dini radikalizm və ekstremizmlə mübarizə

XATIRƏ FƏRƏCLİ.YENI ŞEIRLƏR


Göylərdən gəlmişdi

Demişdim soyutma özündən məni,
hədər deməmişdim,
hədə deyildi.
Bir yolda ki,
yoldaşın eşq olarsa,
Fərq etməz, yolçuluq an, ya yüz ildi.

Mən ürək quluyam, mən ruh adamı,
Mən bu eşqi arzum kimi yaşadım.
Tam təslim olmuşdum duyğularıma,
Ürəklə, istəklə mən baş-başaydım.

Dünyama gün kimi doğmuşdu bu eşq,
Göylərdən gəlmişdi bu hiss, bu istək.
Ürək olan yerdə hər şey səadət,
Pərvanə olardın bu eşqə gərək.

***
Könlüm
yaşanmamış sevgilər,
yalançı sevdalar məzarlığı,
baş daşları fərqli,
sən də qoşuldun onlara,
elə bil
çox illər öncə çıxmışdın qarşıma,
elə bil
çox illər öncə
bu sevgi yaşanıb və bitib,
mamır basıb o günləri,
mamır basıb sənli xatirələri,
heyif, çox heyif,
qəlbimdə sənə qurduğum
o boyda taxtı
dəyişdin baş daşına.

Bəlkə

Elə narahatam, elə gərginəm,
Görəsən, nədir bu içimə dolan?!
Belədə, deyirlər, darıxanın var,
Doğruysa, odurmu düşünən, anan?

Mənim andığımtək anıb adımı,
O da mənim kimi darıxır bəlkə?!
Bir ad qoya bilmir baş verənlərə,
Qırılan bağlara yanıxır bəlkə?!

Bəlkə dar ağacı qurub içində,
Edam kötüyünə qoyub başımı?!
Yarıb,
yarğılayır duyğularını,
Bu çökən bir eşqin son təlaşımı?!

Canım dar qəfəsdə girinc,
giriftar,
Gümanlar, şübhələr çapır azad, hürr.
Bu kömköhnə dünya, təzə dünyada
Çox gizlinlər aşkar, hər aşkarda sirr.

Bir qucaq açmışdım

Özüm də bilmirəm nədən küsmüşəm,
Ömrəmi, bəxtəmi, şəxsəmi küsdüm?!
Bir qucaq açmışdım ürəyim boyda,
Elə o boyda da boşluğa düşdüm.

Mən hansı zamana, hansı məkana,
Hara aid olub, düşmüşəm hara?!
Bu dünya mənə yad, o dünya yalan,
Başqa dünya varmı, köç edəm ora?!

Yaşayıb keçdiyim yırtıq günləri,
Bu yamaq həyatı boşlayıb gedəm.
Ancaq acı verən bu karsız ömrü
Bircə bayatıyla oxşayıb gedəm.

Özüm də bilmirəm nədən küsmüşəm,
Əslində səbəb var, əslində heç yox.
İynə ucu boyda işıq gəzirəm,
Olmayan işığa pərvanəyə bax.

Oxunub: 982
Oxşar xəbərlər
SON XƏBƏRLƏR