dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan qadını ərindən çox, “el-aləm nə deyər?”in qurbanıdır

Azərbaycan qadını ərindən çox, “el-aləm nə deyər?”in qurbanıdır

Qadınla kişinin müharibəsi nə zaman başlayıb? Adəmlə Lilitin zamanından. O gün bu gündür, Həvvanın oğulları bütün qadınları Lilit gözündə görür. Dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır, hər 15 saniyədən bir isə bir zərif məxluq əri tərəfindən döyülür. XXI əsrdə hələ də vəhşi düşüncə beyinlərdə hökmranlıq edir.

Djb.az mövzu ilə bağlı Lent.az-ın yazısını təqdim edir:


Tanıdığım bir xanım əri tərəfindən güclü fiziki və psixoloji zorakılığa məruz qalırdı. Boşansa da, adamın hədələri, təhdidləri səngimir, zəng edib öldürəcəyini bildirirdi. Boşandığı ərinin “kəramət”inə bələd olan qadın özünü qorumaq üçün polisin qaynar xəttinə müraciət etdi. Müraciətinə 12 gün sonra cavab gəldi. “Əgər o sizi döyməyibsə, toxunmayıbsa, biz heç nə edə bilmərik”. Adam qadını öldürməklə hədələyir. Öldürəndən sonra qadına polis yox, molla lazım olacaq. Bəri başdan deyir. Nəyi gözləyirsiniz? Mütləq gərək vurub üz-gözünü qaralda? Sözlə təhdid, qorxutma, psixoloji təzyiq, təhqir heç bir cəza tələb eləmir? Qadına qarşı şiddətin ilk boşluğu burda yaranır. Kişi arxayındır ki, arvadını öldürməyincə alacağı cəza uzaq başı bir iki sutka yatmaq olacaq. Çox kişi qadınını “döyə-döyə adam eləməyi” ilə öyünür.

Evdə qadın öldürülürsə, bu faciəyə namus donu geyindirilməsi, qadının kişinin namusuna ləkə vurduğu üçün öldürülməsi şaiyəsinin yayılması məsələnin ən ağrılı tərəfidir.

Azərbaycan cəmiyyəti, Azərbaycan qadını ərindən çox, “el-aləm nə deyər?”in qurbanıdır. Üzünü görmədiymiz, yaman gündə köməyimizə yetməyən, amma hər yerdə əl –ayağımıza dolaşan bu “el-aləm” ömrümüzün qatili, xoş günlərimizin cəlladı olub, əsl terror qruplaşmasından daha çox can alır. O cəhalətdir, o düşüncəmizə yer eləmiş qandallardır, özümüzə bağladığımız buxovdur.

Çox zaman qadınlarımızın öz hüquqlarını bilməməsi, ictimai basqı, qadının iqtisadi asılılığının olması faktları onları ailə içərisində şiddətə dözməyə məcbur edir.

Qurbanların əksəriyyəti əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. Çox az hallarda qurbanlar polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. Çünki onları çəkindirən səbəblər var. Yaxınlarından, qohumlarından, iş yoldaşlarından utanırlar. Bəzən ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini düşünür, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmirlər. İnanılmaz görünsə də, bu var.

Tədqiqatlar göstərir ki, qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Alınan travma gələcəkdə başqa bir qadına veriləcək yeni travmaların əsasını qoyur.

Zorakılıq niyə baş verir? Cütlüklər arasında fizioloji və psixoloji uyuşmazlıqdan. Xəyanət. Xəyanət psixi zorakılığın bir növüdür. Kişi özünü yetərsiz, qadın özünü dəyərsiz hiss edəndə münasibətlərdə problemlər başlayır. Qadını dəyərsiz hiss etdirən kişidirsə, kişini yetərsiz hiss etdirən qadındır. Zorakılığın səbəblərindən biri bir qisim evli qadınların cinsəllik mövzusunda beyinlərindəki tabular, olmazlar, sərhədlər, travmalardır. Bu fakt isə ailəyə psixoloji hazırlığı labüd edir.

Çox qadın boşanmış qadın damğası almaq istəmir. Hər nə qədər müasirləşsək də, boşanmış qadın sözünün ağırlığından xilas ola bilməmişik. Allah nikah kimi, nikahın pozulmasını da halal buyurub. Amma… Cəmiyyətimizdə çoxları üçün boşanmış kişi “sultanlıq edir” statusundadırsa, qadın haqqında ən yumşaq halda “kim bilir nə edir?” şəklində fikirlər dolaşır. Hər kəs öz ürəyinin pəncərəsindən baxır ətrafındakılara.

Zoraki idarəetmə görən uşaqların hamısı olmasa da, demək olar ki, böyük bir qismi gələcəkdə öz ailələrini bu cür idarə etməyə meyilli olurlar. Anam əzaba dözübsə, yoldaşım da dözəcək prinsipi.

Təcavüzçülərin əksəriyyətinin əvvəldən psixoloji problemləri olur. Təəssüflər olsun ki, mənəvi aclıq, duyğusal boşluq yaşayan, ağır həyat yaşamış, özləri zorakılıq görmüş, uşaqlıq travmaları olan insanlar öz boşluqlarını şiddətlə, cinsəlliklə, pis, zərərli vərdiş və asılılıqlarla doldurmağa çalışırlar. İllərlə sinir xəstəliklərindən əziyyət çəksələr də nə nevroloji müalicə, nə də psixoloji yardım, psixoterapiya almayan, özünü dəyişmək istəməyən insanlar var. Zorakılıq görən qadınlar çarəni boşanmaqda, evdən qaçmaqda, özünüqəsddə və s. görürlər. “Vağzalı” çalınanda qız evindən “buradan gəlinliklə çıxdın, ər evindən də kəfənlə çıx” alqışıyla yola salınır. Alqışdı, qarğışdı bəlli deyil. Çoxu elə cavan yaşda kəfənlə çıxır evindən. “Dara düşsən gəl, hər zaman arxandayıq” sözünü eşitmir Azərbaycan qadını. Azərbaycanda atalar, qardaşların çoxu öz namuslarını qorumaq üçün ana-bacılarına əmr etməyi bacarırlar. Anlamağı, dinləməyi yox.

Öz gücünə inanan, ayaqları üstə dayanmağı bacaran qadın onu əzən, sıxan qandallardan qurtarmağa özündə güc tapa bilir. Ailə içərisində qız uşaqlarının təhsilinə, peşə, sənət öyrənməsinə xüsusi diqqət yetirilməlidir. Qanadına güvənən quş qonduğu budağın sınmasından qorxmaz! Cahil bir ana cahil balaların, cahil cəmiyyət üzvlərinin yaranmasına səbəb olur. Qadınını işləməyə qoymayan, qapalı saxlamaqla öyünən kişilər bilməlidir ki, öz güvənli, ağıllı, zəkalı bir oğulu dünyagörüşü geniş olan ana böyüdə bilir. Hələlik “el-aləm” ancaq yumruqlu kişilər böyüdür. Sahiblənən yox, yumruqlu kişilər.

Oxunub: 348
Oxşar xəbərlər
SON XƏBƏRLƏR