» » İki astaralı qız

İki astaralı qız

Bəlkə də bu qızlar bir-birini tanımır. Lakin hər ikisini tanıdığımdan onların uğurlarını ardıcıl izləyirəm.
Hər ikisi jurnalistdir.
Biri Türkiyədə, Ankarada, biri Azərbaycanda, Astarada yaşayır.

Əvvəl bir az uzaqdan başlayaq. Türkiyədə yaşayıb, yaradıcılığını davam etdirən Sevda Mirzəyevadan.
İki astaralı qız

Sevda xanım Astara rayonunda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.
Təxminən 10 ildən artıq ölkənin aparıcı televiziya şirkətlərində redaktor, sənədli film rejissoru və Cənubi Azərbaycanla bağlı yeganə televiziya proqramı - “Körpü”nün (İTV) aparıcısı olaraq çalışıb.

Bizim tanışlığımız 2002-ci ildə Bakıda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Jurnalistlərin hüquqi maarifləndirilməsi” adlı üç aylıq kursdan başladı.
Daha sonra Polşada, Gürcüstanda seminarlarda bir araya gəldik.

Təxminən altı il əvvəl Sevda Mirzəyeva Türkiyəyə köçdü. İki il sonra isə TRT “Türkiyənin səsi” (Xarici Yayımlar) radiosunda tərcüməçi-jurnalist və radio aparıcısı kimi fəaliyyətə başladı.

Hal-hazırda hər gün yayımlanan TRT “Türkiyənin səsi” radiosu ilə İctimai Radionun ortaq “Qorqud Ata” proqramının Ankaradan səslənən azərbaycanlı aparıcısı kimi daxili cədvələ görə həftədə bir neçə dəfə birbaşa yayımda olur.

Türkiyədə Sevda xanım ictimai fəaliyyətindən geri qalmır. Azərbaycan və Türkiyə başlıqlı tədbirlərdə iştirak edir və onun yaradıcılıq uğurlarının şahidi oluruq.

Bu günlərdə Sevda Mirzəyeva ilə bağlı daha bir şad xəbər eşitdik: Sevda xanım Ankara Sənət Qaleriyası rəhbərliyi tərəfindən TRT "Türkiyənin səsi" radiosunun Azərbaycan redaksiyasına təqdim edilən mükafatını aldı.

"Xoşbəxt rənglərin dünyasında" (Mutlu Renklerin Dünyasında) tədbirində təşkilatçılar tərəfindən Sevda xanım çəkilişlərdə uğurlu fəallığına görə bu mükafata layiq görüldü.

Bu uğur münasibətilə Sevda Mirzəyevanı təbrik edir, ona arzuladığından da uca zirvələr arzulayırıq.

İndi isə qayıdaq Astaraya.

Region mətbuatından söz açanda ən çox gileyləndiyimiz bir məqam var-region mətbuatı “qocalıb”.
Rayon qəzetlərində çalışanların əksəriyyətinin yaşı 50-ni ötüb və bu yaşdan doğan “köhnəlib” ifadəsi həmin qəzetlərdə açıq-aydın hiss olunur (Rayona kimin rəhbərlik etməsindən asılı olmayaraq).

Bir neçə ay öncə isə bu “köhnə”lərdən birini təzələdilər. Astarada “Astara” qəzetinə Fəridə Ağazadə adlı bir xanım redaktor təyin edildi.
İki astaralı qız

Gəncliyinin ən qaynar dövrünü yaşayan bu xanım ilk gündən yerə-göyə sığmadı-istər sosial səhifələrdə, istər müxtəlif xarakterli tədbirlərdə Fəridə xanımın səsi eşidildi.

Cəlilabadda, Lerikdə “hökümət qəzeti” az qala sıradan çıxdığı bir vaxtda “Astara” qəzeti 16 səhifə, rəngli və həftəlik çıxmağa başladı. Cənub bölgəsindəki “hökumət qəzetləri” sırasında ilk olaraq “Astara” qəzeti öz saytını yaratdı (astarainfo.az), Astarada kitab və qəzet yarmarkası təşkil etdi.

Fəridə xanım mənim facebook dostumdur.
Bir-iki dəfə telefon danışığımız olsa da, şəxsən görüşməmişik.

Başa düşürəm ki, icra başçılarının təsisçisi olduğu “hökumət qəzet”ləri bir çox çərçivələrə əməl etməlidir. Lakin Fəridə xanım bu çərçivələrə əməl etməklə də, bir sıra uğurlara əl atır.

Sadə bir müqayisə aparaq. Təxminən bir il öncə “Lənkəran” qəzetinin də redaktoru dəyişdi. Uzun illər Lənkəran İcra Hakimiyyətində şöbə müdiri işləmiş, ixtisasca ingilis dili müəllimi olan, gah küsüb, gah barışdığımız Əlimərdan müəllim həmin qəzetə redaktor təyin edildi.

Lakin bu böyük təcrübəylə Əlimərdan müəllim Fəridə xanımın gənclik coşqusu, güclü mütaliənin müşaiyəti ilə etdiklərini edə bilmir.

Daha cənubun digər redaktorlarını onunla müqayisə edib “qardaş qırğını” salmaq istəmirəm, necə deyərlər, qanana bir işarə də kifayətdir.
Fəridə xanıma Astara rayon İcra hakimiyyəti də güclü dəstək verir.

Yada salaq ki, Qəzənfər müəllim Yardımlıda, Masallıda da icra başçısı işləyib, lakin qəzetə belə dəstək verməyib. Çünki qəzetin özündə həmin təşəbbüskarlığı görməyib.

Sadə bir detaldan görünür ki, gəncliyə meydan verəndə necə gözəl nəticələr alınır.

Hər 2 astaralı xanımı uğurları münasibəti ilə təbrik edir, onlardan bizi təəccübləndirə biləcək yeni qələbələr gözləyirik.

Mənbə: cenubxeberleri.com
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930