» » QRUP VƏ KOLLEKTİVDƏ MƏNƏVİ-PSİXOLOJİ MÜHİTİN FORMALAŞDIRILMASI

QRUP VƏ KOLLEKTİVDƏ MƏNƏVİ-PSİXOLOJİ MÜHİTİN FORMALAŞDIRILMASI

  • 31-10-2016, 15:46
  • sosial
  • 313
QRUP VƏ KOLLEKTİVDƏ MƏNƏVİ-PSİXOLOJİ MÜHİTİN FORMALAŞDIRILMASI
Respublikamız yeni sosial-iqtisadi münasibətlər şəraitində yaşadığı bir dövrdə müəssisə, təşkilat və firmaların taktika və strategiyasının müəyyən edilməsində insan şəxsiyyəti əsas amillərdən biri kimi mühüm əhəmiyyət daşıyır.
Həyatda gedən sosial dəyişikliklər istehsalatdan yan keçmədən insanın şüurunun formalaşmasına, onun psixikasına təsir göstərir.
İnsan amilinin rol və əhəmiyyətini müasir istehsalat şəraitində yüksəldən istiqamətlərdən ən vacibi isə əmək kollektivində mənəvi-psixoloji mühitin formalaşdırılmasıdır.
Mənəvi-psixoloji mühit əmək qrupu və yaxud kollektivində onun üzvlərinin nisbətən sabit psixoloji əhval-ruhiyyəsi olub, onun hərtərəfli fəaliyyətində özünü göstərir. Bu mühit kollektiv üzvlərinin bir-birinə, əməyə, ətrafda baş verən hadisələrə, şəxsi dəyər və istiqamətlərə münasibətlər sistemini müəyyənləşdirir.
Mənəvi-psixoloji mühitin əsas xüsusiyyəti ondan ibarətdir ki, o əmək qrupunun həyatında psixi vəziyyətin bütün cəhətlərinin daha inteqral və dinamik xarakteristkasını verməklə özündə qrupdaxili həyatın bütün amilləri və komponentləri, əhval-ruhiyyə və fəaliyyəti, rəhbərlik və liderliyi akkumulyasiya edir. Mənəvi-psixoloji mühitdə kollektivin və onun rəhbərinin bütün nailiyyətləri öz əksini tapır.
Hər bir rəhbər fəaliyyət prosesini öz kollektivində hökm sürən mənəvi-psixoloji mühit ilə vəhdətdə görməlidir. Qrup və yaxud kollektivin mənəvi-psixoloji mühiti fərdin davranış və fəaliyyətinə öz təsirini göstərir. Mövcud normalar əsasında fərdin sabit baxışları, inamı, vərdişləri formalaşmalıdır. Bunların formalaşması kollektivin fəaliyyətinin vacib istiqamətidir.
Fərdin davranışına onun hissləri çox güclü təsir göstərir. Qrup və kollektivdə yaranmış mənəvi-psixoloji mühit məhsuldar bacarıq və vərdişlərin formalaşmasına kömək edir.
Bəzən kollektivdə yaranan mənəvi-psixoloji mühit heç də fərdin, şəxsiyyətin maraqlarına uyğun gəlmir və hətta onun özü ilə ziddiyyətdə olur. Bu əsasən şəxsiyyətin tələblərinin ödənilməsindəki imkan və üsullarda özünü göstərir. Əgər bu tələblər yüksək olarsa, o zaman onların ödənilməsi çətinləşir. Qrup və kollektivdə fərdin tələblərinin yüksək və yaxud yetərincə qiymətləndirilməməsi buradakı mənəvi-psixoloji mühitə mənfi təsir göstərə bilər.
Əmək kollektivində müsbət mənəvi-psixoloji mühit qrup üzvlərinin əməyə münasibətində ictimai əhəmiyyətli motivlər təşkil edir. Əməyə münasibətin müxtəlif tiplərini müəyyənləşdirən çoxsaylı motivlər içərisində üç əsas komponent xüsusi əhəmiyyətə malikdir.
1. Maddi maraq
2. Əmək prosesinə olan maraq
3. Əməyin nəticələrinin sosial əhəmiyyəti
Qeyd etdiyimiz bu komponentlərdə əməyə münasibət maksimallaşmaqla, şəxsiyyətin əmək prosesindən razılığı, ona həvəslə yanaşması özünü göstərir.
Kollektivdə əlverişli mənəvi-psixoloji mühit geniş inkişaf etmiş şəxsiyyətlərarası əlaqələrdə xarakterizə olunur. Əmək qrupunun sosial inkişaf səviyyəsi nə qədər yüksək olarsa o qədər də onun iqtisadi-təşkilati strukturu müasir və yetkin olar. Şəxsiyyətlərarası ünsiyyətin səviyyəsi əlverişli mənəvi-psixoloji mühitin formalaşmasına təsir göstərir.
Qrup və yaxud kollektivdə müsbət mənəvi-psixoloji mühitin formalaşmasında qrup üzvlərinin qarşlıqlı münasibəti qayğılı olmalıdır. Tənqidin özü də işgüzar, konstruktiv, xeyirxah, etik, daha səmərəli və təmkinli olmalıdır. Tənqid insan inamını qırmamalı, onu alçaltmamalıdır. Tənqidin məqsədi ümumi vəzifələr və məqsədlərin kollektiv şəkildə müvəffəqiyyətli həlli üçün həlli üçün çatışmazlıqların aradan qaldırılmasına kömək göstərməkdir. Özünütənqid də bu prinsiplərə əsaslanmalıdır.
Kollektiv üzvünün hər birinin və ya rəhbərin hər hansı, xüsusən, mənfi hərəkəti kollektivin mənəvi mühitində, vəziyyətində hər şeydən əvvəl özünü göstərməklə müsbət amilləri aşağı salmaqla onu deformasiya edir. Yaxud əksinə, hər hansı müsbət idarəçilik bacarığı, müsbət kollektiv hərəkət mənəvi psixoloji mühiti yüksəldir.
Mənəvi-psixoloji mühitin mühüm əhəmiyyəti hər şeydən əvvəl onunla bağlıdır ki, o kollektivin əsas vəziyyətini, onun psixoloji atmosferini əks etdirir.
Əmək qrupunun funksiyaları yalnız əmək fəaliyyəti ilə formalaşmır. Onun aparıcı funksiyalarından biri insan şəxsiyyətinin formalaşdırılmasıdır. Bu prosesdə bütün əmək qrupu iştirak edir. Bu prosesin səmərəliliyi qrupun inkişaf səviyyəsindən, rəhbərin öz şəxsiyyətindən, təcrübəsindən və digər amillərdən daha çox asılıır.
Qeyd etdiyimiz bu amillərdə insan müxtəlif məsələlərə münasibətinin formalaşması, onun fəaliyyətinə qiymət verilməsi mexanizmi özünü göstərir.
Kollektivdəki mənəvi-psixoloji mühitin köməyi ilə hər bir kəsə təsir göstərmək olur və bu şəxsiyyətin formalaşmasında mənəvi-psixoloji amilin aparıcı rolu konkret müəyyənləşir.
Qrupdakı mənəvi-psixoloji mühitin köməyi ilə bütün qrupun fəaliyyəti realizə olunur.
Burada qrup üzvlərinin əhval-ruhiyyəsi, hər bir fərdin fəaliyyətə qoşulması və bu fəaliyyətin səmərəliliyinin ölçüsü üstünlük təşkil edir.
Mənəvi-psixoloji mühitin xarakterindən asılı olaraq onun şəxssiyyətinə təsir qüvvəsi də müxtəlif olacaqdır. Təsirin səmərəsi müsbət və mənfi, sağlam və qeyri-sağlam, əlverişli və əlverişsiz ola bilər.
Qeyd olunan məsələlərlə yanaşı qrup üzlərinin əsas məqsəd və vəzifələri aydın dərk etməsi və qəbul etməsi, vasitə və üsulların seçilməsi və əldə edilməsində lazım olan qədər çeviklik əmək qrupunun inkişafının yüksək səviyyəsini xarakterizə etməklə, qruplarda müsbət mənəvi-psixoloji mühitin formalaşmasının əsasını təşkil edir.
Müsbət mənəvi-psixoloji mühit qrup inkişafının öz-özünə yaranan məhsulu deyil, bu bütün qrupun, bütün kollektivin məqsədyönlü əməyi olub, onun yaxşı planlaşdırılmış və təşkil olunmuş fəaliyyətinin nəticəsidir.
Azərbaycanın görkəmli maarifçi alimi və filosofu Məhəmməd Tağı Sidqi əməyə qiymət verərək qeyd etmişdir. “Əsl insanlıq, gözəl mənəvi keyfiyyətlər əməkdə formalaşır”.

Mənsimli Zamiq Adil oğlu
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031