» » Tərtərin 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Tərtərin 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Tərtərin 11 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Bu münasibətlə İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, cəbhə xəttinə yaxın ərazidə yerləşən Tərtərdə içməli su ilə təminat həmişə aktual olub.
İcra başçısının sözlərinə görə, Tərtərin əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatda çətinliklər olub. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.

“Azərsu”nun sədr müavini Seymur Seyidov isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. O, bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri bəzi ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb: “Rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. Açılış mərasimi keçirilən İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb”.

Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən artezianlardan daşımaqla ödəyirdilər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olub.

Rayonun kəndlərini içməli su ilə təmin etmək üçün Tərtər şəhərinə çəkilmiş yeni magistral su xəttindən və şəhərin su şəbəkəsindən çıxışlar verilib. Cəmilli kəndinin su təchizatı məqsədilə yeni subartezian quyusu qazılıb və su xətləri çəkilib. Hazırda kənddə su çəninin və transformatorun quraşdırılması, həmçinin enerji təchizatı işlərinə hazırlıq görülür.

Ümumilikdə bu layihələr çərçivəsində kəndlərdə 37,4 km su xətləri çəkilib və ümumi istifadə üçün 92 ədəd bulaq quraşdırılıb. Bütövlükdə isə yeni su təchizatı layihələrindən Tərtər rayonunun 11 kəndinin 17 min 300 nəfər sakini faydalanıb.

Xatırladaq ki, dövlət başçısının məlum sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu”ya 14 mln. manat ayrılıb.

Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2012-ci ildə Tərtər rayonunun Qazyan və Qapanlı kəndlərində layihə icra edilib və bu kəndlərdə 1 300-ə qədər sakinin içməli su təchizatı yaxşılaşdırılıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031