dini radikalizm və ekstremizmlə mübarizə

Ekspertin 2021 proqnozu: nələr olacaq?

Ekspertin 2021 proqnozu: nələr olacaq?

2021-ci ilin ilk 3-4 ayı “vaksin” sözü altında keçəcək, hətta yeni “vaksin müharibələri” görəcəyik, ABŞ, Avropa, Çin, Rusiya vaksin yarışına girib, öz əhatə dairəsini məhz peyvəndləmə ilə genişləndirməyə çalışacaq. Söhbət hansı vaksinin effektli olub-olmamağından daha çox, hansı ölkənin hansı güc mərkəzinə loyallıq göstərməsindən gedəcək. İnsanların peyvədlənməsi fonunda əvvəl virusa münasibət, onun media təqdimatı dəyişəcək, sonra ümumiyyətlə, pandemiya ləğv olunacaq.

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli 2021-ci ildən gözləntiləri haqda qeyd edib.

ABŞ siyasətindən danışan ekspert bildirib ki, Cozef Bayden and içib işə başlayandan sonra Amerikada yeni gündəm formalaşmağa başlayacaq:

“Demokratların hakimiyyətə dönməsi həm də bir məsələyə görə önəmli idi ki, dünyada əzəli dəyərlərin yenidən gündəm olmasına, “yaşıl iqtisadiyyat”, ekologiya məsələsinin önə çıxmasına səbəb olacaq. Amma çox güman, bütün məsələlərdə Baydendən daha çox önə Kamala Harris çıxacaq və çox böyük ehtimal 4 illik Demokratlar hakimiyyətini məhz o xanım prezident kimi tamamlayacaq. Köhnə-yeni komanda AB, Çin, Rusiya və İran ilə yeni münasibətlər təsis etməyə çalışacaq. İranla daha asan anlaşmaya gedəcəklərsə də, Çin ilə asan olmayacaq, çox güman, yeni prinsiplər üzrə anlaşma lazım gələcək. Rusiyaya qarşı isə münasibət sərtləşəcək və burada Çinin alacağı mövqe rəsmi Pekinə münasibətlərin formalaşmasında önəmli rol oynayacaq”.

Ekspert fikirləşir ki, Breksitdən sonra AB siyasəti dəyişməyə məcburdur: “Əgər Breksit Britaniya üçün daha uğurlu və dvidentli olacaqsa, bu, pis örnək, presedent yarada, bəzi AB ölkələrində yenidən mərkəzdənqaçma addımlarını sürətləndirə bilər. Buna görə də AB daha cəlbedici və böhranlara adekvat, tez və doğru reaksiya verən mərkəzə çevrilməlidir. Ümumiyyətlə, AB gələcəkdə iki “liqaya”, yüksək və birinci “divizion” ölkələrinə bölünə bilər. Çünki inkişaf və dəyərlər AB ərazisində belə çox fərqlidir deyə, birgə qərarların alınıb, dərhal uyğulanması prosedur çətinliklərindən başqa, inkişaf səviyyəsindən də asılıdır”.

N.Cəfərli qeyd edib ki, Breksitdən sonra “üzərində günəş batmayan” İmperiya daha rahat və çevik qərarlar almağa başlayacaq:

“Yeni ittifaq quruculuqlarının təşəbbüskarına, ayrıca müstəqil oyunçuya çevrilə bilər. Britaniyanın yeni maraqlı “dördbucağın” – Britaniya, Türkiyə, Ukrayna və Azərbaycan formatının moderatoru olması mümkündür ki, bu da “dördbucaq” ölkələri üçün həm yeni fürsətlər, həm də yeni çağırışlar yarada bilər”.

Ekspertin sözlərinə görə, şimal qonşumuzun son 5 ildə aqressiv xarici siyasətinin təməl səbəbi daxili sistem problemləri, əhalinin diqqətini daxildəki problemlərdən xaricə yönəltməkdir:

“Dünyanın ərazi olaraq ən böyük, resurs olaraq ən zəngin ölkəsi hələ də Böyük Dövlət, İmperiya olmağı ərazi genişliyi ilə ölçür, öz gücünü aqressiv böyümədə görür. Amma bu yolun dalan olduğu da görünür deyə, Kreml “yumşaq güc” elementlərini daha da artıraraq yaxın çevrəsində olan ölkələrə təzyiq kimi tək “zopa”dan yox, həm də siyasi-ictimai proseslərdə müxtəlif alətlərdən istifadə edəcəyi aşkar görünür”.

Türkiyənin iqtisadi və hüquqi problemlərinin həddən artıq çoxaldığını deyən ekspert Ərdoğanın 2021-ci ili hüquqi və iqtisadi islahatlar ili elan etdiyini vurğulayıb:

“Bu çox yaxşıdı, məncə, bizə – Azərbaycana da bunun pozitiv təsirləri olacaq. Ümumiyyətlə, elə bir vəziyyət yaranıb ki, Türkiyənin məmləkətimizə təsir imkanı və resuraları artıb – bunun pozitiv tərəflərindən istifadə etməli, neqativ tərəflərini isə neytrallaşdırmağı bacarmalıyıq. Amma görünən odur ki, qardaş ölkədə “Postərdoğan” dönəminə də ciddi hazırlıqlar gedir – yeni partiyalar və güc mərkəzləri formalaşır. Məncə, əsas məqam isimlər üzərindən deyil, sistem üzərindən seçimə yönələcək, görünən odur ki, yenidən güclü parlamentar sistemə keçid istəyən qüvvələrin koalisiyası yaranacaq və sonda məhz bu istiqamət qalib gələcək”.

N.Cəfərlinin sözlərinə görə, cənub qonşumuzda iqtisadi və sosial problemlər, sistem problemləri xeyli artıb – İran ciddi açılıma “hamilədir”:

“Tramp komandasının 4 illik sərt sanksiya rejimi effekt vermədi – tam tərsi, İranın Rusiya və Çinlə yaxınlaşmasına səbəb oldu. Çox güman, Bayden administrasiyası 2021-ci ildə yeni, qəbuledilən şərtlərlə “6-lıq” sazişinə geri dönüb İranla yeni münasibətlər qurmağa çalışacaq. İsraildə 23 mart 2021-ci ildə baş tutacaq yeni seçkilərdən sonra bu iş daha sürətlə gedəcək. İranın açılması bölgəmiz üçün yeni iqtisadi fürsətlər yaradacaq ki, Azərbaycan burada önəmli “qapı” rolunu oynaya bilər”.

N.Cəfərli vurğulayıb ki, 2020-ci il məmləkətimiz üçün həm çox ağır, həm də çox düşərli və inanılmaz il oldu:

“Şəhid və qazilərimizin qəhrəmanlığı bizə möhtəşəm hərbi qələbə bəxş etdi – Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə acil şəfalar diləyirəm. Hərbi qələbənin siyasi, diplomatik, iqtisadi, sosial üstünlüyə, böyük uğura çevrilməsi üçün 2021-ci il çox mühim il olacaq. Doğru təməllər atılmalı, düzgün qərarlar verilməlidir”.

Ekspertin fikrincə, Prezident özünü iqtisadi-sosial problemlərən ayırmalı, bu sahələr gücləndirilmiş parlamentar sistem çərçivəsində məhz gələcək parlamentdən çıxacaq hökumətə həvalə edilməlidir:

“Prezident xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu quruculuğu işini öz üzərinə və birbaşa idarəetməsinə götürməklə yeni qaydalarla yaradılacaq hökumətə iqtisadi-sosial məsələlərin həllində sərbəstlik verməlidir ki, hökumətdə məsuliyyət də yaransın – çünki səlahiyyət həm də məsuliyyət deməkdir. Vitse-prezidentlik institutuna da yenidən baxılmalıdır. Birinci vitse-prezidentlik Ana yasada qala bilər, amma bir neçə vitse-prezidentlik yaradılması müddəası Konstitutsiyadan çıxarılmalıdır. Təbii ki, yerli özünüidarə institutu da yenidən təsis edilib seçkili mer institutu yaradılmalı, bu addım elə Qarabağın hələ tam bizim nəzarətimizdə olmayan bölgələri ilə bağlı status məsələsini də həll etməlidir. Yəni, ölkənin tamamında eyni qaydalar ilə vətəndaşlar yerli seçkilərdə özlərinə mer və təmsilçilər seçməlidirlər. Hüquq-mühafizə və məhkəmə sistemi də yeni qaydalarla dizayn edilib biznesə, iqtisadiyyata ağır bağ, yük olmadan çxmalıdır”. /Axar.az/

Oxunub: 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR