» » Sükut gecəsi

Sükut gecəsi

Sükut gecəsi
Gecə idi... Türk kanallarından birində proqram izləyirdim. Birdən verilişdə keçən alt yazını oxudum. Bir neçə dəqiqə oxuduğuma inanmağa çalışırdım. Sonra elə o proqramda Heydər Əliyevin dünyasını dəyişdiyini dedilər... Əvvəl nə edəcəyimi bilmədim, amma bir şey etməliydim. Telefonu alıb xəbər müdirimizə zəng etdim. Bir az ürkək səslə dedim ki, xəbəriniz var yəqin. Çünki içimdə xəbəri yalanlayırdım. Azad Azərbaycan Televiziyasında işləyirdim. O vaxt xəbər müdirimiz İnqilab Məmmədov idi. Həyəcanlıydı danışanda. Bir kəlmə ilə “işə gəl” dedi. Mən hamını çağıracağını söylədi. İndi qaydaları bilmirəm, bizim dönəmdə jurnalistlər gecə mobil telefonlarını bağlaya bilməzdilər.
İşə yaxın olanlar 1 saat içində telekanala toplaşmışdılar. Şəhərə qarşı saat 4 idi ki mən də işə çatdım. Xəbər otağında hamı yazırdı. Artıq reportajlar hazırlanırdı. Otaqda qəribə həyəcan, həyəcan qədər də şükut vardı. Hamı sakit səslə danışırdı. Xəbər otağındakı o səs-küydən əsər-əlamət qalmamışdı.

Namiq Əliyev efirdəydi artıq. Şəhər 7 idi. Etibar Məmmədov Vüsalə Kərimovayla küçə reportajına çıxmışdı. Operatorlar şəhər gəldikləri üçün Etibar kameramanlıq edirdi, Vüsal müxbirlik. Sonra mən, Fəridə, Tünzalə, demək olar bütün kollektiv reportaja çıxdı. Hər şey yuxu kimiydi...

Şəhərin üstünə də şükut çökmüşdü. ANS-in ideyası oldu səhv etmirəmsə, Prezident Aparatının önünə güllər yagırdı. Hər kəs ora gəlməklə o Sarayda illərini vermiş liderinə vida edirdi. Mənə qəribə gələn bizim sakitliyimiz idi. Xəbər otağında səs-küyə alışmışdıq - redaktorlar Rüstəmin, İnqilabın, Etibarın bizi tələsdirməsinə, mübahisərə, hətta səslərin yüksəlməsinə öyrənmişdik. Amma o gün kimsə tətləsmirdi, hər kəsdə bir mülayimlik vardı. Məsələn, ailəndən biri dünyasını dəyişəndə hər kəs necə əlbir olur, daha humanist, daha duyğusal... Eynən o mənzərə vardı.

O gecə biz evə qayıtmadıq. Gecə kanalda qaldıq. Sonra dəfn... Xalq liderini son mənzilə yola salırdı... O gün də sakitlik idi. Xiyabana qədər o qədər səssiz irəlilədik ki... Xatırlayırsız yəqin, yol boyu sadəcə, Heydər Əliyevin ruhuna oxunan duanın səsi gəlirdi...

Şəhərə bir hüzn çökmüşdü... Dəfndən sonra biz kanala geri döndük... Ümummilli liderin son mənzilə köçməsindən yazacaqdıq... Reportajı Fəridəylə mənə həvalə etmişdilər. Biz basqa zaman 10 dəqiqəyə bir reportajı bitirirdik. Amma Heydər Əliyevlə bağlı reportajı bir neçə saata çox çətinliklə yazdıq... Məncə çox uğurlu olmamışdı. Çünki o ab-havada, üstümüzə çökən hüznlə ancaq o qədər yazdıq...

Vüsalə efirdəydi... Titrək səslə Heydər Əliyevin ölüm şaatından danışırdı... Sonra ard-arda ümummilli liderin tarix yazan həyatından bəhs edən reportajlar...

Heydər Əliyev fərqli lider idi... Onu sevən də, sevməyən də üzgündü... Çünki tarix çox nadir hallarda onun kimi lider yetişdirir... Amma məncə Heydər Əliyev lider yetişməmişdi, o, lider doğulmuşdu...

O jurnalistlər üçün də fərqli dövlət başçısıydı. Onunla işləyən jurnalistlər çox yaxşı bilir. Heydər Əliyevə dərdini də demək olurdu, şikayətin də... O, jurnalistlərə özəl olduqlarını hiss etdirirdi. Mətbuatla işləməyi sevirdi və çox gözəl bacarırdı. Biz dahi insanın yoxluğunu çox hiss etdik və edirik.. Qürur və sayğıyla anırıq...

Məhsəti Şərif
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031