dini radikalizm və ekstremizmlə mübarizə

Minlərlə ailə təhlükəli zonada yaşayır, say günbəgün artır

Minlərlə ailə təhlükəli zonada yaşayır, say günbəgün artır

Hazırda paytaxt Bakının əsas problemlərindən biri də qanunsuz tikililərlə bağlıdır. Xüsusilə neft mədənlərinin ərazisində, boru kəmərlərinin mühafizə zonasında tikilən evlər həm əhalinin sağlamlığı, həm də neft sənayesinə yaratdığı maneələr baxımından ciddi narahatlıq doğurur. Hazırda bu cür təhlükəli ərazilərdə minlərlə ailə yaşayır və təəssüf ki, bu say günbəgün artmaqdadır. Buna səbəb isə neft sənayesinə aid torpaqlarda hələ də onlarla hasara alınmış boş torpaq sahələrinin qalmasıdır. Bu cür torpaq sahələri əsasən maklerliklə məşğul olan bəzi işbazlar tərəfindən zəbt olunub və onlar imkan düşdükcə bu ərazilərdə gizli şəkildə gecəqondular tikərək əhaliyə satırlar. Təəssüf ki, bu işdə onlara bələdiyyə, icra hakimiyyəti oqranlarında çalışan bəzi məmurlar öz səlahiyyətlərindən sui-istifadə edərək nələrinsə müqabilində köməklik göstərirlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, hazırda Abşeron yarımadasındakı neft mədələrinin və boru xətlərinin ətrafında 200-ə yaxın qanunsuz şəkildə zəbt olunub hasara alınmış, yaşayış olmayan boş torpaq sahəsi mövcuddur. Bu cür hasara alınmış torpaq sahələri Masazır, Badamdar, Bibiheybət, Saray, Mehdiabad, Ramana, Biləcəri, Qala, Buzovna qəsəbələrinin, Bayıl – 20-ci yaşayış sahəsinin ərazisində daha çoxdur. Bəzi sahələrdə hətta boru kəmərləri, neft quyuları hasarların içində qalıb. Təbii ki, bu cür hallar neft sənayesi işçilərinin normal fəaliyyətinə ciddi maneə törədir. Bu baxımdan 700 mm-lik Böyükşor-Sumqayıt neft kəmərinin Saray qəsəbəsindən keçən hissəsində vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin burada yüksək təzyiqli boru xəttinin üzərində tikilən 30-a yaxın yaşayış evi mövcuddur. Yeraltı boru xəttinin 25, 26, 27-ci km-də isə kəmər hasara alınmış torpaq sahəsinin ortasından keçir.


Böyükşor-Sumqayıt neft kəmərinin 27,5-ci km., Saray qəsəbəsi


Böyükşor-Sumqayıt neft kəmərinin 25.6-cı km., Saray qəsəbəsi


Böyükşor-Sumqayıt neft kəmərinin 26-cı km., Saray qəsəbəsi


Təqdim etdiyimiz bu fotolarda isə Mehdiabad qəsəbəsinin ərazisində zəbt olunmuş hektarlarla neft sənayesinə aid torpaqlar əks olunub. Dizel, kerosin, nafta, quru qaz xətlərinin bir neçə metrliyində hasara alınan torpaq sahələrində yaşayış evlərinin tikilməsi planlaşdırılır. Lakin mühafizəçilər mümkün qədər bu cür qanunsuz məskunlaşmanın qarşısını almağa çalışır.



Qeyd edək ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xətləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Oxunub: 488
Oxşar xəbərlər
SON XƏBƏRLƏR