» » "QOCA ÇİNAR"

"QOCA ÇİNAR"

   "QOCA ÇİNAR"
(Atamı xatırlayarkən...)
Dünyasını dəyişən bütün atalara Ittihaf edirəm.
Hər kəsin atasi uşaqlıqdan onun qəhrəmanıdır. Güclü, qüvvətli bir dağ kimi... söykən bu dağa nə qədər istəyirsən... Vay o gündən ki, söykəndiyin dağ uçula... O zaman dərk edirsen dağın əsl gücünü. Sanki bir tərəfin yıxılır və sən buna alışmağa başlayırsan. Uzun illərdir ki, mənim də dağım uçulub... Bunun fəsadlarını yaşa dolduqdan sonra anlayıram... Atamı xatırlayarkən uşaqlığım kino lenti kimi gözlərimin önündən keçir... Atamın həmişə sükan arxasında olması...Hər yay məcburən bizi Novxanı bağlarına aparması.... Yol boyu bizə etdiyi öyüd nəsihətlər, danlamalar ....Belə oturma-belə dur.... Məşhur Dayl Karnegi deyirdi ki, onlar heç vaxt övladlarını üzə tərifləmirlər.... Yalnız onlar yatdıqdan sonra sakitcə gəlib, öpüb oxşayır, hətta üzr belə istəyirlər. Bəlkə o üzdən gecələr yatmamağa çalışırdım, düşünürdüm o da gələcək, amma o gəlmirdi... Sonralar başa düşdüm ki, sevgisini ürəyinin dərinliklərində gizlədirmiş... Bir dəfə yağışlı çiskinli bir gündə məni maşınına qoyub, 8-ci sinfi bitirməyim münasibətilə saat almağa apardı. Yağış yağırdı. Yol boyu mənə məsləhətlər verirdi. Dolayısı da olsa mənə sevgisini bəyan etməyə çalışırdı. Yalnız bircə dəfə vəssalam... Və dünyanın harasında olursam-olum yağış çiskin olanda darıxmağa başlayıram. O saatı bu günə qədər qoruya bilmədiyimə də peşmanam. "Cənnət anaların ayaqları altındadır" deyirlərsə, əslində ataların quru nəfəsi belə, o cənnəti anaların ayaqları altına atmağa qadirdir... Təki sağ salamat səsləri gəlsin... Atam tez-tez yuxularıma girir... ən çox da nədənsə narazı olduğum vaxtlarda... Sanki səbr et deyib mənə öz varlığını bəyan etmək istəyir....
İstəyirəm Atalarınız sağ ve salamat olsun... o zaman güclü və qüvvətli olacaqsınız...
İstəyirəm atalarınızın başı həmişə uca olsun... Çünki bu ucalıq onlardan çox sizin mükafatınız olacaq...
İstəyirəm atalarınızı çox sevəsiniz... Onların bu sevgiyə həmişə ehtiyacı var...
İstəyirəm Atalarınızı ən əzəmətli ÇİNARa bənzədəsiniz...Çünki onun tək kölgəsi belə ömrünüz boyu xoşbəxt olmağınıza yetər...
Təranə Feyzullayeva.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930