» » ELMƏDDİN LAÇINLININ POEZİYA DÜNYASINDAN

ELMƏDDİN LAÇINLININ POEZİYA DÜNYASINDAN

ELMƏDDİN LAÇINLININ POEZİYA DÜNYASINDAN
Məmmədov Elməddin Elman oğlu 1 oktyabr 1991-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur.
1992-ci ilin may ayının 18-dən Laçın rayonunun işğalı zamanı məcburi köçkün olaraq Binəqədi rayonunun 28 may qəsəbəsində məskunlaşmışdır.
274 saylı məktəbdə təhsil almışdır. Yaradıcılıqla məşğuldur.
Bir çox qəzet və jurnallarda, eləcə də " Türk Dünyası Şairləri " antologiyasında şeirləri dərc olunmuşdur.



















Aprel döyüşləri silsiləsindən
..........Vətən.............

Zirvəndə şəfəq saçır
Üç rəngli bayraq, vətən!
Yaşıl meşə, göy çəmən,
Dərə, təpə, dağ vətən!

Qayan, daşın müqəddəs
Qan yaddaşın müqəddəs.
Köksündəki hönkürtü,
Gözdə yaşın müqəddəs
Ey qara torpaq, vətən!

Şuşa gözümün yaşı,
Laçın dərdi-qubarım!
Xocalı qan yaddaşım,
Xocalı ahu-zarım!
Qubadlı, Zəngilandır
Həsrətim, intizarım
Harayını duymayan
Alçaqdır, alçaq, Vətən!

Şəhidlər can verəndə
Son sözü Vətən oldu!
Torpağın şəhidlərin
Alnından öpən oldu!
Kəfənsiz şərəfliyə
Sən özün kəfən oldun!
Kəfənsiz ölülərdir
Şərəfsiz, qorxaq, vətən!

Sənsiz ömür-gün mənim
And olsun zəhərimdir.
Harayın harayımdır,
Dərdin dərdi-sərimdir!
Sevincin gözdə nurum,
Kədərin kədərimdir!
Kim ki, sənə kəm baxır,
Kim ki, sənə kəc baxır,
Gözlərinə ağ, Vətən!

Zirvəndə şəfəq saçır
Üç rəngli bayraq, vətən.
Nurlu çeşmə, bozaq cöl,
Dərə, təpə, dağ vətən!
Ey ana torpag vətən!


Şəhid məktubu

Gözündə qəm seli çağlayan anam,
Olum kipriyinə, qaşına qurban.
Ey məni naləylə ağlayan anam
Ağlama gözünün yaşına qurban!
.
Məğrur qamətini əyib üzülmə,
Büküb dizlərini döyüb üzülmə.
Kaş ki, sağ olaydın deyib üzülmə
Qanım bu vətənin daşına qurban!
.
Ana gözlərinin yaşı müqəddəs,
Vətənin torpağı, daşı müqəddəs
Baharı müqəddəs, qışı müqəddəs
Baharına qurban, qışına qurban.
.
Laçınım qəm çəkir gözü yoldadır
Xocalım qanına qaltan, dardadır.
Qubadlı, Zəngilan ahu-zardadır
Olum Ağdamıma, Şuşama qurban.
.
Götürün üstümdən dumanı, çəni
Üç rəngli bayrağa bürüyün məni!
Yazın baş daşıma bu dörd kəlməni
VƏTƏN, TORPAĞINA, DAŞINA QURBAN!!!


Dua
Atma məni yanar oda
Göz yaşıma sönər o da!
Ömür verdin, bu dünyada
Qismət də ver barı Allah.

Eşqin qəlbə dayaq ola,
Ruhumdan göz-qulaq ola.
Haqq yolunda çıraq ola,
Gözlərimin nuru, Allah!

Xəsislərdən, xəbislərdən,
Namərdlərdən, nakəslərdən,
Şeytanlardan, iblislərdən,
Məni şərdən qoru Allah!

Sən ki, mənim xaliqimsən
Qəlbimdəki pak eşqimsən.
Sən ki mənim sahibimsən
Demə mənə zarı, Allah!


Gözləyir.

Gedə bilmədiyimiz
Yollar bizi gözləyir.
Əli belində bağlı
Qollar bizi gözləyir.

Səsdə olan qulaqlar,
O yaxından uzaqlar,
Kərsək-kərsək torpaqlar,
Sular bizi gözləyir.

Nakam arzu-diləklər,
Əsən dəli küləklər,
Dağda açan çiçəklər,
Kollar bizi gözləyir.

Sınıq-sökük komalar,
Oda həsrət sobalar,
Viran qalan obalar
Zinhar, bizi gözləyir.


"Salam haqqı"

Salam verdim salamımı almadı
Salamımın günahını alanlar.
Mələklərin ürəyincə olmadı
İnsanların ürəyincə olanlar.

Günahları günah üstə düzdülər
Savabları göz ucuyla süzdülər.
Doğruları sonalayıb sezdilər,
Ömürləri talan etdi yalanlar.

Həqiqəti eşidən yüz duyan bir
Haqq səsini duymaq üçün dayan bir!
Aç gözünü Adəm oğlu oyan bir,
Gedən getdi, yol üstədir qalanlar!

İman ömrün özəyidir özəyi
Eşq ürəyin bəzəyidir, bəzəyi.
O dünyada cənnət bağın bəzəyir
Bu dünyada saralanlar, solanlar.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930