Главная > sosial, sehiyye > Ömrünün yarım əsrini insanların sağlamlığı keşiyində dayandı o

Ömrünün yarım əsrini insanların sağlamlığı keşiyində dayandı o


23-11-2016, 18:26. Разместил: djbaz
Ömrünün yarım əsrini insanların sağlamlığı keşiyində dayandı o
Həkimlik sənəti bəlkə də yeganə müqəddəs peşədir ki, sərhəd tanımır. Əsl həkimlər isə həmişə seçilirlər. Onlardan qalan irs və ənənə, təcrübə və bilik zaman-zaman xalqın sərvətinə çevrilir, xeyirxah əməlləri özlərindən sonra da davam edir, insanlara gərək olur. Odur ki, adı Biləsuvar xalqına yaxşı tanış olan doktor Hacı Həsənəli Dəmirov illər, onilliklər keçsə də unudulnayacaq. O, özünün peşəkar həkimlik sənəti, parlaq şəxsiyyəti ilə xalqa xidmətin əsl nümunəsini göstərmişdir.
Ömrünün sonunadək çalışdığı Xırmandalı kənd xəstəxanası nəinki şəhər ərazisində, kəndlərimizdə, hətta qonşu rayonlarda da “Həkim Dəmirovun xəstəxanası” adı ilə məşhur idi. Ona görə ki, 1976-cı ildən istifadəyə verilən ikimərtəbəli bu xəstəxanada elə ilk günlərdən baş həkim Həsənəli Dəmirov öz dəsti-xəttini qoymuşdur.
Bəli, Xırmandalı kənd əhalisinin ən çox sevdiyi və hörmət bəslədiyi, rayonun bütün ictimai tədbirlərində fəal iştirak edən, xeyirxah və gözəl ailə başçısı, təcrübəli həkim, mehriban bir kollektivə rəhbərlik edən Dəmirov Həsənəli Müseyib oğlu barədə bu gün son vida sözlərimizi yazmaq zorundayıq, istəsək də, istəməsək də... Bir kimsə Allah-Taalanın yazısını bir an nə irəli, nə də geri yayındıra bilər. Bu da bir alın yazısıdır. Artıq 22 noyabr 2016-cı il tarixində onun vəfatından bizi 40 gün ayırdı.
Dəmirov Həsənəli Müseyib oğlu 1938-ci ildə Biləsuvarın İsmətli kəndində anadan olmuşdur. 1959-cu ildə ağayrı kənd orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1965-ci ildə ali təhsil aldığı Universiteti ixtisaslı həkim kimi başa vuraraq təyinatla doğma Biləsuvar rayonuna işləməyə gəlmişdir. O, 1965-1968-ci illərdə rayon Mərkəzi xəstəxanasında həkim, 1968-ci ilin may ayından ömrünün sonunadək Xırmandalı kənd xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır.
Mərhum həkim Hacı Həsənəli ilə bir neçə il bundan öncə görüşüb “Region-Press” qəzetinə müsahibə hazırlayarkən, ondan insanların sağlamlığı keşiyində keçirdiyi bu yarım əsrə yaxın müddətdə özündən tam razı qaldığı vaxt olduğunu soruşduqda... O, dərin fikirə daldı və özünə məxsus təmkinlə cavab verdi:
-Mən heç vaxt özümdən razı qalmamışam. Allah-Təala da özündən razı, təkəbbürlü adamları sevmir. Ancaq bir olan Allahın köməkliyi ilə ölümlə çarpışan insanlara yardım edəndə, onları təkrar həyata qaytaranda, hardasa, özümdə rahatlıq tapmışam, hədsiz dərəcədə sevinmişəm. Bu cür hadisələr həyatımda yüzlərlə olmuşdur. Bir hadisə isə heç vaxt yadımdan çıxmaz. 1976-cı il idi. Mənim yanıma Salayan rayonunun Şorsulu kəndindən Məzahim adlı bir şəxs həyat yoldaşı ilə birlikdə ağır xəstə olan uşaqlarını gətirmişdilər. Uşaq dörd bacısının bir qardaşı idi. Həm də bundan əvvəl ailədə iki oğlan uşağı anadan olandan sonra ölmüşdü. Xəstə uşağı müayinə edəndən sonra onun valideynlərinə söz verdim ki, Allahın köməkliyi ilə uşağı sağaldacağam. Düz beş il uşaq mənim nəzarətim altında müalicə olundu və tamamilə sağaldı. Onun nişan mərasimində ağsaqqal məni seçmişdilər, toyunda isə onların həyətinə girən zaman mənim ayaqlarım altında qurban kəsdilər. Hippokrat andı içən həkim üçün bundan da böyük mükafat ola bilərdimi?!
Hacı Həsənəli həkim çalışdığı kollektivlə yanaşı rayon ictiamiyyəti arasında sa böyük hörmət, nüfuz sahibi idi. Onu rayon Mərkəzi xəstəxanasının kollektivi də işgüzarlığına və biliyinə görə çox sevir, fəaliyyətini daim yüksək qiymətləndirirdilər. O, nümunəvi fəaliyyətinə görə rəhbərlik tərəfindən “Tibb əlaçısı” fəxri adına da layiq görülmüşdür. Onlarla fəxri fərman, diplomlarla təltif olunmuşdu. İşinə həmişə məsuliyyətlə yanaşan həkim, zəngin təcrübəsinə baxmayaraq daim axtarışda, mütaliədə idi...
Həkim Dəmirov xoşbəxt ailə başçısı kimi tərbiyəli, təhsilli övladları ilə də özünü təsdiq etmişdi cəmiyyətdə. 6 övladı- 5 oğlu, 1 qızı, onlarla nəvələri var. Övladlarının hamısı ali təhsilə yiyələnmiş, müxtəlif sahələrdə çalışmaqla el-oba hörməti qazanmış, halal, pak əməlləri ilə soyadlarınının saflığını qorumuşlar.
Bəli, “El yolunda qocalanlar, el qolunda ucalarlar” deyib, atalarımız. Ömrünün yarım əsrini insanların sağlamlığı keşiyində durmaqla yaşayan, saçlarına dən düşə-düşə, özü yana-yana başqalarına həyat bəxş edən Həsənəli həkim də, son mənzilə el qolunda yollandı. Dəfndəki bu izdiham, insan seli isə Həsənəli həkimin çoxdan qazandığı xalq sevgisinin, məhəbbətinin, ehtiramının təzahürü idi...

Ölməz şairimiz Zəlimxanın dili ilə desək:

Mən sənin dilini bilmirəm həkim,
Dilini, sirrini bilmirəm həkim.
Sənin bildiklərin yer-göy arası,
Mən mində birini bilmirəm, həkim.

Bu gün dərd məndədi, dərman səndədi,
Bu gün hökm səndə, fərman səndədi.
İynənin dili var, biləni sənsən.
Dərmanın dili var, biləni sənsən.

Ölüm nə vaxt gəlir xəstə yanına,
Fərmanı səndədi, biləni sənsən.
Nə vaxt oxunacaq fərmanım mənim,
Onu biz bilmərik, bir Allah bilər,
Bir axşam, bir gecə, bir sabah bilər.
Allahın dediyi düz olar həkim,
İnsan xırdalanır, insan əriyir,
Dönür torpaq olur, toz olur, həkim.

Ruhun şad olsun deyirik, müqəddəs insan!
Əliheydar Abbasov,
Вернуться назад