dini radikalizm və ekstremizmlə mübarizə

Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın

Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın



“Başqalarının həyatını yaşamaq sevdasını buraxın və özünüz olun”...

Türk yazarlarından olan İsmət Özəlin maraqlı bir fikri var, “Başqalarının eşqiylə başlayır həyatımız və davam edir başqalarının arzularıyla”, - deyir.

Bu sözləri təkrar-təkrar oxuyub düşünək, görək bunlar bizim həyat tərzimizi xarakterizə edirmi? Bizim də həyatımız başqalarının eşqi üzərində bina edilib və başqalarının qisasından güc alır. Bəs şüurlu şəkildə tutduğumuz xüsusi bir proqramımız, öz duyğu və düşüncələrimiz mövcuddurmu? Sözsüz ki, bu suala, “Bəli,mövcuddur”, - deyə cavab verəcəyik. Lakin bir düşünək, görək bu cavabımız həqiqəti nə dərəcədə əks etdirir. Yatmaq və yemək istisna olmaqla, vaxtını boş işlərlə, eyniliklə keçirən kəs özünəməxsus duyğu və düşüncəyə nə dərəcədə sahib ola bilər?

İnsan təbiətən təsir altına düşən bir varlıqdır. Yəni başqalarından, əməllərindən, hətta özündən də təsirlənə bilər. Burdan bir şey çıxır ki, insanın gözü ilə gördüyü şey xəyalına yazılır, qulağı ilə eşitdiyi şey ağlında qalır, dili ilə dediyi söz isə qəlbinə əks olunur. Yəni özümüzə ayırdığımız vaxtlarda etdiyimiz işlər qəlbimizə bağlıdır. Məsələn, izlədiyimiz filimlərdə başqalarının həyatı öz həyatımızın harasındasa bitir və öz həyatımız başlayır. Bəs niyə insan öz həyatını yaşamaq əvəzinə, başqalarının həyatını yaşayır? Bəli, bu hal müxtəlif şəkillərdə təzahür edir. Axı belələri üçün öz həyatları cansıxıcıdır. Belə insanlar heç bir şəkildə özlərini xoşbəxt hiss etmirlər və heç nədən məmnun olmadıqlarından xəyallarında olsa belə, sevmədikləri doğrulardan qaçmaq istəyirlər. Buna görə də film izləyərək bir müddətlik başqalarının həyatını yaşayır, gülür, kədərlənir və ya xoşbəxt olurlar. Lakin film bitsə də, real həyata qayıtsalar da, izlədiklərinin təsiri altında qaldıqları üçün xəyallarından çıxmır və öz həyatlarını heç bir şəkildə yaşaya bilmir, özlərini də itirirlər. Bir çoxları üçün isə hətta özləri belə cansıxıcıdır.

Məsələn, belələri arzuladıqları fiziki xüsusiyyətlərə, maddi təminata, bacarıq və qabiliyyətlərə sahib olmadıqlarından nə mövcud vəziyyəti qəbul edir, nə də dəyişdirmək üçün addım atırlar. Yenə də film izləyərək özlərinə qəhrəmanlar tapır, düşüncələrini təsəlli edirlər. Halbuki fimə sərf etdikləri zamanı özlərinə sərf etsələr, özlərinin sevdikləri fərqli, xoşbəxt bir insana çevrilərlər.

Digərləri üçün isə dünya çox sıxıcıdır. Çünki bütün işlər zəhmət, fədəkarlıq, səbir, əzim tələb edir.

Amma filmlərdə izlədikləri, “anidən hər şey dəyişə bilir” düşüncəsi, “dünyada istədikləri kimi yaşaya bilməmək” həqiqəti elə insanları sıxır. “Filimlərdə hər an möcüzə olur, bizim həyatımızda niyə olmur” suallarının əhatəsindən çıxa bilmirlər. Əslində isə düşünsələr, həyatın özünün bir möcüzə olduğunu anlayacaqlar. Və beləcə, yaşadıqlarını dəyərləndirsələr, hər şeyin daha gözəl olduğunu görüb çox şeyləri qəbul edəcəklər. Bunun üçün həyatı layiqincə yaşamaq lazımdır.

Beləliklə, əziz dostlar, öz həyatınızı yaşayın, başqalarınkını deyil. Və baxın, görün ki, necə xoşbəxt olacaqsınız. Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın, dəyişməyə cəhd edin. İnanın, hər şey o zaman daha da yolunda gedəcək...

Zeynəb Mirzəyeva

Oxunub: 869
Oxşar xəbərlər
SON XƏBƏRLƏR