dini radikalizm və ekstremizmlə mübarizə

ARTIQ ALİ MƏKTƏBLƏR AÇILMALIDIR

Baxış Sayı:121


Ali məktəblər elə bir isti ocaqdır ki, onu sönməyə qoymaq olmaz, şöləsinin azalmasına imkan vermək olmaz. Çünki, o müqəddəs ocaq bir elm mənbəyi, gələcəyin özülüdür. Ancaq çox böyük bir təəssüf hissi ilə bildirmək istəyirəm ki, mart ayının 3-dən bu günə qədər sevimli Ali məktəblərimizindən, dərslərimizdən, xətrini öz doğmamız kimi istədiyimiz müəllimlərimizdən uzaq düşdük. Bu, gənc bir tələbə üçün mənəvi əzabdan başqa bir şey ola bilməz. Başa düşürük və anlayış ilə qarşılayırıq ki, dövlətimiz vətəndaşların qayğısına qalaraq bu cür sanitar-epidemioloji addımlar atmaq məcburiyyətində qaldı. Amma neçə aydır ki, yad-yabancı təhsil ənənəsi ilə yaşamaq, yəni ki, onlayn-distant üsul vasitəsilə dərslərdə iştirak etmək tələbələri elmdən soyudur, uzaqlaşdırır. Bunu artıq yekunlaşdırmaq, ənənəvi dərs qaydasını bərpa etmək və tələbələrin əvvəlki kimi öz Ali məktəblərinə rahat-rahat gəlib-gedərək dərslərində əyani şəkildə iştirak etmələrinə şərait yaratmaq lazımdır. Çünki, nə qədər əzab-əziyyət çəkdiyimizi bir Allah, bir də ki, biz özümüz bilirik. Demək olar, artıq altıncı aydır ki, Universitet üzünə həsrətik. Tələbə öz müəllimi ilə üz-üzə olmalı, ondan daha yaxın məsafədən faydalanmalıdır. Komputer və telefon vasitəsilə dərs keçirilməz, bunun nə qədər səmərəsiz, faydasız və keyfiyyətsiz olduğunu hamımız bilirik. Ekranın şüalanması nəticəsində tələbələrin gözləri zəifləyir, başqa ciddi fəsadlar verir. Cavan orqanizm bu cür şüa zəhərinə tab gətirə bilməz. Hələ adicə yaşlı adamlardan götürsək, görərik ki, elə onlar özləri də komputer qarşısında oturarkən, səhhətlərindən şikayət edirlər, o ki qaldı gənc adam ola... Hər birimizin tələbə olaraq Ali məktəblər üçün burnumuzun ucu göynəyir, auditoriya və müəllimlərimiz üçün çox darıxmışıq. Yenidən Universitetimizin dəhlizlərində, həyətində rahat-rahat addımlamaq istəyirik. Möhtərəm cənab prezidentimizdən də artıq dərəcədə xahiş və rica edirik ki, gənclərin bu ürək arzusuna həmişəki kimi diqqət yetirsin və Ali məktəblərin qapılarının yenidən üzümüzə açılmasına izn versin. Heç şəkk-şübhəsiz ki, bu, bizi olduqca sevindirər, fərəhləndirər və qəlbimizi şad edər. Biz cənab prezidentin nəzakətli davranışlarını hər zaman təqdirəlayiq bir şəkildə qarşılamışıq və onun bu dəfə də eyni humanist addımı atacağına dərindən ümid bəsləyirik. Sözün həqiqi mənasında, Ali məktəblərin, əyani mühazirə və seminarların, müdrik müəllimlərimizin üz-üzə etdiyi hikmətli söhbətlərin yerini heç nə və heç bir şey verə bilməz. Ali məktəblər mütləq açılmalıdır!

Ərtoğrul Aypar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR