» » 2017-ci ildə yazılan ən yaxşı nəsr və nəzm əsərləri - Siz də bilin

2017-ci ildə yazılan ən yaxşı nəsr və nəzm əsərləri - Siz də bilin

2017-ci ildə yazılan ən yaxşı nəsr və nəzm əsərləri - Siz də bilin
2017-ci ilin son günlərini yaşamaqdayıq. Yola saldığımız ildə Azərbaycan ədəbiyyatında da təbii ki, müəyyən qədər nəzm və nəsr əsərləri yaradıldı. İl ərzində keçirilən kitab təqdimatlarını qənaətbəxş hesab etmək olar. Ən çox kitabevim.az və “Azərkitab”da keçirilən təqdimatlar bir çox qələm adamlarının yeni kitablarını oxuculara tanıtdı.

Modern.az gənc yazarlar arasında sorğu keçirib. Onların fikrincə, 2017-ci ildə yazılan ən yaxşı nəzm və nəsr əsələri, kitabları hansılardı?

Alpay Azər (yazıçı) - “Fikrimcə, 2017-ci ilin ən yaxşı nəsr nümunələri bunlardı: Mübariz Örənin "Balıq gülüşü" (hekayələr toplusu), "Ağ buludlar" povesti, Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı, Fərid Hüseynin mərhum şair Fərhad Mete haqda yazdığı “Ömür – doğum günü hədiyyəmiz” sənədli bədii nəsr nümunəsidir”.

Ağa Cəfərli (ədəbi redaktor) - “Mənə elə gəlir ki, bu il ərzində işıq üzü görmüş əsərlər sırasında ilk növbədə Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanını xüsusi qeyd etmək lazımdır. Roman ciddi reaksiya doğurdu, yazarlar, tənqidçilər kitab haqqında xeyli müsbət rəy bildirdilər. Bir müddət öncə Nəriman Əbdülrəhmanlının "Taclı" romanı çapdan çıxıb. Əsəri tam oxumamışam, amma deyim ki, xeyli maraqlı əsərdir, kitabı bitirəndən sonra fikrimi ətraflı bildirəcəm.
Mövlud Mövludun "Çətirsiz" hekayələr kitabının nəşr olunmasını da xüsusi qeyd etmək istərdim. Böyük iş görüldü. Bu kitabın işıq üzü görməsində əməyi olan hər kəsə bir daha minnətdarlığımı bildirirəm. Ayxan Ayvazın "Buri", Hikmət Orhunun "Qadın qolları dövrü", Fərhad Amurun "Yelkənsiz qadınlar" kitabları da müəyyən qüsurlara baxmayaraq, diqqətə və ilin nəşrləri sırasında qeyd edilməyə layiqdir”.

Mahir Mehdi (şair) – “Bu il Azərbaycanda çap olunan demək olar ki, heç bir kitabı oxumaq imkanım olmayıb. İlin müəyyən hissəsini həbsxanada olmuşam. Ən yaxşı nəsr və nəzm əsərləri orada müşahidə etdiyim, danışdırdığım, hisslərini oxuduğum suçlu insanlar olub. Amma həqiqi mənada da həbxsanada xeyli kitab oxumuşam”.

Emin Piri (şair) – “Bu il üçün nəzm əsərlərindən bir neçə gəncin kitabını qeyd edərdim: Aqşin Evrən, Ulucay Akif, Tural Turan və digər unutduğum şairlərin kitabı çıxdı. Nəsrdəsə Şərif Ağayar, Azər Qismət, Ayxan Ayvazın kitablarını qeyd edə bilərəm. Düzü, bəzilərinin adlarını unutdum. Amma bu ili yeni kitablar baxımdan ədəbiyyatımız üçün uğurlu sayardım”.

Cavid Qədir (yazıçı) – “2017-ci ili Azərbaycan ədəbiyyatı üçün nisbətən uğurlu saymaq olar. Gənc imzalardan Həmid Piriyevin "Sərçələr üçün poema"sı, Xəyalə Muradın "Adsız" romanı ümidvericidir. Hər iki əsərdə nöqsanlar kifayət qədər olsa da, irəli atılmış addım kimi dəyərləndirilməlidir.
2017-ci ilin ən uğurlu nəsr əsəri sözsüz, Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanıdır. Müəllif müharibənin dəhşətlərini qan-qadasız da çox ustalıqla aça bilib. Düşünürəm, onu hətta müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nəsr nümunəsi hesab etmək olar.
Tərcümə sahəsində canlanma göz önündədir. Nəhayət Boris Pasternakın "Doktor Jivaqo"su, Daniel Kuinin "İsmayıl"ı artıq dilimizə tərcümə edilib. 2017-ci ilin tərcümə nominasiyasını elan etdiyimizi düşünsək, qran-prini şübhəsiz ki, Seyfəddin Hüseynlinin tərcüməsindəki Culian Barnsın "Aqibət duyğusu" alar. Bundan başqa, Qismət Rüstəmovun tərcümə etdiyi "Ədəbiyyatsız dünya" esselər toplusu, eləcə də Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabını mütləq qeyd etmək lazımdır. Sadaladığım müsbət tərəflərlə yanaşı, problemlər də az deyil. Hətta hədsiz çoxdur. Kitab industriyası hələ də formalaşmayıb. Heç nə sistematik deyil. 2017-ci il də əvvəlkilər kimi ədəbi xaosla yadda qalacaq”.

İntiqam Yaşar (şair) - “Uğurlu nəzm nümunəsi kimi Aqşin Evrenin “Mənfi sənsiz dərəcə”, Ulucay Akifin “Günəşə atılan mərmilər”, Süleyman Abdullanın müharibə şeirlərindən ibarət "Qara beret" kitabını, nəsrdə isə Kənan Hacının “Fironun dəftəri” povestini, Çinarə Ömrayın "Məcnunxana" hekayələr kitabı qey edə bilərəm”.

Bahadur Qobustan (şair) – “2017-ci ildə hansı əsərin ən yaxşı olduğunu demək çətindir. Son bir ayı deyə bilərəm: dekabr ayında Xanamir Telmanoğlunun "Amerika türkləri" əsərini oxumuşam. Olduqca maraqlıdır. Milli kimlik məsələsində həssas olan insanlar üçün bu kitab orijinal tapıntı ola bilər. İlham Tumasın bir-iki gün öncə dərc olunmuş "Dünyanın gizli ocağı- Vatikan" kitabını bir gecədə oxuyub bitirdim. Kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Oxucular kitabda Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda məlumat ala bilər.
Bu il Aqşin Evrənin "Mənfi sənsiz dərəcə" adlı şeirlər kitabının təqdimatı Azərbaycan gənc nəsil ədəbiyyatı üçün hadisə hesab oluna bilər. Demək olar ki, bir gün ərzində şairin 1000 tirajlıq kitabının hamısı satıldı. Kitabdakı şeirləri də müasir Azərbaycan nəzminin ən yaxşı nümunələrindən hesab edirəm”.

Fuad Cəfərli (şair) – “Ən gözəl nəsr nümunəsi Səmayə Bayramovanın “Güzgü uşaq” əsəridir. Çox gözəl tapıntıdır! Nəzmdən isə xoşuma gələnlər çoxdu. Bu səbəbdən ən gözəlini birmənalı olaraq demək çətindir”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031