» » Şaxta Baba, məni tez böyüt, atamı öldürüm...

Şaxta Baba, məni tez böyüt, atamı öldürüm...

Şaxta Baba, məni tez böyüt, atamı öldürüm...
Kəndli-müsəlman ailəsində böyüdüyüm üçün ilk tanıdığım uşaq personajları qorxulu məxluqlar olub; qəbirdən çıxan xortdanlar, gecələr ağ libasda rəqs edən halarvadları, ağacda gizlənib gecələr həyətə çıxan uşaqları oğurlayan cuhudlar və başqa kriminal miflər. Bu milli adamyeyən ünsürlərdən fərqli olaraq uşaqları sevən, hədiyyə-zad verən Şaxta Babanı isə, sözsüz ki, ilk dəfə görüntü olaraq televizor qutusunda görmüşəm.

Anamla Qazaxdan qayıdırdıq. Yeni il ərəfəsi idi. Kürdəmirdə bizim kupeyə iki nəfər də gəldi. Biri qadın, biri kişi. Ər-arvad. 30-35 yaşlarında. Anamla qadın tez dil tapdılar. Beş ordan, üç burdan, öyrəndim ki, kişi Bakıya Şaxta Baba işləməyə gedir. Qadın da Qar Qız olacaq.

Qayıtdım əvvələ.

Şaxta Babanı televizordan tanısam da yaxından ilk dəfə məktəbdə görmüşəm. Yeni il şənliyində. 3-cü sinifdə oxurdum. Ümidlərim elə o il düşdü qara. İkram dayıya pambıqla saqqal düzəltmişdilər, başına zər dolanmış bir paya da sağ əlində “qarlı dağlar aşaraq” riyaziyyat kabinetindən çıxıb məktəbin futbol meydançasına – tədbirə gəlmişdi. Qar Qız da əmim nəvəsi Gülbəs.

İkram dayı bir az şitlik edib məktəbin gündəyməzinə çəkilmişdi. Pambıq saqqalını çənəsinin altına salıb siqaret yandırmışdı.

Bu, o Gülbəs idi ki, atası iki il əvvəl ölmüş, anası məktəbdə xadimə...

İkram dayı üç-dörd il əvvəl öldü. Boy-buxunu yaxşı idi, bir az dolu, kürəkləri enli. Martda Kosa olurdu, son zəng şənliyində Molla Nəsrəddin. Dayımgilin həyətindəki daxmada qalırdı. Heç kimi yox idi. Əyyaşlıq edirdi. Yaxşı aktyorluğu vardı, baməzə kişiydi rəhmətlik. Kinolardakı kimi məktub yazmağa, kirşəni, o kirşəni uzaq Laplandiyadan kəndimizə sürüyən maralları, maralların belindəki hədiyyə boğçalarını gözləməyə fürsət olmadı. Tez böyüdüm. İkram dayının pambıq saqqalından sonra Şaxta Baba nağılı qara-borana düşdü, əridi getdi.

Halbuki, Şaxta Baba haqda nə xəyallar qurmuşdum! Bu, həyatda qarşılaşdığım ilk sarsıdıcı yalan idi.

Sonra Anam dedi ki, hələ səni çox aldadacaqlar, bala...

Yeni il doğma deyil. Mənim üçün həmin gün adi günlərdən biridi – il tamam olur. Başqa heç nə. Bir nimçə “Paytaxt” salatı, bir dilim banan, olsa aş, olmasa, hinduşkadan kabab və araq. Ta uşaqlıqdan bura gecə saat onikiləri xüsusi maraqla gözləməmişəm.

Bir məşhur söhbət vardı. Deməli, Şaxta Baba psixoluqun yanına gəlib deyir:

- Həkim, kömək edin! Mən özümə inanmıram...

Adamların allahı, lideri özlərinə oxşadığı kimi, yalanları, Şaxta babaları da özlərinə oxşayır.

Əgər sərxoş Santa-Klausla qarşılaşmısansa, o zaman bu yəqin ki, Şaxta Babadı.

Məsələn, yəhudi Şaxta Baba belə deyir:

- Salam, uşaqlar... Hədiyyə alın, hədiyyə!

Lətifəyə fikir verin. Ana balaca oğlunu danlayır:

- Bu söyüşü kimdən eşitmisən?

- Şaxta Babadan, ana.

- Ola bilməz.

- Allahhaqqı. Əli qartopuyla Şaxta Babanın gözündən vuranda dedi.

Münəvvər xala anama deyib ki, gəlin Rzanın – nəvəsidi – Şaxta Babaya yazdığı məktubu tapıb. Rza yazıbmış ki, Şaxta Baba, məni tez böyüt, atanı öldürüm.

Rzanın atası narkomandı, hər gün anasını döyür. Evdə səs-küy, sör-söyüş...

Şair demiş, ölümü uşaqların əli çatmayan yerə qoymaq lazımdı.

O kəs uşaqlığını yaşamaya, mənim kimi natamam olacaq.

Yardım etməyi öyrədin onlara...

Şəhərdəki uşaqlar üçün Şaxta Baba o qədər də maraqlı deyil. Hər avtobusda, metroda, parklarda doludu. Tin başı bir yolka, yanında da Şaxta Baba.

Ucqar kəndlər var. Ucqar kəndlərdə uşaqlar var. Yağış yağanda suyun, qar olanda soyuğun altında böyüyüən, yaşlanan... İsti sinif otaqları yox...

Şəkilli kitaba, ağ vərəqə, rəngli karandaşa həsrət... Televizoru olmayan evlər var. İnanmırsız? Uzaqdan danışmıram sizə. İsmayıllını deyirəm. Burdan-buradı. Elə kəndlər var ki, on birinci sinif şagirdi ilə üçüncü sinif şagirdi bir sinifdə təhsil alır...

Sözüm onda yox, “Camping Azerbaijan” - bir qrup işıqlı, tərəqqipərvər və intellektual gənc - uşaqlar adına möhtəşəm layihə hazırlayıblar.

“Şaxta Baba Ucqar Kəndlərdə” layihəsinin məqsədi ucqar kəndlərdə yaşayan uşaqların nağıl dünyalarına rəng qatmaq, onları Şaxta Baba ilə görüşdürməkdi. Üçüncü ildi ki, layihə davam edir. Hər Yeni ildə azı, 1000 uşaq sevinir.

Siz də hədiyyələrinizlə layihəyə qoşula bilərsiniz. Hədiyyə seçimi təxminən aşağıdakı tərkibdədi:

- Dərs vəsaitləri, şəkilli kitab, karandaş, rəsm albomu

- Pazl, asan məntiqi oyunlar və oyuncaqlar

- Taxta, dəmir və keyfyyətli plastik oyuncaqlar, maşınlar və s.

- Kiçik ölçülü yumşaq oyuncaqlar

- Evcik oyuncaqları

- Aksesuar geyimlər (papaq, əlcək və s.)

17 dekabr kompaniyanın son günüdü. Hər gün 10:00-dan 20:30-dək “Coffee Moffiedə” - İslam Səfərli 9, Mərkəzi Univermağın yaxınlığı - hədiyyələrinizi təqdim edə bilərsiz.

İşdən, ya məsafə uzaqlığından əziyyət çəkənlər MilliÖn hesabına da ödəniş edə bilərlər...

Ömər Xəyyam
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031