dini radikalizm və ekstremizmlə mübarizə

ZİYADXAN BUDAQIN SÖZ XƏZİNƏSİ

ZİYADXAN  BUDAQIN  SÖZ XƏZİNƏSİ

Mənim ürəyimdir

Çəkilməzdir bu dərd-azar,
Məni görən nələr yozar?!
Vətən boyu məzar-məzar
Bitən, mənim ürəyimdir.

Göy kişnəyib,bulud dolub,
Yerin-göyün rəngi solub.
Qarabağda şəhid olub
Gedən, mənim ürəyimdir.

Ömür susub baxışında,
Ölüm dinib naxışında.
Güllələrin yağışında
İtən , mənim ürəyimdir.

Vaxt qaraldıb ocağını,
Baxt yandırmaz çırağını.
Öz qoynunu-qucağını
Didən, mənim ürəyimdir.

Qılınc olub son gümanı,
Pərən salıb ah-amanı.
Ölüm yüklü bir zamanı
Ötən, mənim ürəyimdir.

Bir heykəldir şövkət-şanım,
Bu gerçəyi necə danım?
Torpaq mənim cismim-canım,
Vətən mənim ürəyimdir.

Ay Laçında qalan səsim

Səsim idin, ünüm oldun,
İtən ömrüm-günüm oldun.
Səmtim oldun,yönüm oldun,
Gendən baxmaq oldu bəsim,
Ay Laçında qalan səsim.

Dərdin yükü şələ-şələ,
Daşıyıram ildən-ilə.
Tükənməyib ümid hələ,
Azalmayıb ilk həvəsim,
Ay Laçında qalan səsim.

Bağrına bas yurd yerini,
Laçın boyda dərd yerini.
Qurd oğlunun qurd yerini
Qoy isitsin son nəfəsim,
Ay Laçında qalan səsim.

Qəzəbimi yaraq eylə,
Niyyətimi bayraq eylə.
Yay, hər yana soraq eylə
Qoy yığılsın hər bir kəsim,
Ay Laçında qalan səsim.

Cürətimin səngəri ol,
Qüdrətimin ləngəri ol.
Qeyrətimin bənzəri ol
Zəfərinə qoy tələsim,
Ay Laçında qalan səsim.

İstəyimin kökü dərin...
Ömrüm olsun qoy hünərin.
Başı üstdə o yerlərin
Mehə dönüm bircə əsim,
Ay Laçında qalan səsim.

Məni qınayana

Yetərlidir məni məndə tanıyan,
Yoxdur hələ sınaq salıb sınayan.
Sən,ay məni öz eşqimdə qınayan,
Məhəbbətin dili laldı əzəldən.

Qalxan etdim, başa çəkdim gümanı,
Bir gözələ tuş gətirdim imanı.
Dəyişməyib məhəbbətin ünvanı,
Al yanaqda qara xaldı əzəldən.

Ürəyimin öz ocağı,odu var,
Tüstüsündən bəlli olan adı var.
Məhəbbətin bir ayrıca dadı var,
Çiçəkdəki təzə baldı əzəldən.

Gör o kimdir bu dünyaya çaş gələn,
Qəlb yerinə sinəsində daş gələn?
Öz yerişi tək özünə xoş gələn
Yetişməyib, elə kaldı əzəldən.

İçim ayrı,çölüm ayrı görünür,
Ayrı düşüb, gülüm ayrı görünür.
Ölüm ayrı, zülüm ayrı görünür,
Ərz elədim, bu da haldı əzəldən.

Zaman verib bu sualı, sorğunu,
İncitməzmi dar döngələr yorğunu?
Sən də bil ki, məhəbbətin vurğunu
Qarşındakı Rüstəm Zaldı əzəldən.

Yazmışam

Ömür tapıb bir ilhamın adında
Dolanmışam yerin-göyün qatında.
Bu şerimi ürəyimin odunda
Pərvanətək yana-yana yazmışam.

Duyğulara bir İlahi səs dolub,
Təb qaynayıb, şair könlüm məst olub.
Gözəllikdən xata dəyib,qəsd olub,
Varlığımı dana-dana yazmışam.

Kömək tutub iradəmi,əzmimi
Xalı kimi döşəmışəm nəzmimi.
Unutmayıb ölçüsünü,vəznini
Şeriyyəti qana-qana yazmışam.

Çoxdur çəkən şairliyin qəhrini,
Qəvvas olub mən də keçdim nəhrini.
Şeir üstdə şairlərin təhrini
Xatırlayıb ana-ana yazmışam.

Gözəlliyə tələyəmmi, bilmirəm,
Əsirəmmi,köləyəmmi, bilmirəm.
Yoxsa elə beləyəmmi, bilmirəm,
Heyrətimdən dona-dona yazmışam.

Qayıt mənim ürəyimə

Ürəyimdən çıxıb getdin,
Abad könlü bərbad etdin.
İnanmaram kama yetdin,
Qayıt mənim ürəyimə.

Yanlış özü bir naxışdır,
Səni gözəl saxlamışdır.
Demə Tanrı qarğamışdır,
Qayıt mənim ürəyimə.

Daş-kəsəkdir sevda yolu,
Hər addımı-əzab dolu.
Dön geriyə üzüsulu
Qayıt mənim ürəyimə.

Bu yol ulu,sən də naşı,
Yıxılarsan addımbaşı.
Ətəyindən tök bu daşı,
Qayıt mənim ürəyimə.

Bil ki, yollar yoran olar,
Tufan qalxar,boran olar.
Ümid yerin viran olar,
Qayıt mənim ürəyimə.

Kim aldansa yalan sözə,
Enə bilməz dağdan düzə.
Sevən kəslər vurmaz üzə,
Qayıt mənim ürəyimə.

Köküm üstdə pöhrə sən ol,
Bar gətirim,bəhrə sən ol.
Tahir olum, Zöhrə sən ol,
Qayıt mənim ürəyimə.

Xəyallarım mələyimdir,
Son gerçəklik diləyimdir.
Sənin yerin ürəyimdir,
Qayıt mənim ürəyimə.

Ziyadxan Budaq,
Bakı şəhəri.

Oxunub: 1 094
Oxşar xəbərlər
SON XƏBƏRLƏR