dini radikalizm və ekstremizmlə mübarizə

İLAHİ HƏQİQƏTLƏRİN ELMİ ƏSASLARI


Çağdaş dövrdəki ədəbiyyat bolluğunda dəyərli kitab seçmək və seçdiyin kitabdan faydalanmaq heç də asan məsələ deyil. İstər bədii ədəbiyyat, istərsə elmi ədəbiyyat bütün oxucu kütlələri üçün eyni dərəcədə maraqlı görünmür. Sovet dönəmində elmi həqiqətləri dini təsəvvürlərlə bağlamaq fanatizm, cahillik sayılırdı. Buna görə də alimlərin özləri belə dini mənbələrə, xüsusən Qurana istinaddan çəkinirdilər. Halbuki haqqın dərk olunmasında elmin, elmi sirlərin açılmasında ilahi hikmətlərin rolu danılmazdır. Yaranışın elmi məqsədli olduğunu oxucularına aşılayan kitablar çox az yazılır. Kəhkəşan, aləm elmə az məlum olan sirlər üzərində qurulmuşdur və gözəgörünməz tellərlərlə bir-biri ilə vəhdətdədir. Uzun müddət həkim işləmiş, tibbin sirlərinə dərindən bələd olan və bəzi məsələlərin təcrübi tərəfini dərindən bilən Sabir Əzizoğlu – Əliyev Sabir Əziz oğlu yenicə çapdan çıxmış “Elm və həqiqət” (Bakı, Elm və təhsil, 2019, 336 s.) kitabında elmi-mənəvi mövzuları ətraflı araşdırır, ənənəvi yanaşma prinsipindən fərqli şəkildə yeni fikirlər irəli sürür.
Sabir Əzizoğlu Azərbaycan Tibb Universitetində ali təhsili alıb, Moskva Dövlət Energetik və Tibbi Biologiya İnstitutunda həkim kimi hazırlıq tədrisini bitirib. Tibb elminin dərinliklərinə bələd olan mütəxəssis kimi Multirezonans və Biorezonans müalicəsi tətbiqinin nəzəri və kliniki aspektləri üzrə beynəlxalq konfransa üzv seçilib. Sabir Əzizoğlunun elmi yaradıcılıq fəaliyyəti tibbin indiyədək üz tutmadığı bir sahə ilə bağlıdır, daha doğrusu, Böyük Yaranışda canlılarla ətraf aləmin əlaqəsi haqqındadır. Müəllifin fikrinə görə, canlıların yaranmasında təsadüf yoxdur, kainatda hər şey (tibbi, bioloji, fəlsəfi, fiziki, kimyəvi və sair proseslər) məqsədli şəkildə baş verir. Bütün canlılar bir-biri ilə bağlıdır, eyni zamanda bütün canlılar təbiətdə gedən proseslərdən asılıdır. Ən maraqlı cəhət isə kitabda qoyulan konseptual məsələlərin Quranın ümumi prinsipləri və metodologiyası ilə əlaqələndirilməsi ilə bağlıdır.
Müəllif haqlı olaraq qeyd edir ki, Yer üzündə bir-birini əvəzləyən çoxsaylı sivilizasiyalar yaranmışdır və bu sivilizasiyalar (Quranda nəsillər kimi xatırlanır) müxtəlif səbəblərdən dağılmışdır. Bəs görəsən Yaranışın məqsədi nə olmuşdur? Canlılar necə yaranmış və necə inkişaf etmişdir? müəllif bu suala cavabı Quranda axtarır və gətirdiyi dəlillər olduqca inandırıcıdır. Yekun nəticə isə belədir: Kainatda hadisə və prosesləri nizamlayan dərin elm Allaha məxsusdur. Quran nəinki baş verən hadisələrin elmi izahını verir, hətta baş verəcək hadisələrin də proqnozunu söyləyir. Oxucunu heyrətləndirən isə budur ki, həmin həqiqətlərin elmi əsasları Quranda hərtərəfli şəkildə öz əksini tapmışdır.
Belə bir həqiqət mövcuddur ki, Allah mürəkkəb elmi məsələlərin səbəbini zaman-zaman aşkarlayır, insanlara bəyan edir. Müəllifə görə, Allah elmin qapısını hissə-hissə açır ki, insanlar zaman etibarilə şüurlanaraq, elmlənərək onun elmini araşdırıb dərk edə bilsinlər. Kainatda hər şey nizamlı şəkildə baş verir, bu proseslər bir-birindən asılıdır, bir-birinin işini tamamlayır, baş verənlər elmi şəkildə idarə olunur. Həqiqətdir ki, elm kainatın, Yerin, göyün, planetlərin yaranmasında təsadüfün olmasını inkar edir. Sabir Əzizoğlu fikrini əsaslandırmaq üçün Quranın “əl-Bəqərə” surəsinə üz tutur, göylərin və Yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəzləməsində, küləklərin istiqamətini dəyişməsində, həmçinin insanların həyatı üçün əhəmiyyətli hadisələrin nizamlanmasında elmi əsasların olduğunu sübuta yetirməyə çalışır. Müəllifin çıxardığı nəticə də maraqlıdır: “Yer üzündə canlıların yaşayışı bütövlükdə kainatın yaranışı ilə sıx bağlıdır. Bu bağlılıq çox böyük elm ilə yaradıldığı üçün onu dərk etməkdə insan təfəkkürü çətinlik çəkir. Buna görə də kainatın yaranışı insan üçün sirr olaraq qalmaqdadır”. İlk olaraq Günəş sistemi planetləri yaranmış, bundan sonra yer üzərində qlobal proseslər baş vermişdir.
Yaranış, kainat, Günəş və onun ətrafında baş verənlər, Yerin möcüzəli həyat imkanları insanlığı həmişə düşündürmüşdür. Hələ elm inkişaf etməmiş, elmin müxtəlif sahələri yaranmamış Yer üzündə yaşayan müxtəlif xalqlar ətrafda baş verənləri dərk etməyə çalışmış, bununla bağlı rəvayətlər, əfsanələr söyləmişlər. Mifik təfəkkürün əsasında kainatı və dünyanı öyrənmək, anlamaq kimi prinsiplər dayanır. Bir folklorşünas olaraq, miflərin gerçəkliklə bağlılığı məsələlərinə həmişə önəm vermişəm. Hətta bu fikirdəyəm ki, mif gerçəkliyin insan təfəkküründə inikasıdır. İnsanın bilmədikləri onun qarşısını kəsən bir dağdır, insan daim düşünür ki, bu dağın o üzündə hansı hadisələr baş verib və verir?! İnsanın əli çatmayan hadisələr əlamətlərinə görə yozulur. Demək, insan yarandığı gündən ətrafını öyrənir, haradan gəlib haraya getdiyini dərk etməyə çalışır, onun həyatını tənzimləyən olaylara maraq göstərir. Folklorşünaslıq bu elmin adını mifologiya qoyub. Eyni məsələri filosoflar da araşdırır və elmi nəticələrə gəlir. Filosoflar öz elmi qənaətlərini fəlsəfə adı altında birləşdirir. Din də yaradılışın səbəblərini, mərhələlərini, nəticələrini diqqətdən kənarda qoymur. Müxtəlif dinlər, hətta kitabı olan və kitabı olmayan dinlər əvvəl dünyanın, sonra dünyanın da daxil olduğu böyük bir sistemin – kainatın sirlərini açmağa çalışır, öz dövrünə görə məlum olan həqiqətlərə biganə qalmır. Göründüyü kimi, ətraf aləmin və kainatın öyrənilməsində mifoloji, fəlsəfi və dini dünyagörüşlərin özündə sanki bir ardıcıllıq var. Xüsusən, dini kitablar, o cümlədən Quran insanlığın sərəncamına verildiyi zamanın biliklər sistemini özündə cəmləşdirir.
İlkin olaraq, onu qeyd etməyə dəyər ki, doğrudan da insanın yaranışı İlahi möcüzələrdən biridir. İnsan yaranmamışdan onun həyat elementləri elmi nizamla tənzimlənir, Yer bir yanar planet olaraq soyuyur. Qurana görə, Yer insanın yaranışına qədər canlıların yaşaması üçün əlverişli olmamışdır. “Əl-Qəmər” surəsində qeyd olunur ki, Yerdən çıxan su və göydən yağan yağışlar Yerin soyumasını və canlıların burada yaşamasını təmin edir. Yerin təbəqələri – hidrosfer, litosfer, astenosfer, üst mantiya, alt mantiya, xarici nüvə və daxili nüvə formalaşır. Sabir Əzizoğlu bu müdrik mənbəyə əsaslanaraq, dağların, çayların, meşələrin həyat əlamətlərini qabardır. Müəllif Yer üzündə həyatın formalaşmasında mühüm rol oynayan əsas məsələləri belə sıralayır:
-Yerin soyuması;
-Yerin təhlükəsizliyinin təmin olunması;
-Dəmirin Yerə göndərilməsi;
-Atmosfer qatlarının (atmosfer, stratosfer, mezosfer, termosfer, ekzosfer, ionosfer və manjetosfer qatlarının) yaranması və insanın tənəffüs sisteminin tənzimlənməsi;
-Suyun həyatı əhəmiyyəti, orqanizmdə olan bütün kimyəvi maddələrin, elementlərin, üzvü maddələrin su vasitəsilə hərəkət etməsi;
-İnsanın və digər canlıların yaranışı.
İstər dini, istərsə də mifoloji rəvayətlərdə deyilir ki, Allah (Tanrı) insanı yaratdı, sonra insana öz nəslini artırmağı, insan yaratmağı həvalə etdi. Yaratmaq keyfiyyəti Allaha məxsusdur, kainatı, planetləri, o cümlədən Yeri Allah yaradıb, onun adlarından biri Yaradandır. Lakin Yaradan (Allah) insana öz keyfiyyətindən birini verir, insanlıq özü özünü artırır. Dində bu yaradılışın da arxasında Allah durur. Quranın “əl-Vaqiyə” surəsində deyilir ki, axıtdığınız nütfəni gördünüzmü? “Onu siz yaratdınız, yoxsa biz?.. Sizi bənzəriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz”.
Folklorda Adəm və Həvva ilə bağlı çoxlu rəvayətlər var. Dini rəvayətlərlə folklor rəvayətləri bir-birini təsdiq edir. Bəs görəsən bunların ilkini hansıdır? Ümumi fikir belədir: Allah (Tanrı) ilk insanları – Adəmlə Həvvanı yaratdı və Yer üzünə göndərdi ki, insan nəslini artırsınlar. Bu iki yaradılış və insanlıq yaradılışının təməli sayılan iki mifoloji obraz təfəkkürünə görə eynidir, lakin cinsinə, fiziki quruluşuna görə fərqlidir. Onlardan birinin yükü daha ağırdır, gələcək insanı doqquz ay bətnində gəzdirməli olur. Allah (Tanrı) bu doqquz ayın müddətində onu nitfədən insana qədər dəyişdirir, qidalandırır, həyata gəlməsini təmin edir.
Göründüyü kimi, insanın öz yaradılışı ilə bağlı mifik və dini təsəvvürü elmi mülahizələrlə üst-üstə düşür. Sabir Əzizoğlu yazır ki, qadın və kişi arasında fiziki fərqlərin olmasına baxmayaraq, onlar intellekt baxımından eynidir, düşüncələrində, dünyaya baxışlarında, davranışlarında və ünsiyyətlərində fərq yoxdur. İnsanın yaranışında mayalanma, genetik əlamətlərin ötürülməsi, uşağın ana bətnində əmələ gəlməsinin mərhələləri və sair məsələlər Quranın hikmətləri əsasında izah olunur.
Kitabın fəsilləri və yarımfəsilləri böyük yaranışın prinsipləri üzərində qurulmuşdur. Torpaq canlıların xammalı, yaşayış vasitəsidir. Müxtəlif elementlər, zülallar, hüceyrələr son mərhələdə insanı formalaşdırır, onun həyati tələblərini təmin edir. Canlılar bitkilərlə kimyəvi şəkildə bağlıdır. Buna görə də bitki örtüyünün üzərində otyeyən və ətyeyən heyvanlar, həmçinin insanlar intişar tapır. Bütün dəlillərini Qurandan gətirən Sabir Əzizoğlu bitkilərin gen yaddaşına, hüceyrə nüvəsində və ayrı-ayrı zülal liflərində yerləşən kodlaşmış məlumat daşıyıcılarına da önəm verir. Dalğalar, informasiya kodları, orqanizmdə məlumatın efirə verilməsi, bitkilərin Yaradanla əlaqəsi, həmçinin duyğu üzvlərinin (eşitmə, görmə, dadbilmə, toxunma və sair) ilahi inkişaf ardıcıllığı, düşüncənin inkişafı və sair məsələlər haqqında elmi bilgilər Quranda olduğu kimidir. Fikir, ağıl, yaddaş, nitq, təəssürat, həmçinin insanın psixoloji məqamları müəllif tərəfindən elmi dəlillərlə izah olunur. Psixoloji məqamlar burada ruhi düşüncə kimi təqdim olunur, ruhla orqanizmin vəhdəti, təbəssüm, kədər, stresslər, əsəb (hətta xəstəlik dərəcəsində) və sair insan amilinin xarakterik xüsusiyyətlərini tənzimləyir.
İnsanın birgəyaşayış həyat tərzindən bizə məlum olan və xalq hikmətlərində öz əksini tapan Cin və Şeytan obrazları dində də eyni funksiyanı daşıyır. Cin və Şeytan varlıqdırmı? Bu qeyri-insani məxluqlar həyatda mövcuddurmu? Din də, folklor da eyni cavabı verir: Cindən və Şeytandan qorxma, insanın daxilində olan Cindən və Şeytandan qorx, insanı Cinə və Şeytana döndərən hiss, tamah və istəklərdən çəkin! İnsanı fəlakətə sürükləyən əməllər şeytani əməllərdir. Folklor nümunələrindən birində deyilir ki, Şeytan mehriban bir ailəni dağıtmaq istəyir, Küpəgirən Qarı ondan qabaq həmin ailəyə fəlakət gətirir. Öz işini bitirir, çıxıb gedəndə Şeytanın hələ də evin başına fırlandığını görür. Soruşur, nə etmək istəyirsən? Şeytan deyir, bu ailəyə fəlakət gətirəcəyəm. Küpəgirən Qarı deyir, sən gecikmisən, mən o mehriban ailəni bir-birinə düşmən elədim, ər vurub arvadını öldürdü, basdırmağa vaxtım yoxdur, get sən dəfn elə.
Bu folklor örnəyinin qəhrəmanı Küpəgirən Qarı, Quranda haqqında söz gedən insanların daxilindəki Şeytan obrazıdır.
Sabir Əzizoğlu ruh dünyasının bir parçası olan musiqini Allahın insana verdiyi töhfə sayır. Musiqi əslində insanı insan edir! Burada maraqlı bir məqama toxunmaq istəyirəm. Mərsiyələri, nohələri, cuşiləri, hətta nəzmlə yazılmış dini mətnləri musiqi ilə səsləndirən, xüsusi avazla oxuyan bəzi dindarlar bu sənət sahəsinə ciddi qadağalar qoyurlar. Halbuki, qadağan şəhvət gətirən, heyvani hissləri oyadan musiqiyə qoyulmalıdır. S.Əzizoğlu yazır ki, musiqi düşüncə kateqoriyalarından biri kimi Adəmdən sonra gələn insanlara genetik yolla ötürülmüşdür. Doğrudan da, musiqi yaratmaq bacarığı və dinləmək qabiliyyəti canlılar arasında ali şəkildə insana verilmişdir. Musiqi də düşüncə vasitəsidir və səsləndikdə insanları düşündürür. Hələ körpə ikən beşik nəğmələrini dinləyən insanın ruhu musiqi ilə bağlanır. Musiqi onu düşündürdüyü kimi, yatırır, oyadır, əyləndirir, ruhunu sakitləşdirir. Musiqi ilə insanlar gələcək nəslə vətən sevgisini aşılayır, onu el-oba uğrunda döyüşə səsləyir. Musiqi harmoniya yaradır, harmonik və disharmonik rəqslər isə insanın fiziki sağlamlığına xidmət edir.
Müəllif kitabının yekununda darvinizmin, marksizmin və leninzmin təbiətlə, cəmiyyətlə bağlı təlimlərini özünü doğrultmayan nəzəriyyə adlandırır. Canlıların təkamülü, onların, xüsusən insanların keçdiyi yolun yanlış əsaslandırmalar üzərində qurulduğunu iddia edir və oxucusunu buna inandırmağa çalışır. Bu məsələlərə aydınlıq gətirmək, müəlliflə mübahisəyə qoşulmaq üçün birinci növbədə onun yazdığı “Elm və həqiqət” kitabını oxumaq lazım gəlir. Müəllif “Zikr ruhun ehtiyacıdır”, deyir və insanın həyatında maddiyyatla mənəviyyatın qarşılıqlı əlaqəsini nəzərə çatdırır. Şübhəsiz, insanların arasındakı ünsiyyət, davranış, tərbiyə və təhsil mənəvi ehtiyacların ödənilməsində böyük əhəmiyyət daşıyır. Maddi ehtiyacların ödənilməsi mənəvi ehtiyacların yaranmasının əsasını qoyur və inkişaf etdirir. Nəticə isə budur ki, inkişaf etmiş mənəvi aləm insanın gündəlik fəaliyyətini təmin edir və onun cəmiyyətlə bağlılığına, cəmiyyətdə fəaliyyətinin nizamlanmasına şərait yaradır.
Kitabın sonunda qoyulan cavabsız suallar isə oxucunu düşünməyə, müəlliflə polemika aparmağa sövq edir.
Yaradılışa, kainatla, Yerlə, ətraf aləmlə bağlı mülahizələrə, insanlığa fərqli şəkildə yanaşan və öz dəlillərini dini, elmi mənbələrlə sübut etməyə çalışan Sabir Əzizoğlu bu mövzuda fərdi konsepsiyasını yaradaa bilmişdir.

Bilal ALARLI (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru


Oxunub: 1 186
Oxşar xəbərlər
SON XƏBƏRLƏR