dini radikalizm və ekstremizmlə mübarizə

İnsanlığa qarşı zorakılıq

İnsanlığa qarşı zorakılıq


Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə
Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün bəşəriyyət sülh və əmin-amanlıq şəraitində yaşayardı. Müharibələr heç də bir günlə başlayıb, bir günlə qurtarmır. O özündən sonra da uzun illər törətdiyi fəsadların acılarını yaşadır. Müharibə böyük bir faciə, dözülməyən sitəmlər, insanların fəryadı, anaların ah-naləsi, günahsız körpələrin qışqırtısıdır. Qarabağ müharibəsinin canlı şahidləri erməni separatçılarının zorakılıqlarını, misli görünməmiş qəddarlıq və vəhşiliyini göz önünə gətirdikcə dözülməz acılar çəkirlər. Qarabağ müharibəsi zamanı baş verən o müdhiş hadisələri görmüş və yaşamış canlı şahidlər olanları ürək ağrısı ilə olduğu kimi nəql edirlər:

Cumayeva Rüxsarə Bayraməli qızı
Zaqatala rayon sakini

Tələbə illərim meydan hərəkatı vaxtına düşdü. 1988-ci ildə AZİ-nin (Neft Akademiyası) 2-ci kurs tələbəsi olaraq mən də meydan hərəkatına qoşuldum. 7 oğlan və bir mən aclıq elan etdik. Başımıza nələr gəldiyini bilsəydik, vətəni qorumağı Bakıdan yox, Qarabağdan başlayardıq. Xankəndindən başlayardıq, ancaq əfsuslar olsun ki, biz Bakıdan başladıq. Və bu gün cənnətməkan olan o dilbər guşəsi Qarabağımızı xəyallarımızda canlandıraraq yaşayırıq. Ermənilər Qarabağı 1988-ci ildən deyil, neçə illər öncədən hazırlaşırdılar ki, bizim əlimizdən alsınlar və aldılar da. Mən artıq həmin vaxtdan etibarən Hərbi hospitalda könüllü olaraq işləməyə başlayaraq yaralılara köməklik edirdim. Bir gün
Məhəmməd Əsədov hospitala gəlib dedi ki, Şuşaya gedirik, bizə ürəkli həkim, tibb bacısı lazımdır. Mən qabağa çıxanda Məhəmməd Əsədov dedi ki, yox, sizə olmaz, siz çox gəncsiniz. Onda baş həkim rəhmətlik Vaqif İbrahimov dedi ki, siz bu qızı tanımırsınız, bu qız meydan görmüş qızdır. 1988-ci ildən 1990-cı ilə qədər nə qədər əzab-əziyyət çəkib, institutdan qovulub, işindən çıxarılıb, anacaq vətən sevgisi bunun qəlbindən silinməyib. Ondan sonra razılaşdılar. O zaman 1991-ci ilin noyabr ayında ilk dəfə mən telestudiyanın həyətində vertolyota minib Şuşaya
getdim. Mən orada düşəndə ilk dəfə idi ki, qarı qırmızı rəngə çaldığını gördüm. Biz orada yardımları boşaltdıq. Oradan bir neçə həkim və tibb bacısı ilə getdik Daşaltına, orada köməklik göstərməyə. Artıq bilirdik ki, hücum olacaq, yaralılarımız olacaq. Ondan əlavə Malıbəyli, Quşçular, Nəbilər, Kərkicahan, Qaradağlıda gedən döyüşlərdə yaralılara ilk tibbi yardım etdim. Burada gedən döyüşlərdə ermənilərin dinc əhaliyə tutduqları divanlar, uşaqları borulara doldurub hər iki tərəfdən boruların ağzını qaynaqla bağlamalarının, yaşlı kişilərin, qadınların kürəyinə bağlanan qaynar samovarlarla birlikdə dərə aşağı arxadan təpik vurub itələnməklərinin canlı şahidləriyik. Hətta ermənilər bizim hamilə qadınların qarnını
yararaq uşağını götürüb onun yerinə benzin dolu butulka bağlamışdılar. Hələ bunlar təkcə Şuşanın kəndlərində gördüklərim idi. Ondan sonra mən qayıdıb təzədən hospitala gəldim. Mən orada çalışdığım zaman Xocalı soyqırımı baş verdi. Mənim Qarabağa getməkdə bircə məqsədim, Ermənilərin atdığı mərmidən yaralanan Qubadlıdan olan dinc əhali içində 14 yaşlı Elçin adlı bir gənc uşağın qolunun kəsilməsi nəticəsində oldu. Əliyar həkim mənə bildirdi ki, Rüxsarə, bu gecə Elçinin qolu kəsiləcək, növbətçi sənsən, gəl mənə köməklik göstər. Dedim həkim, mən onun qolunun kəsilməyinə razı deyiləm, amma məcburuqsa edək. Ancaq o, ayılıb soruşanda ki, mənim anamı, bacımı, sevgilimi qucaqlamağa hanı
qolum, onda siz cavab verəcəksiniz. Ondan sonra mən ərizə yazıb baş həkimə verib dedim ki, mən tibb bacısıyam, burada qalmaq istəmirəm, gedib ön cəbhədə yaralılara ilk tibbi yardımı göstərmək istəyirəm ki, heç olmasa Elçindən sonra gələnlərin qolları kəsilməsin. Mən oradan Ağdama gəldim. Orada ən çox Canyataq, Gülyataq, Mehmanə, Fərrux dağı ətrafında gedən döyüşlərdə, Suşəşənginin üstündə ən çox yaralılarımız oldu. Əsgərlərimiz bir erməni döyüşçüsünü tutmuşdu, yanında da yaşlı erməni qadını var idi. O yaşlı qadın təkrar-təkrar deyirdi ki, Qarabağ bizimdir. Onunla belə əsgər və komandirlərimiz o qadına qadın olduğuna görə əl qaldırmadılar. Ancaq başqa millətin gözünün
qabağında bacısına, anasına əl qaldır, görüm o dözə bilər. Lakin biz nə qədər mərd, dözümlü və ürəyiyumşaq xalqıq ki, o qadına əl qaldırmadıq. Qoy ermənilər bütün dünyaya bizim gözümüzlə baxsınlar. Bir gün komandirimizin sürücüsü Rəsul maşından düşüb yanımıza, meşənin içinə
gəldi. Ermənilər ağaclara 100 metrdən bir qranat bağlayıb getmişdilər. Biz meşədən çıxa da bilmirik, qabağa da gedə bilmirik. Rəsul su üçün gedirdi. Ona demək istəyirdim ki, Rəsul, birdən sürüşərsən, ağaca diqqət yetir... elə söz ağzımda qaldı. Rəsulun əli dəydi budağa, qranat açıldı. Ermənilər minomyot ilə meşəni atəşə tutdular. Rəsul ayağından, mən də başqa nahiyələrimdən zədə almışdım. Hal-hazırda da ayağımda 4-5 qəlpə var. Mən özüm yaralı olsam da Rəsulu o vəziyyətdə qoyub çıxa bilməzdim. Sürünə-sürünə gedib onun yarasını sarıyıb birtəhər
çıxartdıq. Onu vertolyotla Bakıya yola salsalar da, yolda dünyasını dəyişmişdi. Mən ayağımda olan müəyyən qəlpələri çıxardıb yaralarımı sarıdım. Bizim 5-ci batalyon, 2-ci rotadan olan uşaqlarımız hardasa 20-25 yaralı içəridən çıxardıb gətirmişdilər. Gecə yolu qayıdırıq, ayağım sarğılı idi. Gedən maşınlarımız qayıtmadığından ayağıma görə tanka girə bilmədiyim üçün, onun üstündə duraraq lüləyindən tutub gedirik. Birdən tankın sepi çıxdı və mən özümü yerə atdım, tank da başqa istiqamətdə dərəyə aşdı. Başım zədə almışdı, handan-hana özümə gəldim.
Gördüm yox, ölməmişəm, əlim, qolum, ayaqlarım yerindədir, durub oturdum. Ayın parlaq işığında süd kimi ağ gecə var idi. Çantam da tankda getdiyinə görə yanımda heç nə yox idi. Bir daş da tapa bilmirəm ki, damarımı kəsim, ermənilərə diri əsir düşməyim. Uzaqdan bir maşın işığı gəlirdi. Mənə 5 metr qalmış kimsə özünü maşından atdı. Gələn Əli həkim idi, məni görüb maşından atılmışdı yerə. Səsini eşidirəm, ay Tutu, sən burada neynəyirsən? Ancaq nitqim necə tutulubsa ona cavab verə bilmirdim. O, gəlib məni ayağa qaldırdı. Əlimlə işarə elədim ki, uşaqlar dərəyə yuvarlanıblar. Düzdür, dərə dərin olmadığından uşaqlara heç nə olmamışdı, tankı da çıxartdılar. Mehmanəyə qalxanda biz yolda azdıq, qabaqda da keçilməz kanal var. Ya o kanalı keçməlisən, ya suya düşüb boğulmalısan, ya da orada qalıb ermənilərə əsir düşməlisən. Yanımdakı döyüşçülərdən biri də doğma xalam oğlu Cavanşir idi. Mənim ermənilərə əsir düşməməyim üçün komandirimiz Qələndər xalam oğlu
Cavanşirə dedi ki, xalan qızını sən özün güllələ. Kəşfiyyata gedən əsgərlərimiz gəlib dedilər ki, qabaqdakı tanklar bizimkilərdir. Mənə sanki güc gəldi, tullanaraq o kanalı necə keçdimsə, indi də mənə möcüzə kimi gəlir. Arxamca da uşaqlar hamısı kanalı keçib Mehmanəyə getdik. Orada mövqeyimizi tutduq və şiddətli döyüş başladı. Polad adlı tank sürənimizin ölməyindən, qalmağından bu günə qədər də xəbər yoxdur. Onu itirdik, öz rotamızdan çox əsgərimiz yaralandı. Həmin Mehmanədə gedən döyüşdə yaralını sarıdığım vaxt komandir Ədalət bəy əmir verdi ki, o yaralını qoy, geri çəkil. Sən hələ lazımsan, çox yaralı sarıyacaqsan Qrad raketi meşəni vurdu, yoğun bir ağac düz həmin yaralının üstünə aşırdı, tez
onun üstünü kürəyimlə örtdüm. Ağac mənim bel sümüyümü bərk zədələdi. Yaralını da, özümü də birtəhər oradan çıxartdım. 3 ay kürəyi üstə yata bilmədim. Özümə söz vermişəm ki, heç vaxt ağlamayacağam. Ancaq məni ağladan iki döyüşçü balamız var. Digər döyüşçülərimiz məndən inciməsinlər, hamısını çox istəyirəm. Ancaq Habilnən Qarabalanı unutmaq olmaz. Habilin hündür boyu var idi, həmişə qabaqda komandirin yanında gedirdi. Fərrux dağı ətrafında gedən döyüşdə erməni snayperçi qadın onun alnından vurmuşdu. Qarabala da təzə nişanlanmışdı, məzuniyyətdə idi. Evdə deyib ki, mənim nişan konfetimdən döyüşçü yoldaşlarım və tibb bacım da yeməlidir. Kaş heç gətirməyəydi. Şokolad
qutusunu gətirib yanımıza qoyub elə gedən anda snayper onun düz ürəyindən vurdu. Erməni bilsin ki, onu da dünyaya gətirən anadır. Heç bir ana istəməz ki, onun övladı qan içində qalsın. Mənim xalqımın torpaqları qanla verilib. Ancaq Ali Baş Komandanımız istəyir ki, işğal olunan torpaqlarımız sülh yolu ilə alınsın. Yox, əgər sülh yolu ilə alınmazsa mən yenə də hazıram çantamı götürüb cəbhəyə yola
düşməyə. Yetər ki, Ali Baş Komandan əmr versin. Bu yaxınlarda Bakı ermənisi olmuş Rusiya vətəndaşı olan bir qadın Moskvadan
gəlmişdi. Gəlib Bakını rahat gəzib, köhnə xatirələrini yaşayıb getdi. Ona heç nə demədik. Axı bizim Dilqəm də öz doğma yurduna, doğmalarının məzarlarını ziyarət etməyə getmişdi. Ermənilər onu əsir götürdülər. Bu gün Dilqəm nə gündədir. Biz Ermənistana təcavüz etməmişik, torpaqlarını əlindən almamışıq, balasının başını kəsməmişik, qızına, gəlininə sataşmamışıq. Əksinə, erməni mənim torpağıma təcavüz edib, balamı əlimdən alıb, günahsız yerə dinc əhalimizin qanını axıdıb, qız-gəlinlərimizi əsir götürüblər. Biz övladlarımızı böyüdəndə öyrədirik ki,
sülhpərvər ol, hansı millətdən olursa-olsun, ona qarşı insanpərvər ol. Amma erməni uşağını böyüdəndə ona deyir ki, bu türkdür, deməli sənin düşmənindir. Xocalı qədər olan ağır faciə yer üzündə heç bir yerdə yoxdur. Bütün ölkələrdən, bütün ölkə diasporlarından xahiş edirəm ki, gəlin bir olağın. İşğal olunmuş torpaqlarımız, Qarabağımız azad olunsun, 7 sülh göyərçinini göyə uçurdaq. Qoy o sülh göyərçinləri hər yerdə qanad çalsın. Hər yerdə sülh olsun, uşaqlarımız müharibə olmadan əmin-amanlıqda yaşasınlar.
İsa Rəvan

Oxunub: 25 830
Oxşar xəbərlər
SON XƏBƏRLƏR