» » Qədim kəndin müasir tarixi - COCUQ MƏRCANLI

Qədim kəndin müasir tarixi - COCUQ MƏRCANLI

Qədim kəndin müasir tarixi - COCUQ MƏRCANLI
Mən sizə öz kəndimdən danışacağam. Öz küllərindən yenidən doğan, yeniliyə, müasirliyə meydan oxuyan, “Böyük qayıdış”ın ilk qaranquşu olan kənddən -Cocuq Mərcanlıdan. O kənddən ki, 23 il idi ki, suyu sovulmuş dəyirmana, xarabazara çevrilmişdi. O yerdən ki, Cəbrayılın yeganə kəndi kimi işğaldan azad olunsa da, təhlükə vəziyyətində idi. Qonşu Mehdili kəndində, Lələtəpə yüksəkliyində öz mövqelərini yerləşdirən erməni ordusu tez-tez kəndi atəşə tutur, güllə-baran edirdi. Cocuq Mərcanlının hər bir sakini kimi biz də bu vəziyyəti ürəkağrısı ilə qəbul etməyə məcbur idik. İnsan özünü gücsüz hiss edəndə ürəyi çox acıyır.

Doğulduğum, böyüdüyüm doğma torpağa, əsgərlərin özlərinə sığınacaq elədiyi doğma evimizə baxmaq üçün hərbi hissə rəhbərliyindən icazə alanda özümü yox kimi, bir xəyal kimi hiss edirdim. Bir vaxtlar axar-baxarlı, səsli-küylü, yayda yamyaşıl olan, qışda ağappaq qara bürünmüş kəndimi altını üstünə çevrilmiş vəziyyətdə görmək içimi göynədirdi. Səhərlər mal-qaranı, qoyun sürüsünü örüşə aparan qonşuların, bostana, üzüm bağlarına yollanan kənd adamlarının səsi, itlərin ağız-ağıza verib hürməsi, kanalda xalça, palaz yuyan qız-gəlinlərin zarafatları indi də qulaqlarımdadır. O mənzərə kino lenti kimi hər dəqiqə, hər an, hər saniyə gözlərimin önündə canlanır. Öz-özümə deyirəm, kaş həmin günlərə qayıda biləydim... O selablar seləliyim yalanmış, Ötən günlər çalağanmış, çalanmış. Bircə kövrək xatirələr qalanmış, Onu da ki, ha çevirim, ha sanım...

Məmməd Araz yayın cırhacır istisində rəhmətlik atamın (atam 1993-cü il aprelin 23-də, kəndimiz alınmazdan 4 ay əvvəl rəhmətə gedib - S.H.) öz əli ilə düzəltdiyi üzüm talvarının və talvardan sallanan ətirli qızılgüllərin altında sərinlənməkdən, qışda isə evdə çırthaçırtla yanan kömür və ya odun peçinin istisinə qızınmaqdan gözəl nə ola bilərdi?... Çox darıxmışam o günlər üçün. O gözəl günləri nankor ermənilər müvəqqəti də olsa əlimizdən aldılar. Yaşananlar keçmişdə qalır, xatirəyə çevrilir.


O günlərə qayıtmaq mümkün olmasa da, kəndimizə yenidən nəfəs verə bildik, onun bərpasına başladıq. İnanıram ki, nəinki Cəbrayılın qalan kəndlərində, eləcə də, işğal altına olan bütün torpaqlarımızda həyat yenidən qaynayacaq və öz sakinlərini təkrar ağuşuna alacaq. Həsrətdən alışıb yanan ürəklərə su çilənəcək, yaralar qaysaqlayacaq, göz yaşları quruyacaq. Onlar mənim ailəmdir Cocuq Mərcanlı kəndinin sakinləri ilk dəfə köç adlı kabusun qorxusunu hələ işğaldan 2 il öncə yaşamışdılar. O vaxtlar Bakıda ali təhsil alırdım və kəndə yay tətilinə gəlmişdim. Müharibənin qızğın vaxtları idi. Bir gün xəbər yayıldı ki, ermənilər Arazqırağı kəndləri selə-suya verəcəklər. Köçmək, doğma yurdu tərk etmək qorxusu o vaxtdan ürəklərə xal saldı. Anladıq ki, bir gün uşaqlığımızı, gəncliyimizi keçirdiyimiz doğma kəndimizi, onun salmancı, qanqal topladığımız yamaclarını, İranla sərhəddə yerləşən Təzə Arx körpüsünü, müqəddəs ruhların uyuduğu Lələtəpəni tərk edə bilərik. Həmin gecə çaşıb qalmışdıq: nəyi və necə götürək, hara gedək? Caamatın çoxu, maşını olan maşınla, olmayanı at və ulaq arabası ilə gecəylə Lələtəpəyə qalxdı. Amma bizim kimi az ailə olardı ki, kəndi tərk etmədi. Həmin gecəni səhəri dirigözlü açdıq. Demə, yalan xəbər imiş. Kənd caamatı o müdhiş qorxu hissini bir müddət sonra yenidən yaşamalı oldu. Amma bu dəfə həqiqətən və qorxunc şəkildə...


Xocalı faciəsi müharibə gedən ərazidə yaşayan əhalini ayıltmışdı. Doğma torpağı tərk etmək nə qədər ağır olsa da, heç kəs bu faciənin qurbanlarının düşdüyü vəziyyətə düşmək istəmirdi. Caamat girov, əsir düşməmək üçün başını götürüb qaçırdı. Çünki erməni cəlladlarının Xocalıda törətdiyi vəhşiliklər barədə azından-çoxundan bilirdilər. Əhali bu qaniçən vəhşilərin anasının döşünü kəsib südəmər körpəsinin ağzına verməsindən, kişiləri qadınlarının, ananı balasının, balanı anasının qarşısında təhqir etməsindən, qız-gəlinlərimizin namusuna təcavüzlərindən xəbəri var idi. Böyük qardaşımın həyat yoldaşı Xocalı şəhərindəndir. Onun anasını, bacısını, 2 qardaşını ermənilər girov götürdülər. Öldüləri-qaldıları bilinmədi. Ölüm yaxınımızı, doğmamızı əlimizdən alanda çox kədərlənirik, ağlayırıq. Amma doğmalarını bu cür əzabla itirmək başqa dərddir. Bu dərd insanı içəridən məhv edir, mənliyini əzir, hisslərini korşaldır.
Qədim kəndin müasir tarixi - COCUQ MƏRCANLI
“Mən sizinlə fəxr edirəm”


Kəndimiz 1993-cü il avqustun 23-də işğal edildi. Üç aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Oqtay Həziyevin ailəsi kəndə qayıtdı. Bu ailənin öz dünyası var idi, öz problemləri, qayğıları var idi. Bu ailənin səkkiz üzvü düşmənlə üzbəüz, təhlükə vəziyyətində öz həyatını yaşayırdı, qorxmadan, çəkinmədən. Eldən-obadan ayrı, tək yaşamaq, hələ üstəlik əkin-biçinlə məşğul olmaq, qoyun-quzu saxlamaq asan məsələ deyildi. Bu ailənin bir üzvü kimi (Oqtay Həziyev həm bibim oğlu, həm də qaynımdır- S.H.) kəndə gedəndə və orada qalanda bu ailənin necə təhlükə içində yaşadığının canlı şahidi olmuşam. Mərmilərin, pulemyotların, güllələrin səsindən qulaq tutulur, adamı vahimə basırdı. Həziyevlər ailəsinin mərdiyinə, təmkininə heyran qalmamaq mümkün deyil. Bu insanlar torpağa, elə-obaya çox bağlıdırlar. Çünki onlar vətəni ürəkdən, bəzəksiz-düzəksiz, mübaliğəsiz sevirlər, heç bir təmənna ummadan. 23 il kənddə tək yaşayan Həziyevlərin ailəsində dövlətimizə, ordumuza, Ali Baş Komandanın gücünə, qüdrətinə inam, sabaha ümid vardı. Bu, vətənpərvərlikdir, mərdlikdir, qəhrəmanlıqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oqtay Həziyevi doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. İyunun 14-də, Qurtuluş günü ərəfəsində yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olan ölkə rəhbəri Həziyevlərin evində oldu, ailə üzvləri ilə görüşdü. Cocuq Mərcanlı kəndinin bərpası gününü ölkənin həyatında əlamətdar və tarixi gün adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Həziyevlər ailəsi ilə fəxr etdiyini dedi:


“İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay işğal altında olub. Bu müddət ərzində erməni işğalçıları kəndi tamamilə darmadağın etmişdilər. Həziyevlər ailəsi təhlükə altında olmasına baxmayaraq, bu kənddə yaşayıb, onu tərk etməyib. Cocuq Mərcanlı kəndi artıq sizin adınızla bağlıdır. Kəndi sizdən, sizi isə kənddən ayırmaq mümkün deyil. Siz bunu sübut eləmisiniz. Mən maraqlanmışam, bilirəm ki, siz başqa yerdə yaşaya bilməmisiniz və müəyyən müddətdən sonra kəndə qayıtmısınız, yenidən burda həyat qurmusunuz, nəfəs vermisiniz kəndə. Öz doğma torpağınızda yaşamısınız, təhlükə altında, həyatınızı riskə qoyaraq. Güllə, mərmi altında əsl vətənpərvərlik nümunəsi göstərmisiniz. Göstərmisiniz ki, Azərbaycan xalqı öz torpağına qanı, canı ilə bağlıdır. Göstərmisiniz ki, istənilən şəraitdə Azərbaycan vətəndaşı öz torpağında yaşayır, qurur, yaradır. Hər gün təhlükə altında burda 20 ildən çox tək yaşamısınız. Buna görə bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Siz ən yüksək qiymətə layiqsiniz. Mən sizinlə fəxr edirəm”.

Mən də fəxr edirəm ki, azərbaycanlıyam və bu cür humanist, qaykıkeş Prezidentimiz var. Bir də Cocuq Mərcanlıda doğulduğum üçün fəxr edirəm. Fərəhlənirəm ki, bir vaxtlar doğma “Olimpiya dünyası” qəzetində mənimlə birgə işləyən bacım Esmira Orucova Bakıda evini, işini qoyub, kəndimizdə müəllimə işləyir. Qürur duyuram ki, qardaşım oğlu Zülfüqar Hakıyev səhhətində problem (ürəyi sağ tərəfdədir- S.H.) olmasına baxmayaq, bu gün ordu sıralarında vətənə xidmət edir.
Qədim kəndin müasir tarixi - COCUQ MƏRCANLI

Dünyaya mesaj


Ötən il uğurlu aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Dövlətimizin başçısı 2017-ci il yanvarın 24-də “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” xüsusi Sərəncam imzaladı və bu Sərəncamdan irəli gələn tapşırıqlar tez bir müddətdə yerinə yetirildi. Beləliklə, Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Hazırda kənddə 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin bərpası çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, 96 şagird yerlik orta məktəb, məscid tikilib, Horadizdən bura yol çəkilib. İkinci mərhələdə isə kənddə 100 fərdi ev, tibb məntəqəsi, uşaq bağçası, poçt, klub-icma mərkəzi istifadəyə veriləcək, iş yerləri açılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən kəndimizdə Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib. Kənd sakinləri bu dini ibadətgahda Allaha dua edir, dövlətimizə, xalqımıza xoş günlər arzulayırlar. Kənddə məscidin tikilməsi dini ibadətgahların qorunması və onların gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu müqəddəs ocağın inşası, həm də işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Öz tarixi keçmişinə sadiq olan Azərbaycan gün gələcək digər işğal altında olan torpaqlarımızı da azad edəcək, Şuşadakı məscidimiz də bərpa ediləcək. Rəhmətlik anam Cocuq Mərcanlıya döndükdən 16 gün sonra, necə deyərlər, bu məscidin ilk sakini oldu. Öz məscidimizdə rahatlandı, kəfənə qoyuldu... Nə deyirsiniz, deyin, bu da bir xoşbəxtlikdir. Bərpadan əvvəl kəndimizə hardasa 7-8 il idi ki, ayaq basmırdım. Çünki o xarabazarlığı görmək istəmirdim. Anam ölümü ilə həm özü qovuşdu vətənə, həm də bizi qovuşdurdu.


Vətən müqəddəsdir, ana kimi...


Ana şirindir vətən kimi... Qovuşduq biz, illərdir bir-birinə iki həsrət sevgili kimi, ana bətnindəki körpəsinə qovuşan kimi. Həyatda ən gözəl an həsrətin sona yetdiyi məqam - gün, saat, dəqiqə və saniyələrdir. Tanrıdan diləyim budur ki, Allah hər kəsi istəyinə qovuşdursun. Deyirlər, insan açıları ilə böyüyür. Mən ilk acımı atamı itirərkən yaşadım və ilk dəfə onda böyüdüm. Sonra evimizi, kəndimizi itirəndə, 20 faiz torpaqlarımız işğal ediləndə böyüdüm. Küçədə, ictimaiyyət arasında “Eh, bu qaçqınlar da” kəlməsi ilə başlayan cümlələri eşidəndə böyüdüm. Bir də deyirlər, anası ölmədən kimsə böyüməzmiş. Vallah, daha böyümək istəmirəm...Uşaq olmaq istəyirəm, qəmsiz, kədərsiz, qayğısız, atalı-analı. Gecələr ulduzlara baxıb düşünmək, səhərlər günəşi salamlamaq istəyirəm. Dünyanın hər yerindən səfalı kəndim, qoynunda gözəl, bəxtəvər günlər yaşamaq gözəldir, çürüyüb bir ovuc torpağına dönməzdən öncə... Kəndimiz bərpa olunandan sonra burda ilk yuva quran qaranquşlar oldu. Qaranquşun gəlişi isə həyat əlaməti, qarşıdakı xoş günlərin müjdəsidir. Ölkə rəhbərinin də dediyi kimi: “İnanıram ki, Cocuq Mərcanlının gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq.” Minnətdaram sənə, əziz Prezidentim! Yaşa, var ol, Azərbaycan!

Səadət Hakıyeva
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031