dini radikalizm və ekstremizmlə mübarizə

Tarixin rəngli səhifəsi bozaranda...

Tarixin rəngli səhifəsi bozaranda...
İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabliyyəti, olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində bu keyfiyyətlər açıq-aşkar görünür…

Deyir ki,- "Hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq"…

Hər kəsin bir daxili dünyası vardır, deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, düzə düz, əyriyə əyri söyləməyə onu vadar edir. Həm də rejissordur. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib...

Haqqında söhbət açdığım Mehriban xanım Ələkbərzadə Gəncədə dünyaya gəlsə də uşaq yaşlarından ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1982-ci ildə 17 saylı orta məktəbi bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini ərsəyə gətirib.
1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir.
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 2013-cü ildə isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir ki, dalabadal Prezident Mükafatı alır…
2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanımın "sehirli qutuda" yenidən görünməsini arzulayan tamaşaçılar çoxdur.
Bayağı verilişlərin baş alıb getdiyi zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi?..

Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxunub: 860
Oxşar xəbərlər
SON XƏBƏRLƏR