» » Məni bu dünyaya kim çağırdı, kim?

Məni bu dünyaya kim çağırdı, kim?


(Ömrünün 65-ci baharında bu dünyadan köçmüş özünü Nəsiminin şagirdi sayan Oqtay İsmayıllının əziz xatirəsinə)

Ömür-gün deyirəm, nə təhər ucuzlaşmış, Oqtay müəllim!.. Kimin təmkin yaşı çatdı, kimin yubiley günü yetişdi, kimin yazı, kimin payızı, kiminin qışı...
Hər şey, hər yadda qalmalı, tarix qarışmış dünyamızın sıxıntıları içində əriyib gedir; təkcə özü ərimir, bizi də özüylə əridib yox eləyir.
Onsuz da xalqın ən sakit, nisbi firavan günündə də şair ömrü qayğılar, əndişələr çəmbərində yanıb çökür. Bunu özün daha tutarlı deyirsən:

Kəsildim yüz dəfə, inan,
Yüz dəfə sındım, yaşadım.
Gördüm, olüm dadı verir,
Həyatı dandım, yaşadım.


Dünyanı qəlbimə gətirmək üçün baş alıb dünyadan uzaqlaşmışam.
Ağlın kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləmisən. Bundan bezikmək nədi, qatlaşdığın möhnəti bir yaşamaq vasitəsi bilmişən:

Anlamırmış düz heç nəyi,
Puç imiş insan biliyi.
Yəqin ki, mən də hər şeyi,
Tərsinə qandım, yaşadım.


İllər öncə bir tədbirdə səsləndirdiyin “Bu millət birləşsə” şeirini - ürəyinin fəryadını xatırladım, xəfif pıçıltılarını eşitdim. Onda öz şəxsi faciənə, millətinin kütləvi matəminə açıq-aşkar yas saxlamağa səni qoyardılarmı?! Sovet şairi də “of’ deyə bilərdimi?! Tədbir də bir bəhanəydi; səni fəryada gətirən özgə dərdindi, xalqının səngiməz, qaysaqlamaz yaralarının sızıltıları idi.

Tutsa, bir-birindən əlli milyon əl,
Bu millət birləşsə, gör nəyə dönər!
Qalmaz inam- güman çaxnaşmasında,
Bütün ümidləri gerçəyə dönər!


Onda yazdığın bu misralar bəlkə də çoxuna qəribə gələrdi ki, gənc şairin gör könlündən nə keçir. Qətlimizə fitva verənlərin və onların əlaltısı olan soydaşlarımızın rəzilliyindən gözü qorxanlar bu şeirin başı üzərindəki “Zaman” sözünü bir pərdə kimi götürüb atacaqlarına, səni dərdlərinlə birgə ittiham edəcəklərinə ehtiyatlanırdın.

Ürəyim maraqda, dilim soraqda,
Görəsən, birləşsək, biz kim olarıq?
Çoxunu Allahım bilir tək ancaq,
Ən azı dünyaya hakim olarıq!


Həqiqətən bu misraları yazarkən bəlkə də hər şey yadından çıxırdı. Meydanda sən qalırdın - bütün ələminlə, hər nöqtəsindən belə burxulmuş ürəyinlə. Əvvəldən-axıracan misraların oxucunu haldan-hala salır, tənqidçilər demiş, dünyada bir işıqlı nöqtə qoymurdun qala. Sənin o poetik məngənəndə tıncıxdığımız bu amansız məqamda sonuncu bəndlə kürrük eləmiş bir yaz yağışından sonra gülümsəyib dünyaya boylanan Günəş kimi misraların ümid donuna bələnirdi:

Səsim çatmır sənə, yer ilə göyün,
Beləmi uzaqdır arası, Allah?
Yuyulub gözümün seliylə, bir gün,
İtəcək gözümün qarası, Allah!

Bu şeirdən sonra neçə-neçə gözəl tərənnüm şeirləri yazmısan. Amma bu həqiqət də qəlbinə dəyməz ki, möhnət üstündə daha həssas köklənirsən. Bu, sənin dünyanın acizliyindən irəli gəlmir. Səni yaxından tanıyanlar bilir ki, sən gəzəri bir ovuc Vətən torpağısan: sızıltın da, şövqün də, fərəhin də bu müqəddəs torpaqdan qaynaqlanır:

Əllidən sonra

Zərər içindəyəm əllidən sonra,
İtirdim dünyanın yüz ləzzətini.
İllər yavaş-yavaş aldı ağzımdan
Cücə ləzzətini, qaz ləzzətini.

Paslanıb qalmışam xəncərtək qında,
Matam arzu- imkan qalmaqalında.
Kababın, qaymağın, yağın, balın da
Getdikcə duyuram az ləzzətini.

Pozsam pəhrizimi, ölərəm deyə
Ağzımı tamarzı qoydum çox şeyə.
Yana-yana baxıb dolu süfrəyə,
Qıraqdan çəkirəm göz ləzzətini.

Bədənim taqətdən düşdükcə hər an,
Dilim qüvvətlənir öyüddə yaman.
İş-gücün dadını azaldır zaman,
Çoxaldır nəsihət, söz ləzzətini.

Ay, il sancır məni, gün gəlir hədə,
Üşütməm, titrətməm artır get-gedə.
Ocaq yanındayam yay günündə də,
Günəş vermir daha köz ləzzətini.

Yazdır, aləm gülə, çiçəyə batıb,
Tanrım yerə, göyə şirinlik qatıb.
Dünyanın ləzzəti min dəfə artıb,
Heyif, yaş itirib öz ləzzətini.

Bizimçün yaranıb bu bahar, bu yay,
Yurdun hər guşəsi bir behiştə tay.
Bu cənnət dünyanın, ay naşı Oqtay,
Vaxtında gəl çəkək biz ləzzətini.


... Nə qarışıq zamana gəldik deyirəm, Oqtay müəllim. Sənin kimi şair qardaşımızın əlli yaşında gərək ancaq könülaçan mətləblərdən söhbət salasan, yubiley gecəsi, təntənəli görüşlər... İndi hansı oxucunu buna kökləmək olar?! Elə şairin özünü də bu təntənələrə qatmaq çətindi. Daha doğrusu, “təntənə”lərin özü süstəldi, yox oldu. Çünki özünü Nəsiminin şagirdi sayan Oqtay İsmayıllıdan bundan artıq nə gözləmək olardı?!.
Yoxsa, sənin şairliyini bir yana atsaq, alovlu bir vətənpərvər kimi sənin buna haqqın var! İndi haqqüçünə vətənsevərlər, millət qəhrəmanları var. Amma bunu heç kim unutmayıb ki, neçə illər əvvəl İsmayıllıda bizim aramızda adamı alıb aparan, gözəl devizlərlə insanları hürriyyətə, haqqa, ədalətə, insanlığa səsləyən bir neçəsi var idisə, onlardan biri də sən idin…
Mən sən Oqtay müəllimdə bir xüsusiyyəti müşahidə etmişdim. O da sənin ədəbi müşahidəçilik xüsusiyyətinə malik olmağın idi. 1980-ci illərdə “Dağ çiçəkləri” ədəbi məclisinin toplantılarından hərdən mən də iştirak edirdim. Səni kənardan müşahidə edirdim. Mənə elə gəlirdi ki, sən dünyanı öz aləminə köçürür, sonra onu özününküləşdirib istədiyin kimi oxucuya çatdırırsan. Sənin poetik aləmin çox zəngin idi. Sən predmeti, hadisəni və məfhumu istədiyin rəngdə təsvir və tərənnüm etməyi çox ustalıqla bacarırdın. Bundan başqa sənin daha bir qəribə xüsusiyyətin də olub - üzündən təbəssüm heç vaxt əskik olmazdı. Gülüş, təbəssüm sənə çox yaraşırdı. Bu xüsusiyyət sənin poeziyanda da öz əksini tapmışdı. Sən Oqtay Fərzəliyev son dərəcə nikbin şair idi. Sən poeziyana göstərdiyin vəfalılığı öz dostlarına da göstərməyi bacarırdın. Sən dostluqda çox vəfalı idin...
Poeziyanın, ilhamın işığı qəbirdə də öz gözəlliyini, təsirini, cazibəsini itirmir. İşığın mübarək, gorun nurla dolsun, işıqlı ziyalımız, Oqtay İsmayıllı (Fərzəliyev)! Şair dostun Şahməmməd Dağlaroğlu ilə bir stol arxasında çəkdirdiyin qoşa şəkili ən mübarək bir əmanət kimi əzizləyirəm. Bu şəkildə Babadağdan əsən yellər sənin qara, şəvə saçlarını dalğalandırır, sən də küləklərə meydan oxuyursan, ölümün acığına, həyatın eşqinə o şəkil səndən sonar yadigar kimi övladlarına, qohumlarına, yaxınlarına, Oqtaysevərlərə qalacaq.
Sənin səsə tələbindən, səsə heyranlığından xeyli dedim, onunla da sənin kövrək ürəyinin döyüntüləri barədə qeydlərimi bitirmək istəyirəm (Görürsən, bu gün də səndən danışıb, sözümüzü qurtara bilmirik; inan ki, bundan sonra da sonaladığım, gözüm arxasınca olan bəndlərin, misraların var... sonluq olaraq onlarla şeirindən örnək gətirə bilərəm...).

Axtara-axtara qaldım hər yeri,
Məni bu dünyaya kim çağırdı, kim?
Bəlkə heç Tanrı da bilmir bu sirri,
Kimin dəvətinə aldanıb gəldim?

Və sonda şair dostumuz, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunun “Oqtayın ölümünə” adlı şeirini təqdim edirəm.

Kimə gərək idi sənin ölməyin?
Onsuz da inanmır bir kimsə buna.
Axı haqdan başqa var idi nəyin?
Can verdin ölümün haqq olduğuna.

Ev-eşiyin vardı özünə görə,
Niyə can atırdın o dar məzara?
Necə qovuşacaq yazmadıqların,
Tanrıya eşqinlə yazılanlara?

Gün qalxdı ölmünün sabahkı günü,
Şəfəqlər qol açıb qucdu qəbrini.
Yananlar söndürdü özü-özünü,
Sonsuz paklığında tapdı səbrini.

“Müqəddəs söz günü” söylədiklərin,
Qalacaq “Dodaqla dil arasında”.
Adın dağdan uca, hörmətin dərin,
Nəsimi ağladı sənin yasında.

Sıraya düzülüb “Rübailər”in,
Arxanca baxırdı, boynu bükülü.
Göylərə sovruldu çəkdiyi ahdan,
Yanan ürəklərin soyumuş külü.

“Oqtayın ölümü” adlı əsərin,
İlləri adlayıb həqiqət oldu.
Dəfninə gəlmədi salxım söyüdlər,
O gecə, sübhədək saçını yoldu.

İlk dəfə yaşadım dost itkisini,
Nəyimə gərəkdir bu cür yaşamaq.
Dostda sədaqətə, vəfaya bax ki,
Ölümə də gedir dostundan qabaq.

Yaman qəfil gəldi, alıb apardı,
Ölum baxan deyil arzuya, yaşa.
Kim bilir, odlanıb kimlər baxacaq,
Adın həkk olunmuş soyuq bir daşa.

Kimə gərək idi sənin ölməyin?
Haqqa xoş oldumu bu matəm, bu yas?
Ölümün üzünü ağardan deyil,
Haqla görüş günü geydiyin libas...


24 may 2020-ci il

Oqtay İsmayıllı mənim yaddaşımda və mənim qənaətimdə şeh içində nur kimi yaşayır. Bu nur Oqtay müəllimin qəlbindən şölələnirdi və həm onun lirikasında, həm onun publisistikasında, həm də onun nəsrində özünün parlaq təcəssümünü tapmışdı.
Qəbrin, ruhun və xatirən önündə baş əyirəm, mənim şair qardaşım!

P.S. Və sonda bir xatırlatma: Oqtay İSMAYILLI (Oqtay Baba oğlu Fərzəliyev) 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N. Tusi adına ADPU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-cı ildə təyinatla Laçın rayonuna göndərilib və 3 il həmin rayonun Şeylanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.
1979-cu ildən indiyədək Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin “Şərəf kitabı”na yazılıb.
Oqtay İsmayıllı 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında əsasən şeirlərlə çıxış edib. Şeirləri “Yaşıl budaqlar”, “Azərbaycan”, “Poeziya günü”, “Dağ çiçəkləri”, “Abşeron inciləri”, “XX əsr Şirvan şairləri” almanaxlarına salınıb. O, dərc olunmuş 50-dən artıq elmi-kütləvi məqalənin, çoxsaylı mədəni, ictimai-siyasi xarakterli yazıların müəllifidir. Doğma kəndinin keçmişi ilə bağlı yazdığı iri həcmli tarixi-etnoqrafik məqalə rayon qəzetində hissə-hissə dərc olunub, sonra Lətifə xanım Əliyevanın “Diyallı” kitabına daxil edilib.
Oqtay İsmayıllı 4 kitab müəllifidir. “Dodaqla dil arasında” 2007-ci, “Rübailər” 2008-ci, “Müqəddəs söz günü” 2012-ci illərdə nəşr edilib. Sonuncu kitabı isə "Nəsiminin şagirdiyəm" adlanır. O, həmişə Vətənini, xalqını sevənlərlə bərabər olub. 2019-cu ildə "Nəsimi ili” ilə əlaqədar Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan edilən "Məndə sığar iki cahan” adlı şeir müsabiqəsində qalib gəlib.

Daşdəmir ƏJDƏROĞLU
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031