» » Mingəçevir-Bəhramtəpə yolunun tikintisi davam edir

Mingəçevir-Bəhramtəpə yolunun tikintisi davam edir

Mingəçevir-Bəhramtəpə yolunun tikintisi davam edir

“Azəravtoyol” ASC Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) 138 km-lik hissəsinin yenidən qurulma işlərini davam etdirir.

Layihəyə uyğun olaraq avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Bu, Aran-Qarağacı hissəsi (km 0-26) və Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138).

Bundan əvvəl yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 km-lik hissəsi qurularaq cari ilin aprel ayında prezident İlham Əliyevin iştirakı ilə vətəndaşların istifadəsinə verilib.

Yolun 16,5-154,5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol iki hərəkət zolaqlı olmaqla, 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr (yolun texniki dərəcəsi – III, eni - 12 m, hərəkət hissəsinin eni - 2 x 3,5 m, çiyinlərin eni - 2 x 2,5m, yol geyiminin qalınlığı 62 sm-dir). Ümumilikdə isə yolun asfalt-beton örtüyü 27 sm təşkil edəcək.

Layihəyə uyğun olaraq Mingəçevir-Bəhramtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 22 yerdə alt keçidin inşası aparılır.

Yol boyu 5 ədəd yeni körpü də (0 km, qovşaq - 63 m (M2-R18 kəsişmə), 9,3 km, körpü – 33,8 m (İncəçay), 34,7 km, körpü – 111,4 m (Tərtərçay), 57,3 km, körpü – 61,1 m (Xaçın çayı), 85,2 km, körpü – 38 m (Qarqarçay) inşa edilir.

Hazırda layihə çərçivəsində yol boyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Yol boyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhramtəpə avtomobil yolunda aparılan tikinti işlərinin tərəqqisi 42% təşkil edir.

Məlumat üçün bildirək ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq. /oxu.az/
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031