Главная > tehsil > Azərbaycanda təhsilin inkişafı

Azərbaycanda təhsilin inkişafı


19-10-2019, 09:54. Разместил: djbaz

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar.”
İlham Əliyev


Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır, bu səbəbdən də müasir dünyamızda hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Azərbaycan da bu ölkələr sırasında öz yerini tutmaqdadır. Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq müasir səviyyəyə gəlib çıxmışdır. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri hüquqi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı gənclərə ali təhsil verilməsi Konstitusiya səviyyəsində təsbit olunmuşdur. Ölkənin bir sıra şəhərlərində dövlət universitetləri yaradılmış, onlar bölgələrdə elm, mədəniyyət və təhsil mərkəzlərinə çevrilmişlər. Bəzi ixtisas sahələri üzrə yeni ali məktəblər açılmış, onlar maddi-texniki baza və müasir avadanlıqla təchiz olunmuşdur. Bir çox dövlət ali məktəblərinin binaları müasir tələblər səviyyəsində təmir edilmiş, bəzi özəl universitetlər üçün yeni tədris binaları tikdirilmişdir. Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr yaradılmış, təcrübə mübadiləsi müntəzəm xarakter almışdır.
Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqa müraciətində təhsil sahəsində görülən işləri “çox əhəmiyyətli iş” kimi dəyərləndirərək demişdir: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.
Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Cənab Prezidentin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini daha da təsdiqləyir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusilə vurğulamışdır: “Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın formalaşmasında, milli–mənəvi dəyərlərin qorunub saxlanılmasında, şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır. Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasını əsaslandıran dövlət başçısının dediyi kimi, ”təhsil əsri elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təminedir”.
Ölkəmizdə milli təhsilimizin inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə edilmişdir. Respublikamızın Prezidenti İlham Əliyev cənablarının dayanıqlı təhsil sisteminin yaradılması məqsədi ilə 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin inkişafında daha yüksək müsbət irəliləyişlərin əldə edilməsinə şərait yaratmışdır. Bu inkişaf məqsədilə 5 istiqamət müəyyənləşdirilmişdir. Bunlara, şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və s. aiddir. Bu, çox əhatəli, strateji bir sənəd olmaqla qarşımıza yeni və çox mühüm vəzifələr qoyur. Təhsilimiz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir.
Orta təhsil müəssisələrində pedaqoji prosesin “müəllim-şagird” əməkdaşlığına çevrilməsi, təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, qabaqcıl təcrübə nümunələrinin təşviqi, orta təhsil ocaqlarında tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, pedaqoq və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bu günkü şagirdlərin gələcək həyata hərtərəfli hazırlıqlı, savadlı, bacarıqlı vətəndaşlar kimi yetişdirilməsi orta təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdir. Bu sahədə dövlətimiz islahatyönümlü tədbirlər həyata keçirir, milli təhsilimizin dünya standartlarına cavab verəcək bir sistemə çevrilməsi üçün çox mühüm addımlar atılır.

Eldar Siyafət oğlu Əhmədov
Jurnalist
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Вернуться назад