dini radikalizm və ekstremizmlə mübarizə

Peyğəmbərimizin(s.a.s) ciyər-parəsi olan Həzrəti Hüseynin(r.a) İraqa çağırılması xüsusi bir tələ və öldürülməsi isə çox çirkli bir plan idi


Hal-hazırda 2020-ci ildə yaşayırıq, ancaq düz 1337 il bundan əvvəl İraqın Kərbəla adlı bir şəhərində elə bir bədbəxt, elə bir acımasız hadisə baş verdi ki, əgər bu hadisəni dağ-daş eşitsə əriyərdi, gül-çiçək eşitsəydi solardı və bir daha açmazdı. Bu hadisə elə bir hadisədir ki, artıq on dörd əsrə yaxındır ki, müsəlmanları göz yaşına boğmuş, ürəklərini yaralamış və dayanmadan axan bir qan kimidir ki, qarşısını Qiyamət gününə qədər almaq olmaz. Adını qeyd etdiyim o qanlı faciənin hekayətini böyüyünüz də eşidib, kiçiyiniz də. O olay əziz İslam peyğəmbəri olan Həzrəti Məhəmməd Mustafanın(s.a.s) gözlərinin nuru, "Bu dünyadakı reyhanım!" adlandırdığı və "Həsən və Hüseyn Cənnət gənclərinin ağasıdır!"-deyə, müjdələdiyi nəvəsi Həzrəti Hüseynin(r.a) və hörmətli ailəsinin başına gətirilən, Bəşər tarixində misli-bərabəri görünməyən bir zülmü özündə təcəssüm etdirən bir olaydır. Kərbəlada Həzrəti Hüseynin(r.a) özü, oğlanları, kiçik qardaşları, böyük qardaşının oğlanları, əmilərinin oğlanları, əmilərinin nəvələri, dostları çox acımasızcasına öldürüldülər və qeyri-bərabər döyüş bitdikdən sonra şəhidlərin hər birinin başı ayrı-ayrılıqda kəsilərək nizələrə sancıldı; bu mübarək başlar və Həzrəti Hüseynin(r.a) əsir alınmış ailəsi əvvəlcə Küfə şəhərinin hakimi zalım, lənətlik Ubeydullah ibni Ziyadın sarayına, sonra isə, Suriyanın paytaxtı Dəməşqdə mənfur xəlifə Yezid ibni Müaviyənin sarayına aparıldı. Mən bu hadisənin gizli qalan təfərrüatlarını açmaq və qaranlıq qalan mətləblərin üzərinə bir həqiqət projektoru işıqlandırmaq istəyirəm. Düzdür, bu məsələ xeyli uzun, çoxşaxəli məsələdir və iki-üç kəlmə ilə izah olunan məsələ deyildir. Amma bunu deyə bilərəm ki, güya zahirdə Həzrəti Məhəmməd peyğəmbərin(s.a.s) qohumu sayılan Bəni-Üməyya sülaləsi ona çox zülm etdi. Peyğəmbər(s.a.s) müqəddəs Məkkə şəhərini fəth edərək kafirləri zəiflədəndən sonra həmin o sülalə mənsubları Allahın elçisinin hüzuri-şərifinə gələrək ondan əfv və bağışlanma dilədilər. Peyğəmbərimiz isə öz növbəsində onlara belə buyurdular: "Gedin, sizlər azad olunmuşlarsınız!" O adamlar İslam tarixində "Tüləqa övladları", yəni ki, "Azad olunmuşlar" adı ilə tanınmaqdadırlar. Bu tayfa üzdə özlərini Peyğəmbərə yaxın, səhabə kimi göstərirdi, ancaq Həzrəti Əli ibni Əbu Talibin(r.a) zamanında iç üzləri meydana çıxdı. Deməli, Peyğəmbərin əmisinin nəvəsi sayılan Müaviyə ibni Əbu Süfyan o dövrlərdə–Həzrəti Əlinin(r.a) illərində Suriyanın hakimi idi. Halbuki, Həzrəti Əli(r.a) onun nə mal olduğunu bildiyi üçün valilikdən uzaqlaşdıraraq yerinə başqa bir şəxsi göndərmişdi; amma buna baxmayaraq, Müaviyə yeni gələn valiyə qarşı öz qoşunu ilə müqavimət göstərdi və onu geri qaytardı. Bu üsyankar hərəkətdən sonra Müaviyə ilə xəlifə Həzrəti Əli(r.a) arasında məşhur "Siffeyn döyüşü" oldu. Həzrəti Əlinin(r.a) qalib gəlməsinə baxmayaraq, Müaviyə yenə də öz fitnə-fəsadından əl çəkmədi. Çünki, onun işi yalnız və yalnız siyasət idi: hakimiyyətə gəlməyə, xəlifə olmağa can atırdı; səltənət, taxt-tac arxasınca qaçan bir dünya, daha doğrusu, şeytan qulu idi. Yəhudilər ilə ittifaq bağlayan Müaviyə həm onlardan, həm Roma və Bizans imperiyalarından dəstək alaraq haqq xəlifə olan Həzrəti Əliyə(r.a) qarşı müxtəlif yollarla qiyamlar qaldırdı, iğtişaşlar törətdi. O, İraq camaatını öz tərəfinə çəkərək onlardan məharətlə istifadə edirdi. Bundan əlavə, Həzrəti Əli(r.a) də dövləti İraqın Küfə şəhərində idarə edirdi. Müaviyə xəlifəni, əslində, bu böyük insanı necə aradan götürməsi barədə xeyli götür-qoy etdi, nəhayət, Allahın lənətlədiyi bir toplumdan–xəvariclərdən istifadə etmək qərarına gəldi; "Xəvaric" sözünün mənası "Dindən çıxan" deməkdir, bu dəstə həm Həzrəti Əliyə(r.a) qarşı üsyan etmiş və həm də ki, neçə-neçə günahsız müsəlmanı qılıncdan keçirtmişdirlər. Deməli, Müaviyə izi itirmək üçün belə bir plan qurur: xəvariclər üç nəfər olmaqla, güya biri Suriyaya Müaviyəni öldürməyə gəlir, biri Misirə Əmir ibni Ası öldürməyə gedir və digəri də ki, Küfə şəhərinə yollanır ki, Həzrəti Əlini(r.a) qətlə yetirsin. Həm də ki, bu planın həyata keçməsində gizli fəaliyyət göstərən yəhudilər də çox böyük rol oynayırdılar. Çünki, yəhudilər də Həzrəti Əlidən(r.a) qisas almaq istəyirdilər; ona görə ki, o, bir çox döyüşlərdə din naminə yəhudilərin bir çox kafir cəngavərlərini məhv etmişdi. Təbii ki, digər döyüşlərdə isə Müaviyənin yaxın qohum-əqrəbalarını qırmışdı. Müaviyə də ondan öz intiqamını alırdı. Beləliklə, xəvariclərdən olan Əbdürrəhman ibni Mülcəm adlı bir bədbəxt adam Həzrəti Əlini(r.a) məsciddə camaat namazını qıldıranda, o, səcdədə ikən, başından zəhərli qılınc ilə vurdu və imamı şəhid etdi. Həzrəti Əli(r.a) şəhadətə qovuşandan sonra müsəlmanlar onun oğlu Həzrəti Həsən ibni Əlini(r.a) özlərinə xəlifə elan etdilər. Amma Müaviyə Həzrəti Həsənin(r.a) atasına qarşı etdiyi düşmənçiliyi onun özünə qarşı da davam etdirdi. Həzrəti Həsən(r.a) cəmi 6 ay xəlifə oldu, sonra gördü ki, Müaviyənin araqarışdıranlığı nəticəsində artıq qardaş qanı töküləcək; bunun qarşısını almaq üçün müvəqqəti olaraq onunla sülh müqaviləsi bağladı və xəlifəliyi də ona əbədiyyən deyil də, müvəqqəti olaraq həvalə etdi. Çünki, ayrı yol yox idi, qan haqsız yerə qan tökülməsi labüd idi. Həzrəti Həsən(r.a) isə bunu istəməzdi. Müaviyə yenə də adını hallandırmamaq və murdar izini itirmək şərtilə bir daha bu ağılsız, Allahın xeyirindən və mərhəmətindən Qiyamətədək, nəsibsiz olan Küfə xəvariclərindən istifadə edərək Həzrəti Həsəni(r.a) öz həyat yoldaşının vasitəsilə zəhərlətdirərək şəhid etdi. Həzrəti Həsənin(r.a) həyat yoldaşı olan o dünyaya aldanmış zavallı qadın xəvariclərdən birinin qızı idi və adı isə Cədə bintə Əşəsdir. Həzrəti Həsənin(r.a) sevimli qardaşı Həzrəti Hüseyn ibni Əli(r.a) gördü ki, Müaviyə bir daha çirkli işlər gördü, öz alçaq simasını göstərdi; qardaşının onunla bağladığı sülhə vəfa etmədi. Amma o, səbrli oldu. Müaviyə öz sağlığında ikən, oğlu Yezid üçün ictimaiyyətdən beyət aldı ki, öldükdən sonra Yezid xəlifə ola bilsin. Elə də etdi və camaat qılıncın təhlükəsindən qurtulmaq üçün canlarının, mallarının qorxusundan Yezidə sırf məcburiyyətində üzündən beyət etdilər. Onsuzda, hər bir kəs bilirdi ki, nə Müaviyə, nə oğlu Yezid və nə də ki, onların mənsub olduğu Əməvilər, yəni ki, Bəni-Üməyya sülaləsi xəlifə olmağa layiq deyildirlər, xəlifəliyə Peyğəmbərin səhabələrini, Əhli-Beytini layiq görürdülər, amma neyləsinlər ki, qorxurdular və zəif idilər. Müaviyə oğluna bunu da bildirmişdi ki, əsla Hüseynə qarşı sərt davranmasın, onunla işi olmasın. Əgər belə bir şeyə gərək olarsa, küfəlilər ona qarşı duracaqlar, Abdullah ibni Ömərdən(r.a), Abdullah ibni Zübeyrdən beyət alsın, Həzrəti Hüseyndən(r.a) isə xüsusilə beyət alsın; bu üç şəxsi ona bərk-bərk tapşırır. Müaviyə cəhənnəmlik olandan sonra Yezid xəlifə oldu və bu üç nəfərdən beyət almaq üçün Mədinə şəhərinin valisinə özəl bir fərman göndərdi. Mədinə valisi bu üç nəfəri gecə vaxtı öz yanına çağıraraq çox ciddi-cəhdlə Yezid üçün beyət tələb etdi, ancaq onlar razılaşmadılar və müqəddəs Həcc mərasimini yerinə yetirmək üçün Məkkə şəhərinə yollandılar. Həm də özlərinə vaxt qazanmaq istəyirdilər. Bir daha bədbəxt küfəlilərdən istifadə edildi: onlar Həzrəti Hüseynə(r.a) dayanmadan məktublar yazaraq həm öz şəhərlərinə və həm də ki, xəlifəlik məqamına dəvət edirdilər; məktubda ondan Yeziddən qurtulmaları üçün kömək istədiklərini bildirirdilər. Təbii ki, bu, bir pusu idi, Yezidin ətrafında fırlanan hiyləgərlər Həzrəti Hüseyni(r.a) hakimiyyətə qarşı bir təhlükə hesab edir və onu aradan qaldırmaq üçün yenə də iraqlılardan-küfəlilərdən istifadə etdilər. Həzrəti Hüseyn(r.a) ona göndərilən o çoxsaylı məktubları nəzərə alaraq Həcc mərasimini yarımçıq qoydu və öz pak əhli-əyalı isə İraqa Küfə şəhərinə yollandı. Həzrəti Hüseyn(r.a) Küfəyə çatmaq üzrə idi, ancaq Kərbəla şəhərində artıq onu və ailəsini mühasirəyə alan bir ordu ilə qarşılaşdılar. Bu ordunun tərkibində, vaxtı ilə, Həzrəti Əlinin(r.a) Nəhrəvan döyüşündə öldürdüyü xəvariclərin qohum-əqrəbaları da var idi ki, onlar Həzrəti Əlinin(r.a) oğlundan öz qisaslarını almağa gəlmişdilər. Fikir verin ki, həm Həzrəti Əlinin(r.a), həm Həzrəti Həsənin(r.a) və həm də ki, Həzrəti Hüseynin(r.a) öldürülməsində Küfə xəvariclərindən istifadə edilmişdi. Düzdür, Peyğəmbər övladlarının qatilləri Bəni-Üməyya sülaləsi idi, ancaq onlar öz qanlı cinayətlərini məhz başqalarının üzərinə yıxaraq adlarını təmizə çıxartmağa çalışırdılar, lakin Uca Allah-Təala heç bir zaman haqqı nahaqqa vermir və həqiqət heç vaxt günəş arxasında qalmır. Allahın pak salamı, razılığı və rəhməti əbədiyyən Həzrəti Məhəmməd peyğəmbərə(s.a.s), Əhli-Beytinə və səhabələrinə olsun, amin!

Ərtoğrul Aypar

Oxunub: 3 104
Oxşar xəbərlər
SON XƏBƏRLƏR