dini radikalizm və ekstremizmlə mübarizə

Müəllim və tələbə münasibətinin təhsilin keyfiyyətinin yüksəldilməsində nə kimi rolu var?

Müəllim və tələbə münasibətinin təhsilin keyfiyyətinin yüksəldilməsində nə kimi rolu var?
Mövzunu aydınlaşdırmaq üçün öncə müəllim və tələbənin kim olduğunu bilmək lazımdır.
Müəllimlik dünyanın deyərdim ki, ən çətin və ən müqəddəs, ali peşəsidir. Bədii üslubda desək, müəllimlik peşələrin tacıdır. Maraqlısı budur ki, gələcəyin müəllimlərini də müəllim özü yaradır, necə ki sənətkar öz istedadı ilə əsər ərsəyə gətirir. Müəllim olmaq insandan yalnız peşə bilikləri deyil, həm də dərin mənəviyyat, təmiz xislət tələb edir. Hər insan zəngin mənəviyyata sahib olmadığı üçün sevilən müəllim də ola bilməz. Tələbələrin dili ilə desək, yaxşı müəllim ola bilməz. Hər diplomu olan, auditoriyaya jurnalla girib çıxana insana müəllim demək olmaz. “Müəllim” adını həmin şəxs öz əməlləri ilə qazanmalıdır. Gələcək müəllimin əlindədir və o bundan istifadə edib gəncliyi gözəlləşdirə bilər.
Bəs tələbə kimdir? Tələbə ərəb sözü olan “tələb”dən əmələ gəlib. Şərti olaraq belə tərif verə bilərik: Tələbə müəllimin tələblərini yerinə yetirən, ali təhsil müəssisəsində elm və yaradıcıllıqla məşğul olan fərddir. Tələbə öz ixtisasını sevirsə, deməli, onun motivi var və o, qarşısındakı tələbləri həvəslə yerinə yetirəcək. Elə buna görə də daxil olacağımız ixtisası qabaqcadan araşdırmaq lazımdır. Hər insanın gizli və ya aşkar bir istedadı vardır və o özünü düzgün istiqamətdə yönəltməlidir. Bəs ixtisasına sevgisi olmayan tələbə? Bu zaman müəllim dövrəyə girir.
“Müəllimə hörmət” məsələsinə də bir münasibət bildirək. Günümüzə fikir verdikdə görürük ki, gənclər arasında çox az adam “müəllim” kəliməsinə ehtiramla yanaşır. Bunun yeganə səbəbi budur ki, cəmiyyətdə müəllimə lazımınca diqqət yetirilmir. Mənim fikrimə görə, bu problemi aradan qaldırmaq üçün böyükmiqyaslı tədbirlər keçirilməli və gənc nəslə müəllimin həyatımızdakı rolu aşılanmalıdır.
“Müəllim və tələbə münasibəti” çox danışılacaq və müzakirə ediləcək bir mövzudur və təbii ki, hərə öz dünyagörüşünə görə fərqli mövqedən çıxış edə bilər. Mənim şəxsi düşüncəmə görə, müəllim və tələbə elə olmalıdır ki, sözün əsl mənasında onlar arasında sevgi yaransın. Hətta, bu mənada mən müəllimi Leyli obrazına, tələbəni isə Məcnun obrazına bənzədirəm. Müəllimə olan sevgi ilahi sevgidən fərqlənməməlidir. Bu sevgi dərin hörmətdən yaranır, yəni tələbə müəlliminə olan sevgisi vasitəsilə daxili təkamül keçirə bilər. Lakin bu hər müəllim və tələbənin düşüncəsinə uyğun bir proses deyil. Bu təkamül yolunu keçən tələbə dərin hisslərə malik olmalıdır. Müəllim pedaqoq və psixoloq olmaqla yanaşı, dərin mənəviyyata da sahib olmalıdır. Belə ki, müəllim qarşısındakı tələbənin iç dünyasını kəşf etməli və özünü həmin tələbənin yerinə qoymağı bacarmalıdır. Müəllim və tələbə münasibətində işin bütünü demək olar ki, müəllimin öhdəsinə düşür. Onun ilk yoldaşları mehribanlıq və qayğıkeşlık olmalıdır. Qətiyyən süni davranmamalıdır. Yeri gəldikdə zarafat etməyi də unutmamalıdır. Müəllim tələbəsinə qarşı ilk gündən hörmətlə yanaşmalı və təhqiredici metodlardan istifadə etməməlidir. Belə olduğu halda, istər-istəməz tələbədə həmin müəllimə qarşı hörmət yaranır. Eyni zamanda müəllim tələbkar olmalıdır ki, tələbədə məsuliyyət hissi güclənsin.
Bir nümunəyə nəzər yetirək: müəllim tələbəni auditoriyada saqqız çeynəyərkən gördükdə “Tərk et otağı!” – deyə bağırması, yoxsa sadəcə bir baxışla bunu tələbəyə başa salması düzgün olar? Əslinə qalsa, sağlam mühit yaradan müəllimin dərsində normal tələbə bu hərəkəti etməz. Bəzən sözün əsl mənasında tərbiyəsizlik mövqeyində duran tələbələr olur ki, onları da müəllim müvafiq yolla öz hərəkətlərindən utandırmalıdır.
Müəllim tələbə ilə münasibətini düzgün qurduqda, əlbəttə ki, təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edir. Müəllimin hər hərəkəti təhsilin keyfiyyətinə təsir edə bilər, belə ki, o bir sözü ilə tələbədə fənnə qarşı sevgi də yarada bilər, nifrət də.
Axırda onu deyim ki, müəllimin tələbəyə qarşı olan münasibəti nəinki təhsilin yüksəldilməsinə, həmçinin dərin mənəviyyat hissləri aşılamağa da xidmət edir.

Məleykə Mirzəli

Oxunub: 2 279
Oxşar xəbərlər
SON XƏBƏRLƏR