndə.
Sevgidən danışıram, sevənləri görəndə,
Özüm yadımdan çıxır, özümü sevmirəmki,
Mənə şair deməyin, mən şeir yazmıramki.

Dolanıb zövq alıram, görmədiyim yerləri,
Hərdən tərif edirəm, gur-gur axan sellər,
Günahkaram, görürəm sən görməyən şeyləri?
Qartal kimi səmadan, qıy vurub baxmıramki,
Mənə şair deməyin, mən şeir yazmıramki.

Qəmlə həmdəm oluram, sözlərimdə azanda,
Unuduram özümü, mən şeirlər yazanda,
Gözümün qabağına, özüm gəlir o anda,
İçimdə bir "mənim" yox, məni tanımıramki?
Mənə şair deməyin, mən şeir yazmıramki..

Bir damlayam bəlkədə şeyriyyat dənizində,
Yanındayam hər zaman, şahın da, kənizin də.
Axtarmıram özümü, başqasının izində,
Tutmuşam öz yolumu, yolumdan azmıramki,
Mənə şair deməyin, mən şeir yazmıramki.

Əyridən uzaq oldum, getdim haqqın yolunu,
Sığınmaq istəyənə, açıq tutdum qolumu,
Sınamadım sağımı, əziz bildim solumu,
Mirsəfayam bir kəlmə, artıq danışmıramki,
Mənə şair deməyin, mən şeir yazmıramki...


Yardımlının nəğməsi

Yardımlının möcüzədir hər daşı,
Bənd olmaz görməyən, bəyənməz naşı,
Buludlar kövrəlib, tökər göz yaşı,
Şairin könlünü alar bu eldə.

Yaradıb Cənnət bu yeri Yaradan,
Zirvələr nəm çəkər göydə buluddan,
Şır-şır şəlalələr hər qayasından,
Görənin ruhuna, axar bu eldə.

Min tarix yaşadır qayası, daşı,
Uludan uludur, bilinmir yaşı.
Olub aşiqlərin könül sirdaşı,
Məşuqə sirrini, açar bu eldə.

Keçilməzdir, cəngəllikdir meşələr
Dağlara səs salar gur şəlalələr,
Yamacda kəkotu, düzdə lalələr,
Ətrini aləmə yayar, bu eldə.

Şirin ləhcəsindən necə yazmayım,
Ücqardu söyləmə, qadoyi alim,
Burdan o yanadır "o tayım", canım,
Gözlər Savalana baxar, bu eldə.

Doymaq olmur payızından,yazından.
Qarlı qışdan, sərin keçən yayından.
Təb coşar içəndə buz bulaqlardan,
Mirsəfa şəninə yazar bu eldə.


Sorağındasan

İstədim bir dəstə gül verim sənə,
Gördümki güllərin arasındasan.
Həsrətdən alışıb şəm kimi yanan,
Güllərin ətirli alovundasan.

Baxışın ən gözəl gülün çələngi,
Gözünlə boyanır cahanın rəngi.
Oxunur köksümdə, çalınır cəngi,
Çırpınan ürəyin parasındasan.

Dünyanı hədiyyə edərdim sənə,
Dünya yaraşmadı gözəlliyinə.
Nə qədər mənalar yatsa gözündə,
Gözlərdə bəbəyin qarasındasan.

Layiqsən ən gözəl tərifə, sözə,
Gözəllik qəlbindən çıxıbdır üzə.
Allah yaradıbdır səni möcüzə,
Sənsə möcüzənin sorağındasan.


Sənə qurban

Gülüşün dünyanı hədiyyə edər,
Gözümdə yox dövlət, mal sənə qurban.
Sən gülsən mənimdə həyatım gülər,
Gül mənim könlümü al, sənə qurban

Səsin işlər damarıma, qanıma,
Atəş dolur gözlərindən canıma.
İşvəylə dön,nazla qayıd yanıma,
Tükənib canımda hal, sənə qurban.

Sözlərdən telinə çələng hörərəm,
Gecələr yuxuna qonaq gələrəm.
Öl desən gözümü yumub ölərəm,
Öləndə yanımda qal, sənə qurban.

Ürəyim açılar güləndə üzün,
Dərdə dərman olar hər kəlmə,sözün.
Qəlbimin ovçusu olasan özün,
Qalmaya köksümdə xal, sənə qurban.

Həsrət adlı ağır yükü çəkirəm,
Saralıram, soluxuram, bitirəm.
Görməyəndə səni, dil-dil ötürəm,
Görəndə oluram lal, sənə qurban.

Mirsəfayam doymur gözündən gözüm,
Telinə sığalı çəkəydim özüm.
Qalmayıb taqətim, qalmayıb dözüm,
Qolunu boynuma sal, sənə qurban...

Oxunub: 1 030
Oxşar xəbərlər
SON XƏBƏRLƏR