dini radikalizm və ekstremizmlə mübarizə

Səni hələ çox axtaracağıq


(Ürəyi vətən sevgisinə köklənmiş dövrümüzün halal şairi Dəstəgül Zamanlının 60 illiyinə gecikmiş xatirə)

Bu gün yazdığım bir xatirə yazısında qeyd etdim ki, şəxsi kitabxanamda bir vacib kitabı axtararkən gözlərimə bir neçə kitab sataşdı. Onlardan biri də aramızdan erkən getmiş şamaxılı şair Dəstəgül Zamanlıdır. Söhbət 5 may 2012-ci ildə “Qələm dostum, qardaşım Daşdəmir Əjdəroğluna müəllifdən ən xoş arzu və sevgilərlə hədiyyə” sözlərini yazıb “Saçlarımda çiçəkləyir həsrətin” adlı kitabını təqdim etmiş Dəstəgül xanımdan gedir. Kitabın arxasında müəllifin fotosu və tərcümeyi-halı yazılıb. 60 il əvvəl mayın 9-da Şamaxı rayonunun Zarat kəndində dünyaya göz açmış Dəstəgül xanım da dövrümüzün halal şairi, düzlük, həqiqət timsalı kimi, bütün ömrünü Azərbaycan poeziyasının qüdrətlənməsinə, qüvvətlənməsinə həsr edib. Yazdığı əsərlərilə özünəməxsus uca bir zirvəyə qanadlanaraq orada qərar tapıb, Azərbaycan poeziyasında özünəməxsus yer tutub.
Dəstəgül xanımı yaxşı xatırlayıram. Neçə il birlikdə eyni kollektivdə çalışmışıq. Yaxından tanıdığın üçün deyə bilərəm ki, o, tək yazılarından yox, ən xırda hərəkətlərindən belə istedadlı olduğu bilinən, yəni, ilk baxışdan da istedadıyla tanınan idi. Çox incə, zərif, sözün əsl mənasında, ürəkaçan yumoru vardı; sözü mənasıyla birgə göydə tutardı, kobudluğun harada olduğunu bildiyinə görə o səmtə yaxın düşməzdi. Mən onun kobudluq etdiyini, əsəbilik göstərdiyini görmədim, ara-sıra buna şərait yaransa da... eləcə, əllərini yarıbü külü yanlara açar, başını bulaya-bulaya dünya haqqında bir qatar fəlsəfi fikir söyləyərdi... kədərlənər, yaraşıqlı çöhrəsi qaralardı...
Son dərəcə azad xanım idi, şairliyə lazım olandan da çox azadlıq... mən elə bilirəm ki, yaşadığı bütün dövrlərdə bu azadlığı əldə elədi, çünki həmişə sevgilər, doğmalıqlar əhatəsində oldu... Əsl şair ömrü yaşasa da, şairlik eləməyə az vaxt ayırdı, daha doğrusu, istedadı, hazırlığı qarşılığında az yazdı...
Qələm dostum, “Pərvanə” jurnalının, “Lerik” və “Azad təfəkkür” qəzetlərinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti İdris Şükürlü onun haqqında belə deyib: “Dəstəgülün şeirlərini oxuduqca və ya dinlədikcə düşünür, duyğulanırıq, mürgüləyən dərdlərimiz oyanır. Onun həyati müşahidələri yaddaqalan misralara çüvrilir, oxucunun məslək və əqidəsinə təsirsiz ötüşmür. Sözün estetik mahiyyətini dəyərləndirmək bacarığı Dəstəgül Zamanlının istır sərbəst, istər heca, istər klassik şeir nümunələri saf bir qəlbin çırpıntılarını, pak ruhunu, istəyini, arzu və düşüncələrini ifadə edir. Obrazlı ifadələr, təşbeh və metaforik misralar Dəstəgülün qəlbindən qopub misralara çevrilən incə lirizm, şirin dildir. Onun şəxsiyyəti kimi əsərləri də bütövdür, eyniyyətə malikdir. Çağdaş poeziyamızın tələblərinə bələd olan şairin poetik dünyasına səyahət edək:

Taleyim çəkdikcə öz sınağına,
Tənhalıq toxuyub mənimçün toru.
Baxıb qismətimin dərd qalağına,
Sevincim uzaqdan salıbdır yolu. ”
“Qəm xalısıyam”


Bir müddət bir yerdə işləmişik, yaxına-uzağa səfərlərimiz olmasa da, bir-birimizə dərindən bələd idik, bütün bu dediyim xüsusiyyətləriylə yanaşı, qanrılıb arxaya baxaraq hər anına, hər saatına, gününə hesabat verən idi; əllərini yarıbükülü yanlara açar: “...bir şey bulamadım gün axşam oldu..." türkülərdən götürdüyü bu misranı özünə lazım olduğu kimi dəyişib söyləyərdi. Çox duyğulu, çox həssas, ürəyi çox-çox geniş olan bir xanım idi. Heç kəs onun kiminsə haqqında pis söz dediyini eşidə bilməzdi, xırdaçılıqlarla işi yox idi...
Dəstəgül Zamanlı haqqında xatirə yazıram. Bunun necə də çətin olması barədə heç zaman fikirləşməmişdim. Axı Dəstəgülün nə vaxtsa xatirəyə dönəcəyi ağlıma gəlməzdi. Bir neçə il əvvəl Lənkəranda təsadüfi yol qəzasında ölüm xəbərini informasiya mənbələrindən eşidəndə, bu acı xəbəri sevimli bacısı Rəzmiyyə xanım təsdiqləyəndə onun telefonda səsi, mənim isə qulaqlarım tutulmuşdu. Sonra isə heç nə yadıma gəlmir. Bir susan telefona baxır, bir də otağımın pəncərəsindən açılmaqda olan sabahı gözləyirdim. Tutqun bir havadır, eşikdə külək əsir. Barmaqlıqlar arasından qocaman söyüd ağacının aciz qalan budaqlarında solmuş yarpaqları görünür. Fikir, xəyal məni rahat buraxmır... İlahi, bu nə xəbər idi mən eşitdim?.. Bir də ki, axı insanın ağlına heç nə havayıdan gəlmir.
O vaxtdan illər keçir, bir zaman kəsiyi ayırır bizi. Geriyə boylananda
adi bir kənd qızının, sonradan da isə öz yaradıcılığı ilə getdikcə məşhurlaşan, tanınan şairin obrazı gözlərim önündə canlanır. Dünyanın hər əzab-əziyyətinə mərdliklə dözən Dəstəgülün qayğılı obrazı, dərdli çöhrəsi yadıma düşür. Dəstəgül heç vaxt məsləkindən, əqidəsindən dönməyib, öz təmiz, pak hissləri ilə, bu hisslərin sözlərə dönən misraları ilə hər çətinliyə sinə gərib. Ürəkdən süzülüb axan kövrək, bəzən kədər, qəm dolu, bəzən də şaqraq gur şəlalələr kimi axıb tökülən şerləri Dəstəgül Zamanlı ruhunu duyanlara, onu sevənlərə yol yoldaşı olub.

Mənim bədənimdə iki ürək var,
Sevinc birindədir, kədər birində.
Biri güldürürsə, biri ağladar,
Gülüş birindədir, qəhər birində.
“Yenə görüşərik”


Bu misraları yazan D.Zamanlı insanlara təmiz hisslər, gözəl duyğular aşılayıb. Çoxları müxtəlif cür mükafatlar, fəxri adlar almaq, sayılmaq, seçilmək üçün şer meydanlarına atılanda ancaq xalqı üçün yazıb-yaratdı Dəstəgül xanım. Vətənli şerlərini yazdı. Bu şerlərilə insanlığın ən yüksək zirvəsinə ucaldı.

Topxana, Xocalı, Şuşa inləyir,
Zəngilan, Xankəndi, Laçın dardadır.
Dəlidağ, Kəlbəcər “qisas al” deyir,
Haydı igidlərim, oylaq sardadır!
“Dinləyin məni”


Onun bu tipli şerlərini oxuyanda təzadlarla, ziddiyyətlərlə dolu dünyamızın Dəstəgül Zamanlı tilsimindən çıxmaq olmur.
Bu yazı bir qədər gecikib. Əslində doğum günü faşizm üzərində qələbənin qeyd edildiyi günə təsadüf edən Dəstəgül xanımın haqqında elə o gündə də yazılmalı idi. Bir az diqqətsizlik olduğu üçün onun ruhu məni bağışlasın. “Ziyanın yarısından qayıtmaq da xeyirdir!” kəlamını xatırlayıb səhvimi düzəltməyə qərar verirəm. Bu əziz gün münasibətilə mərhum Dəstəgül xanımın ruhuna dualar oxuyur, əzizlərinə, yaxınlarına bird aha başsağlığı verir, Uca Allahdan ruhunun şad olmasını diləyirəm.
Ürəyi vətən sevgisinə köklənmiş Dəstəgül xanım! Sizi hələ çox xəbər alıb, çox soruşacağıq, çox axtaracağıq və əbədi ünvanına - şeirlərinə üz tutacağıq.

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 708
Oxşar xəbərlər
SON XƏBƏRLƏR