» » Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Fuad Biləsuvarlı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Fuad Biləsuvarlı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Fuad Biləsuvarlı
Fuad Biləsuvarlı 1989-cu ildə 15 martda Biləsuvar rayonunun Bağbanlar kəndində ziyalı ailəsində dünyaya göz açmışdı. 1996- ci ildə Biləsuvar rayon Bağbanlar kənd Aydın Həsənov adına orta məktəbin birinci sinfinə daxil olmuş 2007 - ci ildə həmin orta məktəbi bitirib. 2008- 2012- ci illərdə Elm və Təhsil Təfəkkür universitetinin filologiya fakultəsində təhsil alıb.Dəmir Gədəbəyli, Ceyhun Eyvazov, Fəxri Müslüm universitetdə müəllimləri olub. Amma yaradıcılıqda şeirlərini necə yazmağında göstərişlər verən ən gözəl doğru yol göstərən mənəvi anası Moskovada yaşayan gözəl şairəmiz Afaq Şıxlı olub. Fuad Biləsuvarlı Yeni Azərbaycan Partiyasının üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, iki şeir kitabının müəllifidi. Üçüncü kitabını da hazırlayır. Üçüncü kitabının redaktoru gözəl şairəmiz Afaq Şıxlıdı. Nəğməkar şair kimi Fuad Biləsuvarlının şeirlərinə 7 mahnı bəstələnib. Xalq artisti Gülyaz Məmmədova Olarmı adlı mahnısını oxuyub, Xalq artisti Gülyanaq Məmmədova Bəlkə görüşmədik adlı mahnısını oxuyub, Əməkdar artist Gülüstan Əliyeva Sənsən günahkar adlı mahnısını oxuyub, əməkdar artist Mətanət İsgəndərli Arzular adlı mahnısını oxuyub, Xatirə İslam Sənsən günahkar adlı mahnısını oxuyub,Xalq artisti Ağadadaş Ağayev Salam olsun rəhbərimə mahnısını oxuyub, Əməkdar artist Almaz Ələsgərova Azərbaycan mahnısını oxuyub. Dövrü mətbuatda şeirləriylə, məqalələri ilə tez-tez dərc olunur.

Bu səhər

Lənət ayrılığa, hicrana, qəmə!
Sənsizlik dönübdü bir cəhənnəmə.
Yadıma düşmüsən bu səhər yenə...
Mən səni de hardan tapım bu səhər?

Günəşdən şəfəqli camalına bax,
Məni Məcnun edən amalına bax.
İlahi, sən bunun xəyalına bax!
Xəyaldan nə sayaq qopum bu səhər?

Bilmədim hayandan əsdi bu külək...
Həqiqət dinləmək istəmir ürək.
Nakam arzuları bir-bir, çiçəktək
İzsiz yollarına səpim bu səhər...

Gözlərin yanardı - ocağın kimi,
Rahat yer qaldımı - qucağın kimi.
Həsrətin də şirin dodağın kimi,
Öpüm həsrətindən, öpüm bu səhər!

Müəllif: Fuad Biləsuvarlı

Mənsiz

Hardasa, bir gözəl məndən nigaran
Yaşayır ömrünü, yaşayır mənsiz.
Fikri qarmaqarış, ümidi viran,
Daşıyır bir həsrət, daşıyır mənsiz.

Hicranı yolundan daşlasa da o,
Yeni bir sevdaya başlasa da o,
Başqa bir ürəkdə qışlasa da o
Danışır şəklimlə, danışır mənsiz.

Qızının ətridir ən əziz qoxu,
Neyləsin ki odur tək varı-yoxu.
Xeyirə yozulmur gördüyü yuxu,
Qarışır yuxusu, qarışır mənsiz.

Fikirlər edibdi halını xarab,
Yaralı qəlbində qalmayıbdı tab.
Yükü qucaq-qucaq, dərdi bir kitab,
Barışır dərdlərlə, barışır mənsiz.

Gözünə qor dolur, qaranlıq çökür,
Qisməti yoluna çınqıllar tökür.
Fələk inamını tarıma çəkir,
Vuruşur həyatla, vuruşur mənsiz...

Müəllif: Fuad Biləsuvarlı

Gülündən soruş!

Nəğməm bülbüllərin dillərindədi,
Məni bülbüllərin dilindən soruş.
Təbiət oyanıb bahar gələndə
Bahar çiçəyindən, gülündən soruş.

Sərhədlər, ölkələr aşanda təbim,
Min dastan, min şeir qoşanda təbim,
Kükrəyib çay kimi daşanda təbim
Sən məni dağların selindən soruş.

Qəlblərə məhəbbət ötürə bilən,
Dərdimi-sərimi itirə bilən,
Məni qanadına götürə bilən
Şaqraq nəğmələrin zilindən soruş...

Tanımaq istəsən yaxından məni,
Arayıb seçərsən çoxundan məni.
Neynirsən soruşub hamıdan məni,
Sən məni Azəri elindən soruş!

Müəllif: Fuad Biləsuvarlı

Necə də bəxtəvər günlər var idi!

/ Uşaqlığıma həsr edirəm bu şeirimi.\

Bağbanlar kəndində bir bayram günü,
Dünyaya səs saldı bir körpə ünü.
Cəfərov soyunun lap ərköyünü,
Necə də bəxtəvər günlər var idi!

Dəcəllik edirdim çox cığal idim,
Rəhmətlik atama noğul, bal idim.
İstəkli, sevimli bir oğul idim,
Necə də bəxtəvər günlər var idi!

Şirin nağıllardan danışıb nənəm,
Qoymazdı içimdə olsun dərd-ələm.
Həsəd aparırdı bizə el-aləm,
Necə də bəxtəvər günlər var idi!

Məni də hər yana aparırdı o,
Qayğının əlindən qoparırdı o.
Mənə xoş gələcək axtarırdı o,
Necə də bəxtəvər günlər var idi!

Vurmazdım əlimi vallah, heç nəyə,
Qoymurdu bir ləkə düşə köynəyə.
Ehtiyac olmurdu o vaxt köməyə,
Necə də bəxtəvər günlər var idi!

Çəkmirdik pul-para, çörək dərdi biz,
Göz yaşı bilmirdi bu gözlərimiz.
Hardasan atalı xoş günlərimiz,
Necə də bəxtəvər günlər var idi!

Baba qucağında, nənə belində,
Uşaqkən bilmirdim əzab, zülüm də.
O məsum körpəlik çıxdı əlimdən,
Necə də bəxtəvər günlər var idi!

Nənəm çıxarardı nehrədən yağı,
Bizə bişirərdi dadlı quymağı.
Nə yaxşı yaşadıq o xoşbəxt çağı,
Necə də bəxtəvər günlər var idi!

Babamın dostları gələrdi bizə,
Səbəb olurdular sevincimizə.
Onlar da gəlməyir day evimizə,
Necə də bəxtəvər günlər var idi!

İndi atam yoxdu, odumuz sönüb,
Gözümə kədərin çənidi enib.
İndi get-gəliş yox hamı da dönüb,
Necə də bəxtəvər günlər var idi!

Müəllif: Fuad Biləsuvarlı

Zaman çatmır

Ürək dolu, vaxtımsa az,
Söz deməyə imkan çatmır.
Bir qaragöz qız sevməyə
Hələ mənə zaman çatmır.

Məclislərdə kef almağa,
Duyub xəyala dalmağa,
Gözəl mahnılar çalmağa
Tarımız var, kaman çatmır.

Yalanlarla kökəlirik,
Diksinəndə dikəlirik...
Mömünlərə rast gəlirik -
Bir kafircə iman çatmır.

Hər kəlmədən ürək yara!
Göyə çıxıb dərdə çara.
Xəstə qaçır ora-bura,
Harayına loğman çatmır.

Yarəb, Fuad nələr çəkdi,
Gözlərinə qara çökdü.
Qoyunların itətökdü... -
Otlamağa saman çatmır!

Müəllif: Fuad Biləsuvarlı

Qaçır

Fürsətin kəndiri qısa,
Yıxılıram əldən qaçır.
Bəzən deyə bilmədiyim,
Söz də çıxır dildən, qaçır.

Torpaq küsür - əkən yoxdu,
Ev ucaldıb tikən yoxdu.
Güldən şirə çəkən yoxdu,
Arılar da güldən qaçır.

Sayan yoxdu səni, məni,
Belə olmaz deyim yəni.
Kim dəyişdi zəmanəni,
Sonalar da göldən qaçır.

Ha gözlərik xoş baharı,
Bizə düşən - qışın qarı,
Sellər qaçır çaya sarı,
Çaylarımız seldən qaçır.

Belə doğub məni anam -
Ölən deyil arzu, inam.
Mən ki, alışan adamam!
Şair Fuad, küldən qaçır!

Müəllif: Fuad Biləsuvarlı

Nə günə qaldı?

Biz xeyir görmədik, şər gördük ancaq,
Cəhənnəm yaşadıq, gor gördük ancaq,
Yandı ürəyimiz, qor gördük ancaq,
Bu dünya, bu cahan nə günə qaldı!

Əydilər belini, bükdülər onu,
Qırdılar, yıxdılar, sökdülər onu,
Neçə yol biçdilər, əkdilər onu...
Bu dünya, bu cahan nə günə qaldı.

Yığdılar dövrəyə ilan-ilbizi...
Kimsə seçə bilmir əyridən düzü.
Köməyə yetişə yaradan özü!
Bu dünya, bu cahan nə günə qaldı!
Nə günə qaldı?!

Müəllif: Fuad Biləsuvarlı

Bağışlayıram...

Qəlbimdən qəlbinə çəkdiyim yola,
Hər gün xalı sərib naxışlayıram.
Pulum yox, daş-qaşa gümanım gəlmir,
Mən sənə qəlbimi bağışlayıram.

Gülüm, ad gününə gəldim utancaq,
Çöldən çiçək dərdim mən qucaq-qucaq.
Yəqin ki, .hədiyyə istərsən, ancaq
Mən sənə qəlbimi bağışlayıram.

Saxla gözlərinin üstündə onu,
Qoru tər sinənin üstündə onu.
Budur təbrikimin, arzumun sonu,
Mən sənə qəlbimi bağışlayıram!

Müəllif: Fuad Biləsuvarlı

Xəbəri yoxdur

Sağalmaz mərəzə olubdu düçar,
Fikirli-fikirli qalıbdı naçar.
Hərdən qapısını özgələr açar,
Övladın atadan xəbəri yoxdur.

Oğullar qurşanıb kefə, damağa,
Ata da yorğanda dönüb yumağa.
Gəlmirlər xəstəni heç yoluxmağa...
Övladın atadan xəbəri yoxdur.

Bir kəs xatırlamır xeyirdə, şərdə,
Pis övlad bənzərdir elə namərdə!
Salır biganəlik atanı dərdə...
Övladın atadan xəbəri yoxdur.

Yoxdur zalımların din-imanları,
Daşdır ürəkləri, dondur qanları!
Yazdıqca doluram bu cür anları -
Övladın atadan xəbəri yoxdur?!

Müəllif: Fuad Biləsuvarlı

Yamandı qocalıq...

Sevə-sevə yaşa dolduq, yaşlaşdıq,
Bahar idik, payız olduq, qışlaşdıq.
Qocaldıqca daşa döndük, daşlaşdıq,
Yamandı qocalıq, yamandı, yaman!

Qış keçdi dağlarda qar da qalmadı,
Yay keçdi bağlarda bar da qalmadı.
Cavanlıq adında var da qalmadı,
Yamandı qocalıq, yamandı, yaman!

İnsanın ömrünü çürüdən odu,
Canında cüssəni əridən odu.
Solduran, susduran, kiridən odu,
Yamandı qocalıq, yamandı, yaman!

Neynirəm yüz yaşı – çəkərsəm zülüm?
Bəs edər yaşayım əlli il, ölüm.
Fuadam, heç əsa tutmasın əlim,
Yamandı qocalıq, yamandı, yaman!

Müəllif: Fuad Biləsuvarlı

Gəlmir, gəlmir!

Tale, sənə yalvaran yox,
Məndən xoşun gəlmir, gəlmir.
Ayrılığa sevinmə çox,
Bəxtim üzə gülmür, gülmür.

Şan-şöhrətim, varım yoxdu,
Dəriləsi barım yoxdu.
Nə olsun ki, yarım yoxdu
Göz yaşımı silmir, silmir.

...Dərdim onsuz tapmır şəfa,
Fikir mənə verir cəfa.
O nə bilsin nədir vəfa,
Qədrimi də bilmir, bilmir.

Lap başıma olub ağa,
Sevir qultək buyurmağa.
Düşüb məndən çox uzağa,
Səsləsəm də gəlmir, gəlmir.

Dərd çoxalır ildən-ilə,
Üzüm bir də çətin gülə.
Heç bilmirəm niyə hələ
Fuad sənsiz ölmür, ölmür?..

Müəllif: Fuad Biləsuvarlı

Götür...

Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!

Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur...
Mən yetimə bir yol uğur
Yetir, Allah, yalvarıram!

Gəl sınama inadını,
Qırma eşqin qanadını...
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!

Hər vaxt yetiş köməyimə,
Bir qüvvət ver biləyimə.
Şəfqətini ürəyimə
Ötür, Allah, yalvarıram!


Müəllif: Fuad Biləsuvarlı


Müəllif hüquqları qorunur.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728