dini radikalizm və ekstremizmlə mübarizə

MƏN ONLARIN SIĞINACAĞI DAĞ OLA BİLMƏDİM

MƏN ONLARIN SIĞINACAĞI DAĞ OLA BİLMƏDİM
Gedən gəlməz dedilər, inanmadım! Gələcəyinə adım kimi əmin idim. Niyə, nə üçün belə inanırdım sənə? Çünki ailəmizdə belə görmüşdüm. Kişinin sözü qanun olurdu. Kişi sözü yalan olmazdı, kişi sözünə naxələf çıxmazdı, kişi sevdiyin atmazdı, kişi ailəsin başsız buraxmazdı. Bəlkə də bu xüsusiyyətlərinə əmin olduğum üçün gələcəyini əminliklə gözlədim. Dünən qızımız əl telefonunu statusuna bir musiqi parçası qoymuşdu. Mahnıda qayıt atam, arxam dirəyim deyirdi. Dizimin taqəti sənsən deyirdi. Bütün gecəni yatmadım. Səni, İlahəmi,atamı, şəhidlərimi düşündüm. Fərqli talehlər, fərqli yazılar yaşanan ömür yollarına nəzər saldım. Hər yaşda ata sevgisi gördüm, amma acısı, ağrısı eyni idi. Atalar fərli yaşda getsədə övladın ataya olan sevgisi eyni bir duyğu, eyni bir məhəbbət idi. Nə olursa-olsun yerini bir kimsə doldurmur ki, doldurmur. Heç kim atanı əvəz edə bilmir. Əminin, dayının öz yeri olur amma atanın dadın heç kim verə bilmir. Şəhidimiz Elnur Əliyevin kiçik oğlunun əmisinə dediyi sözləri xatırlayıram. Hər addım başı əmisinə atasından söz açması, atam belə deyirdi, atam maşının burada saxlayırdı əmi səndə burda saxla, atamla bu masada əyləşərdik hər cümləsi atamla başlar, atamla bitər. Bu kiçik qəlbli övladın ataya olan sevgisi...Fərqli yaş olsada fərqli yanaşma, fərqli istək arzu.
Bəzən söhbət əsnasında deyirlər mən övladıma həm ana, həm ata olmuşam. Mən artıq bu sözlə razılaşmıram. Mən ana oldum, çox çalışdım amma ata ola bilmədim. Yerini heç bir qayğımla əvəz edə bilmədim. Məhəbbətim belə övladlarıma yetmədi sənə olan sevgiləri qarşısında mən aciz oldum. Bir daha anladım. Ana anadır, ata isə bir dağdır. Mən ana olaraq dağ vüqarlı oldum, çaylar kimi sərin oldum, bağlar kimi bərəkətli, çiçəklər kimi gözəl oldum onların həyatında. Amma mən onların sığınacağı dağ ola bilmədim!!!

Almaz İlahə

Oxunub: 993
Oxşar xəbərlər
SON XƏBƏRLƏR